... Nişanə atasının ölümündən 3 ay sonra dünyaya gəlib. 1 yaşlı oğul atası Elman Babayev müharibəyə yollananda ikinci övladının qız olacağını bilirmiş. Evdən çıxıb bir neçə addım atıbmış ki, birdən nəsə düşünüb geri qayıdıbmış. Ayaqüstü anasının üzündən öpüb qulağına bir kəlmə söz pıçıldayıbmış: “Əgər qayıtmasam, şəhid olsam, qızımın adını sən qoyarsan”.
Lalə xanım indi o əhvalat barədə yana-yana danışır: “Oğlumun bu sözü ürəyimə ox kimi batdı. Özümü saxlaya bilmədim. Nə eləyə bilərdim... Əlacım ağlamağa çatdı. Qohum-əqrəba, dost-tanış nə qədər soruşsa da ki, Elman qayıdıb sənə axı nə dedi – dinə bilmədim... Ürəyim para-para olmuşdu. Özümə gələ bilmirdim. Düşünürdüm, bu söz onun ağlına hardan gəldi? Bax beləcə, aradan 4 gün keçmiş balamın qara xəbərini aldım”.
26 yaşlı Elman Babayev oktyabr ayının 1-də Suqovuşanda qəhrəmanlıqla şəhid olub. Oktyabrın 3-də doğma ocağa üçrəngli bayrağa bürünmüş tabutda “qayıdıb”. Vətən qurbanını Oğuz şəhərinin Şəhidlər xiyabanında dəfn ediblər. 2021-ci il yanvar ayının 7-də isə ailədə qız uşağı dünyaya göz açıb.
Lalə xanım deyir ki, ad barədə çox fikirləşdim. Düşündüm ki, elə ad qoymalıyam ki, oğlumun taleyinə uygun gəlsin, onun ruhu şad olsun. Axırda qərara gəldim ki, bu uşaq Elmanın son nişanəsi olduğuna görə ona elə Nişanə adı verək.
Hələ də uşaqlar bilmir, – deyə Lalə xanım söhbətinə əlavə edir: “Hər gün atalarını soruşurlar. Onun yolunu gözləyirlər. Cənnətdədir mənim balalarım, deyirəm. Orda hər şeyi görür, sizə nə lazımdırsa göndərir. Bilmirəm düz edirəm, yoxsa yox? Dünyanın bütün qayğılarından uzaq uşaqların ürəklərini qırmaq istəmirəm”.
Oğuz rayonunun icar hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov bu vəzifəyə yeni təyin olunub. Gənc olsa da, təcrübəlidir – əvvəllər müxtəlif vəzifələrdə işləyib. Söhbət edirik. Rayonda şəhid ailələrinə göstərilən diqqətdən danışır. Qazilərə münasibətdən söhbət açır:
– Qapımız onların üzünə həmişə açıqdır. Neçə dəfə görüş keçirmişik, həmişə də demişəm ki, istədiyiniz vaxt gəlib sözünüzü, tələbinizi deyə bilərsiniz.
Yeni il ərəfəsində Oğuz Rayon İcra Hakimiyyəti maraqlı bir layihə gerçəkləşdirib. İcra başçısının təklifi ilə bir qutu hazırlanıb. Aparat işçiləri həmin qutu ilə şəhid ailələrinin evlərinə gediblər. Onların övladları ilə görüşüblər. Rəhbərliyin təmsilçiləri ataları qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalmış balalardan soruşublar: “Yeni ildə Şaxta babadan nə hədiyyə almaq istəyirsiniz?” Uşaqlar da istəklərini yazaraq qutuya atıblar.
Xalxal kəndindən Vüsal İsmayılovun övladları planşet, mobil telefon və qol saatı istəyiblər. 26 yaşlı şəhid Şahin Cəfərovun ölümündən 2 ay sonra dünyaya gələn qızı Jasmin isə “böyük barbi” gəlinciyi arzusunda olub. Şəhid Şəməddin Əmrahovun qızı Hülya qulaqcıq, oğlu Şamil pultlu təyyarə, Anar Əliyevin oğlu Məhəmməd qatar, Rasim Mustafayevin oğlu Ayxan Kamaz, Fərid Zaməddinovun qızları Nəzrin bir qutu şokolad, Nərmin isə gəlincik istədiyini yazıb, qutuya atıblar.
İcra hakimiyyətinin başçısı bu məlumatın sonunda, deyəsən, verəcəyim sualı gözləmirdi: “Bəs Elmanın qızı Nişanə nə istəyib?”
Bu sual rayon rəhbərini kövrəltdi. Özünü toparlayıb bircə kəlimə ilə cavab verdi: “Atasının şəklini”...
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Oğuz rayonu