Qax: gəlin, görün, valeh olun

post-img

Təbiətin bu səxavətini insan daha da gözəlləşdirir

Bu gün Qaxda rayon həyatının elə bir sahəsi yoxdur ki, orada müasir Azərbaycanın tərəqqi və inkişafına layiq addımlar atılmasın. Hüsnü şairləri, rəssamları cuşa gətirən, tarixi və mədəni abidələri gələnləri heyran edən, sadə, zəhmətkeş insanları bu yerlərin halallıq ünvanı olduğunu dönə-dönə sübuta yetirən bu dağlar diyarı haqqında söz açmaq təkcə vəzifə borcumuz deyil. Bir azərbaycanlı vətəndaş kimi də bu reallıqları qələmə almaq, oxuculara çatdırmaq borcumuzdur. Açığı, yazı masasının arxasına keçib çox düşündüm. Nədən, hardan başlayım? Məni qınamayın, Qax haqqında yazılmalı çox şey var.

Xeyli fikirləşəndən sonra qərara aldım ki, bu yazıya tamamilə başqa bir arqumentlə başlayım. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil edilən sakinlərlə səyyar görüşlərin Qaxda necə geniş vüsət almasından danışım. Bunun nə qədər faydalı olduğunu bilmək üçün uzağa getmək lazım deyil. Yəni hansısa problemlə üzləşmiş rayon sakininin icra hakimiyyətinə gəlməsinə ehtiyac qalmır. Çünki rayon rəhbəri özü dövri olaraq sakinlərin görüşünə gedir. Həm də tək yox, müvafiq dövlət qurumlarının rəhbərləri ilə. Həmin görüşlərdə sakinlərin qaldırdığı məsələlər elə yerindəcə həll edilir, konkret tapşırıqlar verilir.

Mən bölgə müxbiri kimi həmin görüşlərin çoxunda iştirak etmişəm. Sakinlərin rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevi necə mehribanlıqla qarşıladıqlarının şahidi olmuşam. Bu Lələli, Qıpçaq, Ağyazı, Şotavar, Sarıbaş, Aşağı Malaxda da olub, Amanlı, Qaxbaş, Əmbərçay kəndlərində də...

Həmin görüşlərlə bağlı Musa müəllimlə çox söhbətimiz olub. Bu görüşlərdən həmişə razı qaldığını dilə gətirib. Bildirib ki, onların problemlərini dinləmək, konkret iş görmək bizim borcumuzdur. Ölkə rəhbəri çıxışlarında dəfələrlə vurğulayıb ki, heç kəsin dediyi sözə, qaldırdığı problemə biz biganə qalmamalıyıq.

Son görüşümüzdə isə söhbət ölkəmizdə keçirilən, uğurla başa çatan tədbirdən danışdıq. Mən bu məqamda ölkəmizdə keçirilən COP29-un uğurla başa çatması münasibətilə həmsöhbətimi təbrik etdim. Musa müəllim xatırlatdı ki, o sessiyanın yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu da bir daha nümayiş etdirdi: “Ölkəmiz qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan geniş miqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisi idi”.

Bu məqamda xatırlatmağı özümə borc bildim ki, həmin tədbirə hazırlıq dövründə Qaxda da kifayət qədər layihələr icra olunmuşdu: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı Sərəncamına uyğun olaraq rayonda Tədbirlər Planı hazırlanmış və həmin planın icrası çərçivəsində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında ulu öndər Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans, “Gənc iqlim elçiləri” adlı konfrans, “Ekologiya və ətraf mühitin mühafizəsi”, “COP29 Azərbaycanda”, “Təbiəti qoruyaq”, “İqlim dəyişikliyi və COP29”, “Vətənini tanı”, “Dünya bizim evimizdir” və digər mövzularda maarifləndirici tədbirlər, dəyirmi masalar, seminarlar, intellektual yarışlar, rəsm sərgiləri, görüşlər keçirilib. “Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində isə rayonun müxtəlif yerlərində təmizlik aksiyaları keçirilib, ərazilər mövcud kol-kos, alaq otları və məişət tullantılarından təmizlənib. Yəni ölkənin ictimai-siyasi həyatında baş verən istənilən hadisə, fakt və ya proses Qaxda da özünəlayiq şəkildə əks-sədasını tapır”.

