Yaxud Avropada senzura niyə güclənir?
Artıq 3 ilə yaxındır ki, Brüssel “senzura” sözündən yayınaraq cidd-cəhdlə əsas internet platformalarını və sosial şəbəkələri “mülayim yazılara” sövq etməyə başlayıb. Avqustun ortalarında Polşanın həftəlik nəşri “Do Rzeczy”nin başılovlu haray saldığını xatırlayın: “Aİ Brüssel üçün siyasi baxımdan arzuolunmaz materiallara total senzura tətbiq edir!” Nəşr yazır ki, Aİ ölkələri, o cümlədən Polşa internetdə total senzuranın tətbiqini gözləməlidir. Çünki Aİ-də Rəqəmsal Xidmətlər Qanunu (“Digital Services Act” – DSA) qəbul edilib və onun əsas məqsədi siyasi cəhətdən arzuolunmaz mətni senzura etməkdir.
Bu, senzura hiyləgərcəsinə “nifrətə qarşı mübarizə” adlanırdı. Yaxşı fikirləşiblər, deyilmi? Nəşr buna aydınlıq gətirərək yazır: “Əgər bunun Bretonla Maskın qarşılıqlı hücumlarının böyük korporasiyalarla Aİ arasında qarşıdurma olduğunu düşünürsünüzsə, səhv edirsiniz. Bu, hər birimiz üçün söz azadlığı uğrunda mübarizənin başlanğıcıdır”.
“Rəqəmsal xidmətlər bazarı haqqında qanun” ilə paralel olaraq “Rəqəmsal Xidmətlər `Aktı” (DMA) da bu il martın 6-da Aİ-də qüvvəyə minib. DMA altı internet texnologiya nəhənginin fəaliyyətini tənzimləyən və Avropa internet provayderlərini rəqiblərdən qoruyan dünyanın ən geniş qaydalarını təqdim edib. Aydındır ki, DMA-nın hədəfində 5 Amerika şirkəti – “Alphabet”, “Amazon”, “Apple”, “Meta”, “Microsoft” və 1 Çin “Çina ByteDance” var idi. DSA bir tərəfdən böyük rəqəmsal platformalar üçün qeyri-qanuni və ya zərərli kontentlərlə mübarizəyə açıq-aşkar etinasızlığa görə məsuliyyət həddini müəyyənləşdirir, digər tərəfdən də istifadəçilərin söz azadlığı və şəxsi məlumatlarının mühafizəsi ilə bağlı təməl hüquqlarını qorumaq üçün məsuliyyətin ölçüsünü müəyyən etmişdir. Lakin Birləşmiş Ştatların Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) Transatlantik tərəfdaşlarına qarşı narazılığını bildirdi, çünki məhz “şəbəkə”nin faktiki monopolistinə çevrilmiş Amerika şirkətləri Brüsselin məhdudiyyətləri altına düşürdü.
Avropa Komissiyası əsas məqsədinin AB-dəki rəqəmsal xidmətlər bazarında Amerikanın rəqəmsal “komandanlar”ının təsirini məhdudlaşdırmaq olduğunu gizlətmir. Avropa Komissiyasının icraçı vitse-prezidenti Marqret Vestager deyib: “Biz hərəkətə keçməli olduğumuz bir məqama gəlib çatmışıq. Bu, rəqəmsal şirkətlərin, xüsusən də ən nəhəng rəqəmsal “qapıçılar”ın (“qeytkiperlərin”-İ.R.) gücünün azadlıqlarımızı, imkanlarımızı və hətta demokratiyamızı təhdid etdiyi bir andır...Ona görə də dünyanın ən böyük “qeytkiper”ləri üçün hər şey dəyişməlidir.”
Əlbəttə, bu, mübahisəsiz belədir: sizin həyətinizdə başqa “süpürgəçilər”in üzünüzə belə baxmadan trilyonlarla avronu ciblərinə süpürmələri, əlbəttə, adama ağır gəlir. Elə bu da, Brüsseli DSA və DMA vasitəsilə 500 milyon avropalı istehlakçıya internet və rəqəmsal xidmətlər satan Amerikanın texnologiya nəhənglərinin biznes modellərini nəzarət altına almağa məcbur etdi.
