Türkiyənin mərkəzi vilayəti Konyada 1077–1308-ci illərdə Anadoluda hökmranlıq etmiş Səlcuqlu sultanlarının canlıya bənzəyən silikon heykəllərindən ibarət sərgi nümayiş etdirilir. DNT və anatomik analiz yolu ilə ərsəyə gələn bu heykəllər ziyarətçilərə türk hökmdarlarının necə göründükləri haqqında məlumat verir.
Aparılan elmi araşdırmada Səlcuqlu hökmdarları haqqında məlumatlar - dəri, göz və saç rəngləri, ölüm səbəbləri və s. yer alır. Bu tapıntılardan sultanların xarici görünüşünü canlandırmaq üçün istifadə edilib. Həm yerli, həm də xarici ziyarətçilərin böyük marağına səbəb olan sərgidə Səlcuqlu dövrünün zəngin memarlıq nümunələrini əks etdirən əzəmətli darvazaların qarşısında dayanan sultanlar nümayiş etdirilir. Heykəllər arasında Sultan I Kılıç Arslan, Sultan I Rüknəddin Məsud, Sultan II Kılıç Arslan və Sultan II Rüknəddin Süleyman Şah və başqalarının təsvirləri var.
Dar-ül Mülk Sərgi Sarayının bələdçisi Hülya Acar Anadolu Agentliyinə sərgi barədə məlumat verərək, deyib:
– Sərgi il yarımdır ki, fəaliyyət göstərir. Bu illər ərzində 163 mindən çox ziyarətçi gəlib. 1500-dən çoxu əcnəbi qonaqlardır. Əlaəddin təpəsində yerləşən sultanların məqbərəsində Səlcuq hökmdarlarının həqiqi görünüşlərini əks etdirən heykəllər var. Burada sərgilənən heykəllər onlarla 90 faiz uyğunluq təşkil etdiyinə görə, məqbərəni ziyarət edən turistləri daha çox heyrətləndirir.
Qeyd edək ki, sultanların məzarından çıxarılan qalıqlar Necmettin Erbakan Universitetinin Tibb Fakültəsində tomoqrafiya vasitəsilə skan edilib. Kəllə sümüyü və dişlərdən götürülmüş nümunələr DNT və anatomik məlumatlar üçün analiz edilib. Bu tapıntılar əsasında sultanların kəllələri və üzləri yenidən qurulub. Bu elmi araşdırmaların nəticələrindən istifadə edərək 3D formasında kəllə nüsxələri yaradılmışdır. Toxumaların qalınlığı hesablanmış və anatomik detallar əsasında üz əzələləri yerləşdirilmişdir. Daha sonra heykəllər saç, saqqal və bığlarla tamamlanmışdır. Tarixi geyimlər isə qədim mənbələrdən əldə edilən məlumatlar, miniatür rəsmlər və muzeylərin tekstil kolleksiyalarına daxil olan parçalardan istifadə edilərək işlənib hazırlanmışdır.
Fidan SALMANOVA
XQ