Qax haqqında nə yazsaq, nə danışsaq da ürəkdən söz açırıq, ürəyəyatan qəzet materialı ərsəyə gətirməyə çalışırıq. Başqa rayonlarımızın sakinləri inciməsinlər, Qaxda hamı təəssübkeşdir. Hamı öz yaşadığı məhəlləni, kəndi, nəticədə rayonu sevir və inkişaf etdirməyə, qorumağa çalışır. Ancaq yenə də xahiş edirəm başqa ziyalılar, çoxsaylı qaxlı dostlarım inciməsinlər, mən Qaxı sevməyin ən ali nümunəsini mərhum doktor Fərman Əhmədzadənin timsalında görmüşdüm. Bu adam həkim idi, ancaq Qaxın tarixini alimlərdən az bilmirdi. Saatlarla oturub söhbət edərdik. Onun həkim olmasına baxmayaraq, rayonun tarixi, mədəni, dini abidələri haqqında bildikləri, xüsusən, söylədikləri heyrətamiz idi.

Yadımdadır, bir dəfə onunla söhbət edən zaman qaxlıların təəssübkeşliyindən söhbət düşmüşdü və xahiş eləmişdi ki, mütləq rayonumuzda yaşayan başqa millətlərin də adını çəkim. Çünki onlar da Qaxı sevir və təəssübünü çəkirlər. Bu, böyük ürək sahibinin dediyi sözlərdir. Ruhu şad olsun!

Qərəz, ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” hələ başa çatmadığına görə rayonun sosial-iqtisadi göstəricilərindən əvvəl həmin istiqamətdə həyata keçirilən tədbirləri xatırlatmaq istəyirəm. Elə rayon rəhbəri də ilin doqquz ayının yekunlarına həstr olunmuş tədbirdə o məsələlər barədə geniş söz açıb. Belə ki, 2024-cü ilin yaz mövsümündə Qaxda 2736 ağac və 300 kol bitkisi əkilib. Həmçinin payız mövsümündə rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında müxtəlif növ 6350 ədəd ağac tingi əkilib.

Günün tələblərinə cavab verən faktlardan biri də odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə Qaxda 2 milli parkın, eləcə də, İlisu Dövlət Təbiət Qoruğuna milli park statusunun verilməsi ilə əlaqədar Axar-baxar dağ silsiləsində yeni milli parkın yaradılması nəzərdə tutulub. Bununla bağlı ərazilər müəyyənləşdirilib, sənədləşmə işləri davam etdirilir. ETSN və IDEA İctimai birliyinin təşəbbüsü və təşkilatçılığı ilə rayon dövlət yasaqlığının “Acınohur” çölünə müxtəlif vaxtlarda 18 baş ceyran buraxılıb.

Təbii ki, bütün bunlar həmişə qonaqlı-qaralı olan Qaxı bura gələnlər üçün bundan sonra daha da cazibədar edəcək. Ona görə də daha çox turist, səyyah və ya qonaqların gələcəyini nəzərə alaraq rayon ərazisində yolların əsaslı təmiri və abadlıq işlərinin görülməsi ilə bağlı büdcədə nəzərdə tutulan vəsait hesabına kifayət qədər iş görülüb. Şəhərin Mikayıl Müşfiq, Xəlil Rza Ulutürk, Ziya Bünyadov, Hürü Tağıyeva, Qara Qarayev, Əziz Əliyev, Həmzət bəy Əfəndiyev, Fətəli xan Xoyski, Abdulla İsrafilov, Nicat Mənəfov, İsmayıl Dağıstanlı, Nizami, Üzeyir Hacıbəyov, Molla Pənah Vaqif, Cəfər Cabbarlı, Məmmədəli Məmmədov, Mirzə Fətəli Axundov küçələrində abadlıq və quruculuq işləri aparılıb, yol və səkilər yenilənib.