Soruşacaqsınız ki, yaxşı, bəs bu, Aİ-də mətbuat azadlığını necə təhdid edir?
Hər şey çox sadədir. DSA-nın komponentlərindən biri Avropa Komissiyasının qara siyahıya salacağı bəzi informasiya növlərinə qadağalar və ya məhdudiyyətlər mexanizmini tətbiq etməyi tələb edən “qeytkiperlər”in davranışının monitorinqi üçün alət yaratmağa yönəlib.
Artıq bir il qabaq, hələ Brüsselin yeniliklərin tətbiqinə başlamasından əvvəl belə bir sual ortaya çıxdı: DSA yalnız qeyri-qanuni kontenti hədəf alacaq, yaxud “demokratik dəyərlərə hörməti sarsıdan” hər hansı məlumatı qadağan edəcək?” Hətta o zaman aydın idi ki, Avropa Komissiyası “qeyri-qanuni, zərərli kontentlərə və ya demokratik prinsip və dəyərlər”in məzmununun müəyyənləşdirilməsinə yanaşmada “öz zövqünə uyğun” hərəkət edəcək.
Xatırlayırsınızsa, avqustun ortalarında, İlon Maskın Donald Trampla müsahibəsindən bir qədər əvvəl Aİ komissarı Tierri Breton artıq “X” platformasının sahibinə barmaq silkələyərək “nifrət dili”nə münasibətdə onu Avropa normaları ilə hədələyirdi. Onun “bir sıra alətlərdən” istifadə etmək hədəsini ehtiva edən məktubu artıq Aİ-də senzuranın mövcudluğunu nəzərdə tuturdu. Məhz bu məktub Polşa ədliyyə nazirinin keçmiş müavini, “Suveren Polşa” partiyasından olan deputat Sebastyan Kaletanın “Polşada tezliklə senzuranın meydana çıxacağını” bəyan etməsinə səbəb oldu.
Aİ-də senzuranın açıq bəyan edilməsi “Brüssel Rəqəmsal Xidmətlər Aktının qüvvəyə minməsi ilə polyakları gözləyən azadlıqlara qoyulan məhdudiyyətlərin yalnız ilk qaranquşlarıdır”. Bu, hazırda Aİ-də rəqəmsal xidmət təminatçılarının fəaliyyətini tənzimləməyə yönəlmiş bu qurumun əsas qanunvericilik aktlarından biridir. Sebastian Kaleta deyir: “Bu gün Aİ və Polşada qurulmuş siyasi sistemi nəzərə alsaq, təəssüf ki, biz internetdə total senzuranın tətbiqini görmüş olacağıq”.
İlk dəfə deyil ki, polyaklar ilə Brüsselin qanunları üz-üzə qalarkən hansının daha vacib olması məsələsi ortaya çıxır. Amma deputat, şübhəsiz, haqlıdır: “Nəhəng Avropa sənədlərində uşaq pornoqrafiyası və ya terrorizmlə mübarizə kimi “nəcib istəklər” solçu siyasi təlimatlarla qarışdırılır. Qeyri-müəyyən “nifrətin qızışdırılması” anlayışı digər məqsədlərlə bərabər, hətta onlardan daha yüksəkdə durur”.
Üstəlik, bu anlayış istənilən vaxt Berlaymondan olan məmurları sevindirəcək yeni məzmunla “zənginləşdirilə” bilər. Əgər əsas məqsəd siyasi cəhətdən mənfi kontenti senzura etmək idisə, bu qaydaların işlənib hazırlanmasında prioritetin nədən ibarət olmasının heç bir əhəmiyyəti yox idi. Praktikada DSA sosial media şirkətlərini “qanunsuz kontenti” silməyə məcbur edir. Amma qanunun özü kontentdə “nifrət dili”ndən başqa nəyin qanunsuz olduğunu müəyyən etmir. İndi Aİ-yə üzv dövlətlər kontentin qeyri-qanuni sayılacağı və ən əsası onun silinməsi üçün göstərişlər verəcək çərçivəni müəyyən edə bilər.
