Taekvondo ölkə idmanına uğurlar qazandırır

post-img

Başa çatmaqda olan ilin idman uğurları ölkəmizdə daha güclü idmançı nəslinin yetişdiyini bir daha sübut edir. Hazırda ayrı-ayrı növlər üzrə təşkil edilən ölkə çempionatları və birinciliklərində güclü və perspektivli idmançıların müəyyənləşdirilməsi, onların millilərə cəlb edilməsi üçün genişmiqyaslı işlər davam edir. Populyar idman növlərindən biri olan taekvondo üzrə ölkə çempionatı və birincilikləri də başlayıb.

Böyüklərdən ibarət millinin böyük məşqçisi Elnur Amanov “Xalq qəzeti”nə müsahibəsində bildirdi ki, ki, son 2 ildə ölkə çempionatı və birincilikləri yüksək səviyyədə təşkil edilir:

–Yeniyetmələr arasında Azərbaycan birinciliyi 3 gün davam etdi. Dünən isə gənclər mübarizəyə qoşuldular. Yarışları yaxından izləyən məşqçi kimi demək istəyirəm ki, çox güclü taekvondoçu nəsli yetişir. Ümid edirik ki, onlar Dünya və Avropa çempionatlarında, eləcə də növbəti Olimpiya Oyunlarında, yüksək mükafatlar qazanacaqlar. Təqdirəlayiq haldır ki, mükafatçılar sırasında bölgə təmsilçiləri çoxluq təşkil edir. Gəncə, Tovuz, Masallı, Quba, Ağcabədidən olan idmançılar çox gözəl çıxış etdilər. Bu da kütləviliyin təmin edilməsi ilə bağlı işlərin düzgün istiqamətdə getdiyini göstərir.

Ümumilikdə, Azərbaycan çempionatları və birinciliklərində 78 klub və cəmiyyətdən 1000-ə yaxın idmançı gücünü sınayacaq. Bu yarışlarda hər kəsə bacarığından maksimum istifadə etmək üçün imkan yaradılıb. Gələcəkdə qələbələrimizin davamlı olmasını istəyiriksə, yeniyetmə və gənclərimizə xüsusi diqqət ayırmalıyıq.

E.Amanov qızların son illər taekvondoya böyük marağından da danışdı:

– Böyüklərdən fərqli olaraq, həm yeniyetmə, həm də gənclərdən ibarət komandalarımızda qız taekvondoçularımızın sayı kifayət qədərdir. Yuxarı çəkilərdə rəqabət bir az zəif olsa da, aşağı çəki dərəcələrində mükafatlar uğrunda gərgin mübarizə gedir. Ümid edirik ki, yaxın illərdə dünyanın ən nüfuzlu taekvondo yarışlarında mükafatçılar sırasında qızlarımızı da görə biləcəyik.

Məşqçi 2025-ci ildə komandamızı nüfuzlu yarışların gözlədiyini bildirdi. O qeyd etdi ki, çempionat və birinciliklərin nəticələrinə görə, yığma komandanın heyəti müəyyənləşəcək:

– Növbəti ildə böyüklər, gənclər və yeniyetmələr arasında Dünya və Avropa çempionatlarında yüksək nəticələr qazanmağa ümid edirik. Bu il Paris Olimpiadasında 1 idmançımız iştirak edirdi və gümüş medal qazandı. Növbəti Olimpiya Oyunlarında daha yüksək səviyyədə iştirak etmək üçün indidən hazırlığa başlamalıyıq.

Qeyd edək ki, taekvondo üzrə böyüklərin mübarizəsinə dekabrın 30-da start veriləcək.

L.AZAD
XQ



İdman