Yaxşı məlumdur ki, istənilən layihənin, işin arxasında maliyyə dəstəyi dayanır. Ona görə də həmin sahədəki vəziyyətlə də tanış olmaq istədik. Rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumat qarşımızdadır. Açıq-aydın yazılıb ki, 2024-cü ilin 9 ayında rayon üzrə ümumi məhsul buraxılışı 143 milyon 513 min manat təşkil edib. Sənaye sahəsində rayon üzrə məhsul buraxılışı 14 milyon 513 min manat, kənd təsərrüfatı sahəsində 76 milyon 922 min manat, tikinti sahəsində 6 milyon 936 min manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 2 milyon 948 min manat, informasiya və rabitə sahəsində 1 milyon 842 min manat, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 40 milyon 37 min manat olub.

Təbii ki, müasir dövrdə iqtisadiyyatın inkişaf etdirilməsində özəl sektorun da rolu böyükdür. Ona görə də təkcə bu il Qaxda Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması məqsədilə 93 sahibkara 2 milyon 242 min manat güzəştli kredit verilib. Eləcə də, rayonda bitkiçilik və heyvandarlıq məhsulları istehsalının dinamik artımının təmin olunması məqsədilə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində işlər davam etdirilir.

Sahibkarlardan söhbət düşmüşkən qeyd edək ki, iqtisadiyyatının xeyli hissəsini kənd təsərrüfatı təşkil edən Qaxda yola salmaqda olduğumuz ilin məhsulu üçün 3510 hektardan çox sahədə yazlıq bitkilər, o cümlədən 527 hektarda yonca, 308 hektar sahədə tərəvəz, 201 hektar sahədə vələmir, 133 hektar sahədə bostan, 293 hektar sahədə kartof, 1453 hektar sahədə dən qarğıdalı, (həmin göstəricinin 180 hektarı Aqropark ərazisindədir) əkini aparılmışdı. Məhsuldarlıq fermer və sahibkarların arzuladığı səviyyədədir. Ən yüksək göstəricini isə baramaçılar qazanıblar. Belə ki, 193 kümçüyə verilmiş 300 qutu tut ipəkqurdu toxumundan 9 tona yaxın barama istehsal olunub. Bunun da 570 kiloqramını damazlıq barama təşkil edib.

Biz Qaxda geniş vüsət almış tikinti-quruculuq işləri, xidmət qurumlarının zamanın tələblərinə cavab verən fəaliyyəti, səhiyyə, təhsil, mədəniyyət, rabitə, gənclərlə iş sahələrində görülən işlər barədə dönə-dönə yazmışıq. Ona görə də bu gün gənclərin vətənpərvərlik tərbiyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirləri xatırlatmaq yerinə düşər. Çünki təkcə son üç ayda bu istiqamətdə iyirmiyə yaxın tədbir keçirilib. İkinci Qarabağ müharibəsinin başlandığı gün, rayon və şəhərlərimizin düşmən işğalından azad edilməsinin ildönümləri, düşmənin təslim aktına imza atmasının ildönümü, Zəfər Günü, Konstitusiya Günü, Dövlət Bayrağı Günü, Yeni Azərbaycan Partiyasının təsis edildiyi gün və bir çox başqa əlamətdar tarixlər münasibətilə keçirilən tədbirlər rayonun bütün qurumlarını əhatə edib – desəm, yanılmaram. Həmin tədbirlərin əksəriyyətində rayon rəhbərliyi də iştirak edib, biz jurnalistlər də. Daha çox üz tutulan, ziyarət edilən ünvan isə Şəhidlər xiyabanı olub.

