Vikipediya: düşməni tanıyaq, amma başa keçirməyək

post-img

Azərbaycan vikipediyası bizi heyrətləndirməkdə davam edir. Az bir vaxt əvvəl fəallarımız şəhidlərimizin, tanınmış ziyalılarımızın səhifələrinin silinməsi ilə bağlı sosial şəbəkələrdə etirazlarını bildirmişdilər.  Amma bu gün diqqətimizi daha fərqli bir məsələ çəkir.
Belə ki, vikipediyada erməni “tanınmışlarının” səhifələri, az qala, göz deşir. O tanınmışlar ki, onlar sovet dövründə Xocalıda, əsrimizin çox yaxın vaxtlarında Azərbaycan xalqının başına olmazın müsibətlərin gətiriblər. 
Vikipediyanın Azərbaycan seqmetində doğum tarixlərinə görə axtarış edəndə həmin şəxslər qarşımıza çıxır. Ermənilərlə doldurulmuş Azərbaycan vikipediyasında niyə ingilis yox, qazaxıstanlı, mozambikli yox, məhz hayların tanıtımı daha çox aparılır? Düzdür, düşməni tanımaq lazımdır, amma onu əbədiləşdirmək lazım deyil. 
Məsələn, vikipediyadakı qeydlərə əsaslansaq, 8 yanvarda doğulmuş Azərbaycan vətəndaşlarının qatilləri sayılan Badal Muradyan, Karine Ğazinyan, Riçard Giraqosyan, 9 yanvarda Suren Ayvazyan, Voroşil Qukasyan, Yuri İşxanyan, 10 yanvarda Akop Ovnatanyan və digər erməniləri ensiklopediyalaşdırmaq bizə müsbət nələr vəd edə bilər?  
Məsələ ilə bağlı ermənilər haqqında məqalələr müəllifi, Azərbaycanca vikipediyanın inzibatçılarından olan Araz Yaquboğlu ilə danışdıq. O bildirdi ki, doğum tarixləri üzrə axtarış etdikdə vikipediyada haqqında məqalə olan şəxslərin adları çıxır: 
– Əgər 5 yanvarda doğulmuşlar arasında tacikistanlı kiminsə adı çıxırsa, deməli, vikipediyada onun barəsində yazıblar. Fərz edək ki, Levon Hakobi Ter-Petrosyan haqqında Azərbaycan vikipediyasında məlumat, məqalə yoxdur. Azərbaycanlı oxucu Levon haqqında məlumat almaq istəsə ingilis, rus və ya hansısa vikipedik mənbəyə baxacaq. Siz-
cə azərbaycanlı həmin şəxs haqqında düzgün məlumat alacaqmı? Almayacaq. Lakin biz ermənilər haqqında həqiqəti yazırıq, azərbaycanlı və digər ölkə vətəndaşları doğruları, ölkəmizin başına gətirilmiş müsibətləri öyrənmiş olurlar. Mən hətta azərbaycanca vikipediyada son antiterror əməliyyatları zamanı “Xocalı soyqırımını törədənlər” kateqoriyası yaratmışam və burada 32 erməni haqqında ətraflı məlumatlar yerləşdirilib. Bunu rusca vikipediyada da etmişəm. Bu kateqoriyanı yaradanda düşündüm ki, hətta hüquq-mühafizə orqanlarına da kömək etmiş olaram. Çünki həmin ərəfədə barəsində cinayət işi açılmış ermənilər saxlanılırdı. Burada qəbahət nə var? Düşmənimizin kim olmasını, onun əsl üzünü göstərməməliyik? 
Adının çəkilməsini istəməyən digər vikipediya inzibatçısı isə dedi ki, vikipediyamızdakı məqalələrin böyük qismi Azərbaycan, onun tanınmış şəxsləri haqqındadır: “Vikipediyaçılar Azərbaycana töhfə vermək naminə çalışır. Ermənilərin sayı 7,8 və daha aşağı sıralardadır”. 
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, düşmənimizi tanımaq yaxşı haldır, ancaq ermənilərin ensiklopediyalaşmasını birmənalı qəbul edə bilmirik. 

Rizvan FİKRƏTOĞLU 
XQ

Sosial həyat