Dünyanın ən məşhur nəşrlərindən olan "Forbes"də Azərbaycanın üzləşdiyi mina problemi və bu sahədə görülən işlər haqqında məqalə yayımlanıb.
Yazıda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) və "Sülhün kökləri" təşkilatının, eləcə də minatəmizləmə fəaliyyəti ilə məşğul olan təşkilatların birgə fəaliyyəti, minalardan təmizlənmiş torpaqların kənd təsərrüfatına qaytarılması və üzüm bağlarının salınması təşəbbüsləri xüsusi vurğulanır. Yazıdan aydın olur ki, xanım Heidi Künün ANAMA və BAMF ilə əməkdaşlıq çərçivəsində Azərbaycana səfəri mina probleminin həllinə qlobal diqqətin artırılmasına xidmət edir.
Məqalədə deyilir: “Azərbaycan dünyada ən çox minalanmış beş ölkədən biridir: “1990-cı illərdən bəri yerləşdirilmiş 1,5 milyondan çox mina və partlamamış sursat 12 min kvadratkilometr sahəni – Azərbaycanın 13 faizini çirkləndirib. Son 30 il ərzində Azərbaycanda mina qurbanlarının ümumi sayı minlərlə ölçülür və 2020-ci ildən bəri 382 mina qurbanı qeydə alınıb. Xarici İşlər Nazirliyinin hesabatına əsasən, “minaların və digər partlamamış hərbi sursatların mövcudluğu torpaq səthini, bitki örtüyünü, suyun sızmasını və axınını ciddi şəkildə pozmuş və dəyərli kənd təsərrüfatı torpaqlarının böyük sahələrini əlçatmaz vəziyyətə gətirmişdir.”
Yazıda daha sonra qeyd edilir ki, 2024-cü ilin ortalarına qədər 145 min 700 hektardan çox ərazi təmizlənmiş, 32 min 581 piyada əleyhinə mina və 19 min 666 tank əleyhinə mina da daxil olmaqla, 122 mindən çox partlayıcı maddə zərərsizləşdirilmişdir. Buna baxmayaraq, çirklənmiş ərazilərin cəmi 13 faizdən az bir hissəsi təmizlənib ki, bu da qarşıda duran problemin miqyasını açıq şəkildə göstərir.
“Forbes” müəlifi sonda BAMF prezidenti Umud Mirzəyevə istinadla yazır: “Mina təmizləmə səyləri baha başa gəlir və inkişaf etmiş texnologiya, peşəkar işçi qüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir. Təcili investisiyalar olmadan davam edən ekoloji pozuntular artacaq və biomüxtəlifliyə, təbii ekosistemlərə, bu resurslara arxalanan icmaların dolanışığına təhlükə yaradacaq. Minatəmizləmə işlərini sürətləndirmək yalnız humanitar zərurət deyil, həm də planetimizin biosferinə daha çox ziyan vurulmasının qarşısını almaq üçün ekoloji imperativdir”.
XQ