“Böyük manipulyator”

post-img

Mark ENDEVELD

(əvvəli https://xalqqazeti.az/az/siyaset/207967-boyuk-manipulyator)

Ancaq bu biznes uğurları Əlcəzairdəki siyasi vəziyyətlə ziddiyyət təşkil edir. Əbdüləziz Buteflikanın səhhətinin ağırlaşması, onun 2019-cu ildə beşinci dəfə prezident olub-olmayacağının qaranlıq qalması namizəd Makronun Əlcəzairə səfərini bir az dolaşdırır. Çünki bu saat Əlcəzair hakimiyyəti bir neçə klana bölünüb və bu klanlar bir-birini didirlər. Daha dəqiq desək, hazırda hakimiyyətdə olan ərəblərlə ölkənin iqtisadiyyatını əllərində saxlayan kabillər arasında müharibə gedir. Digər tərəfdən, prezidentin qardaşı Səidin başçılıq etdiyi Buteflika klanı nəyin bahasına olursa olsun, hakimiyyətdə qalmaq istəyir. Bəlkə də, elə buna görə Makron prezident olandan sonra Buteflikanın klanı ilə ünsiyyəti azaltdı. Bəzi həmsöhbətlərimizə inansaq, bu ünsiyyətin azalması Əlcəzairdə hamının zövqünü oxşamır. “Yaddan çıxarmaq lazım deyil ki, Djurini səfirlikdə əlcəzairlilər Makronun əlinə verdilər”, – deyə onlardan biri replika atır.

Yaxşı, bəs Makron əkdiyini biçmir? Seçki kampaniyası dövründə, hələ prezidentliyə namizəd olanda Əlcəzairə səfəri zamanı hamının xoşuna gəlməyə çalışanda, bəyəm gələcək dövlət başçısı odla oynamırdımı? Biz gördük ki, namizəd Makron necə həvəslə FCE (Əlcəzair Biznes Liderlərinin Forumu Təşkilatı) rəhbərliyi ilə görüşdü. Özü də o, çox yaxşı bilirdi ki, FCE Əlcəzairdə müasirliyin simvolu deyil... onu nə Əlcəzairin hökumət orqanlarında baş verən qohumbazlıq, yerlibazlıq, nə də korrupsiya narahat elədi. “Yeni siyasi dünya” yaratmaq istəyində olan namizəd Makron, Aleksandr Djurinin yaxın dostu Əli Haddad başda olmaqla bütün şübhəli adamlarla görüşdü.

Həmin gün, həmin səhər, həmin hoteldə, bir az əvvəl Emmanuel Makron başqa bir səhər yeməyində də iştirak edir. Kiçik, məxfi bir görüş. Masanın ətrafında Əli Haddad və Fransua Tuazi. Fotoqraflardan və kameralardan uzaq olan bu görüşü Aleksandr Djuri təşkil etmişdi. Üç fərqli şahidin dediyinə görə, əlcəzairli biznesmen Aleksandr Djuri həmin gün, həmin hoteldə Fransanın gələcək prezidenti ilə görüşüb. Ancaq 2019-cu ilin fevral ayında ona bu sualı verəndə, Aleksandr Djuri seçki kampaniyası zamanı namizəd Emmanuel Makronla görüşməyini boynuna almadı. Bizim sualımıza “heç vaxt” deyə cavab verdi. Sonra da əlavə etdi ki, “mən Tuazini-filanı tanımıram. Kim kimi manipulyasiya edir?” Bir neçə gün əvvəl Aleksandr Djuri İngiltərə məhkəməsinin onu Fransaya transfer etmək qərarından sonra “France3” telekanalında çıxış etdi. Axırda da bəyan etdi ki, “bu mənim son müsahibəm deyil. Mən saat 20-də canlı yayıma çıxacağam […]. Həqiqət Hərəkətdədir...” (!) Daha sonra Fransa səfirliyindəki o axşamkı qəbulda iştirakına görə Əlcəzairdən “qovulmasından” təəssüfləndiyini bildirdi. Doğrudanmı bu adam Makron prezidentliyə namizəd olanda, onunla görüşmüşdü? “Köhnə ənənələrlə” davam edən siyasəti tənqid edən “yeni siyasi dünya” yaratmağa çalışan bir namizəd üçün belə bir şey qalmaqal olardı. Və ya bəlkə, hamının “Müsyö Aleksandr” çağırdığı bu adam gələcək prezidentlə kontakta girməyə cəhd etmişdi ki, onu bilərəkdən pis vəziyyətdə qoysun? Fransa səfirliyində keçirilən o başıbəlalı qəbuldan əvvəl, Aleksandr Djuri 2017-ci ilin noyabrında Əbu-Dabi şəhərində Makronla görüşməyə çalışmamışdımı? O vaxt, orada, Luvr muzeyinin açılışı münasibəti ilə təşkil olunan qəbulda Aleksandr Djurinin Makronla görüşməyə can atması uğursuzluqla nəticələnmişdi. “Kim kimi manipulyasiya edir?”, – deyə Djuri çox haqlı bir sual verir. Bu sualın arxasında daha həssas bir sual gizlənir...

Çox təşəbbüskar bir patron

Əslində, Əlcəzair səfərindəki bu görüş, prezidentliyə namizədin yeganə məxfi görüşü deyildi. Bir gün əvvəl, fevralın 13-ü axşamı Makron, Əlcəzairin ən böyük iş adamlarından biri, əsli Kabildən olan milyarder İssad Rebrab ilə şam edir. Bu adam ilk Əlcəzair özəl qrupu olan, 2017-ci ildə dövriyyəsi 2,7 milyard avro təşkil edən Cevital cəmiyyətinin sahibidir. Bu axşam yeməyində Fransua Tuazi də iştirak edir.