Polşanın ədliyyə naziri Adam Bodnar artıq “nifrət dili” ilə mübarizə üçün qanun təqdim edəcəyinə söz verib və əlavə edib ki, “bu qanuna uyğun olaraq, hər hansı bir solçu ehkam ilə, məsələn, cinsiyyətin dəyişdirilməsi, abort və s. ilə razı deyilsə, bu, nifrəti qızışdırmaq anlamına gələcək. Bu cür hərəkətlər cinayət cəzası ilə nəticələnəcək və prokurorluğun bu cür etibarsız kontentin internetdən çıxarılması barədə göstərişi olacaq”.
Sizə daha nə lazımdır?
Aİ-nin media məkanında bundan sonra daha nə baş verəcəyini təxmin etmək çətin deyil. Brüsselin tətbiq etdiyi “nifrət dili”nə qadağa Aİ-də mövcud hökumətə uyğun olmayan hər hansı fikir ayrılığını “qanuni” şəkildə məhv etməyə imkan verir. Əlbəttə, bu cür yanaşma, təbii ki, “avtoritar rejimləri daha da ilhamlandıracaq”. Amma bu, təkcə Polşaya aid deyil. Qərbin anlamına görə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması “ən ali məqsədə - xarici düşmənlər üzərində qələbəyə” nail olmaq zərurətindən irəli gəlir. Aİ senzura ilə müxalifəti nə qədər sıxışdırmağa çalışsa belə, Avropa paytaxtlarını bir o qədər özünə qarşı çevirəcəyini və separatçı əhval-ruhiyyəni gücləndirəcəyini Varşavada və Brüsseldə ya anlamır, ya da hələ bundan qorxmurlar.
Düz 1 il əvvəl Avropa Komissiyası Avropa Parlamenti ilə Şura arasında komissiya tərəfindən hələ 2022-ci ilin sentyabrında təklif edilən media azadlığı haqqında Avropa qanunu ilə bağlı əldə edilmiş siyasi razılaşmanı alqışlayanda Berlemon bəyan etmişdi ki, “yeni qaydalar KİV-in redaksiya müstəqilliyini, plüralizmini daha yaxşı qoruyacaq, şəffaflığı və ədalətliliyi təmin edəcək və yeni media üzrə Avropa Şurası vasitəsilə KİV orqanlarının əməkdaşlığını yaxşılaşdıracaq. Bura, jurnalistlərin öz fəaliyyətlərini sərbəst və təhlükəsiz şəkildə yerinə yetirmələri üçün geniş görünməmiş təminatlar daxil idi. Bu yeni qaydalar toplusu həm də Aİ-nıin daxili bazarında dövlət və özəl KİV-in, heç bir təzyiq olmadan, media müstəvisində rəqəmsal transformasiyasını nəzərə almaqla, transsərhəd fəaliyyətini daha asan təmin edəcək”. Bu şifahi hiyləgər ifadələr təkcə media, mətbuat və internetdəki informasiya mənbələri üzərində total nəzarətin ən primitiv mexanizmini ört-basdır etmək üçün ortaya çıxmayıb. Bu qanunların qanadları altında Aİ siyasəti ilə razılaşmadıqlarını bəyan etmək cəsarətinə malik olan daxili və xarici şəbəkə istifadəçiləri var.
Üzv dövlətlərdən media xidməti təminatçılarının azadlığına hörmətlə yanaşmağı tələb etmək, jurnalist mənbələrinin qorunmasını təkmilləşdirmək və hətta yaradılmış media kontentlərin böyük onlayn platformalar (Rəqəmsal Xidmətlər Aktı ilə müəyyən edilmiş) tərəfindən icazəsiz silinməsinə təminatlar vermək “redaktor müstəqilliyini qorumaq” – əslində, praktikada deyilənlərin tam əksini ehtiva edir: İnternetdə total nəzarətin tətbiqi.
Brüssel üslubunda mətbuat azadlığının qiyməti budur. Bəs onda Brüssel onun himayəsini və göstərişlərini qəbul etməyən ölkələrə nədən demokratiya və söz azadlığnın pozulması damğası vurur? Elə bilirəm ki, bu sual ətrafında elə hörmətli həmkarlarımız – Azərbaycan jurnalistləri də ciddi düşnməlidirlər.
İlqar RÜSTƏMOV
XQ