Fikrimi həmin vətənpərvərlik tədbirlərindən biri – şəhid Asəf Ağayevin ad günü münasibətilə qələmə aldığım sətirlərlə tamamlamaq istəyirəm. Doğrudur, 1990-cı ildən bəri bütün rayonlarımız kimi, Qax da çoxsaylı şəhidlər verib. Həmin şəhidlərdən ancaq Asəfin adını çəkməyimiz də təsadüfi deyil. Çünki mən bu sətirləri qələmə aldığım gün – onun ad günü idi. Həm də Asəf 44 günlük müharibədə qəhrəmancasına döyüşüb, müharibə başa çatandan bir ay sonra Bakıda keçirilən Zəfər Paradında iştirak edib və həmin paraddan bir həftə sonra Xocavənddə minaya düşərək şəhid olub.

Bu igid oğlanı təqdim edim, siz də tanıyın. Qax şəhərində anadan olub, 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-ci ildə təhsilini bitirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılar bölməsində zabit kimi xidmətə başlayıb. Vətən müharibəsində Cəbrayılın, Xocavəndin, Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, 2020-ci il dekabrın 10-da Bakı şəhərində keçirilən “Zəfər” paradında iştirak edib, 2020-ci il dekabrın 17-də Xocavənddə minaya düşərək şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”,”Cəbrayılın azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 2020-ci il dekabrın 18-də də Qax şəhəri Şəhidlər xiyabanında dəfn olunub”.

Onun ad günündə iştirak edə bilmədim. Amma sağlıq olsun, dekabrın 17-də Qaxdakı Şəhidlər xiyabanında keçiriləcək anım gününə mütləq gedəcəm.

Biz bu yazımızda Qaxın gözəlliyindən demək olar ki, danışmadıq. Bunun da səbəbi var. Çünki buranın gözəlliyi, yaraşığı haqqında özü “danışsa” yaxşıdır. Bunun üçün bu yerlərə gəlib, qonaq olmaq lazımdır. Bu qədim diyarın hər daşı sənə tarixdən xəbər verəcək. Uzağa getməyək. Təkcə “İçəri bazar”da olsanız kifayətdir. Ayrılmaq istəməyəcəksiniz. Tikinti və yenidənqurma işlərindən sonra ölkə Prezidenti də burada olub, bu tarixi abidəyə yüksək qiymət verib. XVI əsrdən mövcud olan “İçəri bazar” qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində Qaxda həyata keçirilən böyük işlərin təcrübəsidir.

Gənc sahibkar dostum Elmir Zərifovla birlikdə “İçəri bazar”ı gəzirik. Mənə buranın tarixindən həvəslə danışır. Bildirir ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci ildə burada yerləşmişdir. 1902-ci ildə Qori seminariyasında təhsil alarkən Müslüm Maqomayevlə atasının vəsiyyətinə əsasən dahi bəstəkar Üzeyir Hacıbəyli ilə burada olmuşlar.

Qaxda çox filmlər çəkilib. Elmirə demədim ki, Arif Babayevin 1977-ci ildə lentə aldığı “Arxadan vurulan zərbə” filminin son səhnəsi məhz elə burada, emalatxanın yanında çəkilib. Bir də Elmirə yenə demədim ki, mən burada çox olmuşam və onun tarixi haqqında hər şeyi bilirəm. Əziz oxucu sənə də demirəm ki, gəlib öz gözlərinlə görəsən. Çünki Qax möcüzələrini görmək üçün bu yerlərə gəlib özün baxmalısan.

... Mən Qaxdan ayrılanda üç ay sərbəsər dağların, dərələrin yaşıl örtüyünü xəzan saraltısına çevirməklə “məşğul olan” payız öz ömrünü qışa təslim etmək məcburiyyətində idi. Köhnə dostum Soltan Camalovun dediyi kimi, fəsillərin dəyişməsinin Qax üçün elə də bir fərqi yoxdur. Çünki bu rayonun istənilən fəsli, ayı, günü gözəldir. Bir azdan dağlara ağ yapıncı geyindirəcək qış isə daha maraqlı, nağılvari olur. Elə bizi “yola salan” küləkdən də “qar iyi gəlirdi”. Qoy yağsın. Qar bərəkətdir...

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Qax rayonu









Sosial həyat