Əslinə qalsa, Makron ilə Rebrabı bir-birinə təqdim edən üçüncü bir adama ehtiyac yoxdur, çünki onlar nəinki tanışdılar, hətta bir-birlərini çox gözəl tanıyırlar. Makron yaxşı bilir ki, son vaxtlar İssad Rebrab qərara gəlib ki, Fransada, eləcə başqa ölkələrdə sərmayə qoyub, rəhbərlik elədiyi qrupu daha da inkişaf etdirsin və eyni zamanda, öz ölkəsində bir az rahat nəfəs ala bilsin. Məsələ burasındadır ki, Əlcəzairin məxfi xidmətinin sabiq rəhbəri, hamının Tufik çağırdığı general Mohamed Medienin yaxın dostu olan Rebrab, 2015-ci ildən Buteflika klanı tərəfdən hücumlara məruz qalıb. Bu klan heç bir əsas olmadan ona ölkədə çoxsaylı layihələrini həyata keçirməyə imkan vermir. Hələ bu harasıdır, Əlcəzair mətbuatında bu iqtisadi lider, bəzən hakimiyyətə qarşı “müxalifət” kimi mübarizə aparan bir şəxs kimi də təqdim edilir.

Makron və Rebrab 2012-ci ildə tanış olublar. Birinci, o vaxt Yelisey sarayında baş katibin müavini kimi həm iqtisadi, həm də sənaye layihələrini izləyirdi. Məhsuldar Bərpa naziri Arno Montburq ilə birlikdə Fransua Hollandın yaxın əməkdaşı, (Makron) daha çox təcili köməyə ehtiyacları olan sənaye şirkətləri ilə məşğul idi. O vaxtlar “Floranj” polad zavodunun sıxıntı içində olan fəhlələri haqqında mətbuat hər gün qalmaqallı məqalələr yazır, eləcə də “Brotayn” toyuq fermasının işçiləri kimi. Bu Makron üçün lap göydən düşmə bir xəbərdir, çünki əlcəzairli milyarder İssad Rebrab deyir ki, bu qalmaqallı işlərlə məşğul olmağa hazırdır. Ancaq bir neçə ay davam edən danışıqlardan sonra “Brotayn” toyuq ferması Səudiyyə qrupuna qatılmağı üstün tutur. Fransada investisiya etmək arzusunda olan milyarder İssad Rebrab bu məğlubiyyəti qəbul etmir. 2013-cü ilin iyun ayında bu iş adamı Saône-et-Loire departamentində yerləşən pəncərə istehsal edən Oxxo şirkətini alır. Daha sonra əlcəzairli milyarder Fransada bir nömrəli məişət texnikası istehsal edən, İspaniyanın Fagor firmasının filialı olan FagorBrandt qrupu ilə maraqlanır. Bu dəfə onun bəxti gətirir. 2014-cü ilin aprel ayında Nanter ticarət tribunalı FagorBrandt məişət texnikası qrupunun İssad Rebrab tərəfindən 200 milyon avroya satın alınmasını təsdiqləyir. Bu da lap yerinə düşür, çünki bu alqı-satqı qrupun 1800 fəhləsindən 1200-nü məcburi işsizlikdən xilas edir. Ancaq Əlcəzairdə hakimiyyətdə olan qüvvələr bu işdə də həmyerliləri İssad Rebraba problem yaradırlar, ona 200 milyonu birbaşa Əlcəzairdən Fransaya keçirməyə mane olurlar. Ona görə də İssad Rebrab məcbur olub bu məbləği əvvəl İsveçrəyə, oradan isə Fransaya keçirir.

O vaxtdan İssad Rebrab Fransada çox məşhurlaşır. Elə həmin il prezident Fransua Holland onu başqa iş adamları ilə birlikdə Yelisey sarayına dəvət edir. Makron İqtisadiyyat naziri keçəndə, təbii ki, Fransanı bu qədər çox sevən milyarderlə əlaqəni kəsmir. 2017-ci ildə dövlət başçısı seçilən Makron prezident kampaniyası zamanı Əlcəzairdə yenidən görüşdüyü bu adama diqqətini daha da artırır... Onu da qeyd edək ki, Makron Yelisey sarayında hər iş adamını şəxsən qəbul etmir.

2018-ci ilin noyabr ayında Fransanın şimal-şərqində yerləşən Şarlevil-Mezier şəhərində keçirilən “Birinci Dünya müharibəsinin xatirə həftəsi” zamanı dövlət başçısı fürsətdən istifadə edib gələcək Cevital zavodunun yerləşəcəyi bir binanın açılışını da edir. İssad Rebrabın iştirak etdiyi bu təntənəli mərasimdə prezident elan edir ki, 250 milyon avro sərmayə qoyulan bu zavod gələcəkdə 1000 nəfəri işlə təmin edəcək. Qəribədir, deyilmi? Necə deyərlər, heç hənanın yeridir? Birinci Dünya müharibəsi qurbanlarının anım həftəsində, zavod açılışından danışmaq nə dərəcədə təqdirəlayiqdir? 2019-cu ilin yanvarında Emmanuel Makron İssad Rebraba bir də xüsusi hörmət göstərib, onu Versal sarayında keçirilən Choose France sammitinə dəvət edir. Yüz əlli nəfər fransız və xarici iş adamının toplaşdığı bu məclisdə Rebrab bir neçə imtiyaz sahibləri ilə birlikdə prezidentlə bir stol arxasında oturur.... Diplomatik baxımdan Makronun bu hərəkəti çox təəccüb doğurur, çünki hamı bilir ki, milyarderlə indiki Əlcəzair hökuməti arasında münasibət çox soyuqdur.

 

 

Siyasət