Paris-2024 Yay Olimpiya Oyunlarında mükafat qazanan 7 idmançımızdan beşinin medalı keyfiyyətsiz olduğu üçün Oyunların Təşkilat Komitəsinə geri qaytarılacaq.
Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət olunacağını bildirib. O, Paris-2024-ün Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş üzrə bürünc medalçımız Maqomedxan Maqomedovdan başqa, digər 5 idmançının da medallarının geri qaytarılacağını deyib.
Bildirilib ki, cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyevlə yanaşı, olimpiadanın gümüş medalçıları taekvondoçu Qaşim Maqomedov, boksçu Alfonso Dominqes və bürünc medalçılar – yunan-Roma güləşçisi Həsrət Cəfərov, sərbəst güləşçi Giorgi Meşvildişvilinin medalları keyfiyyətini itirib. Məsələ ilə bağlı prosesə başlanıldığını deyən Murad Fərzəliyev hər bir idmançının yeni medalla təmin olunması üçün çalışacaqlarını qeyd edib.
Qeyd edək ki, Azərbaycan Olimpiya komandası “Paris-2024” Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanan 100-dən artıq idmançının medalları keyfiyyət səbəbindən geri qaytarılıb. Çoxsaylı şikayətlərdən sonra “Paris-2024”ün Təşkilat Komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib.
L.QURBANOVA
XQ