Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon şöbəsi ilə birgə təşkil olunan bayram şənliyi uzun müddət şəhid və qazi övladlarının, xüsusi qayğıya ehtiyacı olanların, eləcə də ev şəraitində təhsil alan uşaqların uzun müddət xatirələrindən silinməyəcəkdir.
Böyük marağa səbəb olan tədbirdərayon icra hakimiyyətinin başçısı Seymur Orucov, millət vəkilləri Ülviyyə Ağayeva və Azər Əmiraslanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri Elşad Novruzov çıxış edərək uşaqları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib, onlara dövlətimiz tərəfindən göstərilən xüsusi diqqət və qayğıdan, Vətənə layiqli övlad kimi qayğısız böyümələri, hərtərəfli inkişaflarının təmin edilməsi istiqamətində görülən işlərdən danışıblar.
Qeyd olunub ki, uşaqların hərtərəfli inkişafının təmin olunmasına yönəldilmiş dövlət uşaq siyasətinin əsası hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müasir müstəqil Azərbaycanın qurucusu, əbədiyaşar lider Heydər Əliyevin adı ilə bağlıdır. Vətən və xalq üçün gərəkli vətəndaş kimi yetişmələrini hər zaman diqqətdə saxlayan Ümummilli Lider uşaqların ən böyük himayədarı, sevimlisi olub. Ulu Öndərin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə inamla və ardıcıl davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması ilə bağlı vacib proqramlar və layihələr reallaşdırılır.
Bakı Bələdiyyə Teatrının nümayiş etdirdiyi “Qış nağılı” tamaşası, Şaxta baba və Qar qız, eyni zamanda, digər nağıl qəhrəmanları personajlarının iştirakı ilə keçirilən müxtəlif əyləncəli proqramlar uşaqların böyük sevincinə səbəb olub.
Şənliklərdə iştirak edən 800 nəfər uşağın hər birinə bayram hədiyyələri təqdim olunub.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Ağstafa.