Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Azərbaycanın qəhrəman övladlarının, Xocalı soyqırımı və Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada çıxış edən BBMM-nin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Holoksot soyqırımı insanlığın yaşadığı ən utancverici faciələrdən biridir. O, Holokostun insanlığa, bəşəriyyətə qarşı törədilən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayıb.
Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı da soyqırımı törədildiyini xatırladan icraçı direktor deyib ki, biz nə Holokostu, nə də Xocalını unutmayacağıq. İslamofobiyanın, antisemitizmin bəzi Avropa ölkələrində geniş yayılmasının təəssüf doğurduğunu dilə gətirən Rəvan Həsənov din və azadlıq amillərinin siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirib.
O, ölkəmizdə yəhudilərin sərbəst və müstəqil şəkildə yaşadıqlarını deyib. Bildirib ki, ölkəmizdə yaşayan yəhudilər Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarından keçiblər.
İsrailin ölkəmizdəki səfiri Corc Dik vurğulayıb ki, bu gün tədbir iştirakçıları Holokost soyqırımı nəticəsində həlak olan yəhudiləri və nasist zülmünün bütün qurbanlarını xatırlamaq üçün toplaşıblar.
O, həmçinin İkinci Dünya müharibəsində həyatını itirən 300 mindən çox azərbaycanlının xatirəsini də ehtiramla yad etdiklərini bildirib.
"Biz Misirdən, İordaniyadan, Birləşmiş Ərəb Əmirliklərindən, Bəhreyndən, Mərakeşdən və ən önəmlisi Azərbaycandan nümunə götürərək, daha çox xalqın sülhü seçdiyi gələcək üçün dua edirik. Azərbaycan regionda bütün dinlərə mənsub insanların harmoniya və azadlıq şəraitində necə birlikdə yaşaya biləcəyini göstərən mayakdır. İsrail xalqı adından Azərbaycana təşəkkür edirəm",- deyə C.Dik əlavə edib.
Tədbirdə digər çıxış edənlər də soyqırımların, qətliamların insanlığa zidd hərəkətlər olduğunu, bunun nə din, nə də hüquq çərçivəsinə sığmadığını diqqətə çatdırıblar. Vurğulanıb ki, insanların hər hansı dinə mənsubluğu onun ölümünə səbəb olmamalıdır.
Təəssüflə diqqətə çatdırılıb ki, liberal dəyərləri qorumağı hədəfləyən bəzi ölkələrdə hələ də antisemitizm halları müşahidə edilir.
Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş qətnaməyə əsasən, hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir. Holokost zamanı 6 milyondan çox yəhudi qırğına məruz qalıb ki, onlardan 1,5 milyonu uşaqlardır.
Tədbirdə universitet müəllimləri, Azərbaycanda fəaliyyət göstərən milli və dini icmaların rəhbərləri iştirak ediblər.