Bir neçə ay əvvəl 105 yaşı tamam olan qəzetimizin redaksiyasında çoxsaylı tanınmış jurnalistlər, ünlü qələm sahibləri çalışıblar. Onların bir çoxu indi də qələmi yerə qoymadan günün aktual məsələləri, ictimai-siyasi, sosial-mədəni mövzularda örnək yazıları ilə gənclərə yol göstərirlər.
Belə qələm sahiblərindən biri də 80 yaşlı Əməkdar jurnalist Oqtay Bayramovdur.
Təqaüddə olsa da, doğma qəzetlə əlaqəni üzməyən, əsasən, ölkəmizin idman tarixindən, bu sahədə qazanılan nailiyyətlərdən maraqlı yazıları ilə oxucuları sevindirən Oqtay Bayramovun və redaksiyamızın ictimai-siyasi şöbəsinin 60 yaşlı müdiri İmran Bədirxanovun yubileylərinə həsr olunan toplantıda hər ikisinin Azərbaycan mətbuatının inkişafında rolu, peşəkar jurnalist keyfiyyətləri ətraflı sərf-nəzər edildi.
Qəzetin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid çıxışlarında hər iki yubilyarın fərqli yaradıcılıq maneraları, mövzulara özəl yanaşma tərzləri barədə fikirlərini bölüşdülər.
Qeyd olundu ki, Oqtay müəllim 1968-ci ildə Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun ispan dili şöbəsini bitirib. Bir müddət tərcüməçi işləyib. Sonra Bakıda çıxan populyar “İdman” (“Sport”) qəzetində müxtəlif vəzifələrdə çalışıb: redaktor müavini və 1-ci müavin olub. Yuqoslaviya, Çexoslovakiya, Macarıstan və Meksikada basketbol, həndbol, futbol üzrə Avropa və dünya çempionatlarından, Hollandiyada gənclərin Avropa Olimpiya Həftəsindən maraqlı və operativ reportajlar hazırlayab. 1995-ci ilin noyabr ayından təqaüdə çıxana qədər “Xalq qəzeti”ndə çalışıb. Azərbaycan idmanının təbliğində və inkişafında xidmətlərinə görə Əməkdar jurnalist, fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb. Həsən bəy Zərdabi mükafatçısıdır.
İstedadlı publisist, ssenarist, tərcüməçi İmran Bədirxanlı isə 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Artıq 33 ildir peşəkar jurnalistika ilə məşğuldur. Doxsanıncı illərin əvvəllərində respublikada cərəyan edən hadisələrlə bağlı “Həqiqət ardınca” silsilə məqalələrin müəllifi kimi çalışdığı “Səhər” qəzetinin “Xüsusi mükafat”ına layiq görülüb. Sonra radio və televiziyalarda redaktor və aparıcı kimi aktual məsələlərin işıqlandırılmasında fəallığı ilə seçilib. İmran Bədirxanlı professional karyerası boyu istər sıravi müxbir, istər aparıcı, istərsə də redaktor kimi daim obyektiv və vicdanlı xəbər siyasətinə, bu peşənin qaydalarına, əxlaq prinsiplərinə ciddi riayət edən jurnalistlərdəndir. Hələ 20 il əvvəl keçirilmiş “Media açarı” müsabiqəsində “Ən yaxşı reportaj” nominasiyası üzrə qalib gəlib. O, İctimai Televiziyanın kinodublyaj departamentinin böyük redaktoru kimi də məhsuldar fəaliyyər göstərib. Artıq 3 ildir ki, “Xalq qəzeti”nin ən məsuliyyətli sahəsi olan siyasət şöbəsinə rəhbərlik edir.
Mərasimdə ürək sözlərini söyləyən həmkarları Oqtay Bayramovun və İmran Bədirxanlının insan və peşəkar jurnalist kimi məziyyətlərindən söz açdılar, hər ikisinə ən xoş arzularını çatdırdılar. Sonda yubilyarlara Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olundu.
Ə.ƏLİYEV,
E.AĞALAR (foto)
XQ