Ölkəmizdə isə virusla bağlı narahatlıq yoxdur
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya, Niderland, Yunanıstan, Belçika, İsveç və İspaniya da daxil olmaqla bəzi ölkələrdə meymunçiçəyinə yoluxma halları müəyyən edilib. Bu ilin iyun ayında Türkiyədə virusa ilk yoluxma qeydə alınıb və avqustda yoluxanların sayı 11-ə çatıb. Həmçinin avqust ayında Ermənistanda meymunçiçəyi xəstəliyinin ağırlaşdırıcı növünün geniş yayıldığı haqda informasiyalar verilib. Bildirilib ki, xəstəxanalarda çarpayı və dərman qıtlığı var. Səhiyyə nazirliyi vəziyyətlə bağlı keçirdiyi toplantıda əhaliyə tövsiyələr verib.
Bu həftənin əvvəlində isə virus Kosovoda qeydə alınıb. Kosova Milli İctimai Sağlamlıq İnstitutunun yaydığı məlumata görə, meymunçiçəyi ölkənin Afrikadan qayıdan 30 yaşlı vətəndaşında aşkar edilib. Qərbi Afrika regionundakı ölkələrdən birindən qayıdan şəxs dekabrın 24-də xəstəxanaya yerləşdirilib. Xəstə yüksək hərarətdən, titrəmədən, üz və əllərdə ləkələrdən, qaşınmadan şikayət edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ötən ayın sonunda meymunçiçəyi epidemiyasının hələ də beynəlxalq səhiyyə sistemində fövqəladə vəziyyət olaraq qaldığını açıqlamışdı.
Əhalini maarifləndirmək məqsədilə yenidən mövzuya qayıdaraq tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyevadan meymunçiçəyi virusu ilə bağlı kiçik müsahibə aldıq. Həkim öncə virusla bağlı məlumat verdi:
– Meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən, heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, göz, burun və ağızın selikli qişasından daxil ola bilər. İnsandan insana isə yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər.
Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki – Qərbi Afrika və Mərkəzi Afrika ştammları mövcuddur. İlk əlamətlər qızdırma, baş, bel, əzələ ağrıları və zəiflik kimi büruzə verir. Qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər hissələrinə yayılır. Əksər hallarda ovuclarda və ayaqlarda rast gəlinir və çox qaşıntılı olur. Həmin səpgilər yaraya çevrildiyindən bədəndə izi qalır. Ona görə də yaranın qaşınmaması və qoparılmaması məsləhətdir.
– Meymunçiçəyini görünüşcə oxşar suçiçəyi ilə eyni hesab etmək olarmı?
– Suçiçəyi və meymunçiçəyi iki fərqli xəstəlikdir. Onların törədiciləri də fərqli viruslardır. Meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, insana əsasən, heyvandan keçir. Suçiçəyi əsasən, hava-damcı yolu ilə yayılır, meymunçiçəyi isə insandan insana yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Meymunçiçəyi xəstəliyinin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Suçiçəyi ilə müqayisədə meymunçiçəyi xəstəliyi zamanı səpgilər daha dərin və iri həcmli olur.
– Xəstəliyin gedişi, ağırlaşması, müalicəsi haqda məlumat verərdiniz.
– Xəstəliyin inkubasiya dövrü 5–21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2–4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qabıq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.
İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir.
Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu istiqamətdə ÜST-nın tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur.
Ümumiyyətlə, meymunçiçəyi virusunun daha çox kiçik yaşlı uşaqlar arasında yayıldığı və ağır keçdiyi güman edilir. Digər viruslardan başlıca fərqi ondadır ki, infeksiyaya yoluxmalar endemik olmayan ərazidə yaşanır, yəni Afrika qitəsində deyil, Avropa və başqa ölkələrdə yayılır. Virusla əlaqədar ölkəmizdə xüsusi tədbirlər görməyə ehtiyac yoxdur. Yalnız əhalinin maarifləndirilməsi lazımdır.
Z.HÜSEYNOVA
XQ