Bakı konfransı Sen Martin adasının müstəqillik mübarizəsini dəstəklədi

post-img

Dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfrans keçirilib.

“Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, parlamentin üzvləri, hüquq müdafiəçiləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.

Sen Martin parlamentinin üzvü Franklin Meyers bildirib ki, istər Fransanın, istərsə də Niderlandın müstəmləkəçiliyindən qurtularaq müstəqil olmaq xalqlarımızın ən müstəsna hüququdur. O, məhz bu hüququn dünya miqyasında tanınması üçün Bakıda olduqlarını qeyd edib və dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib.

Çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, Sen Martin adasının xalqı Fransa və Niderland arasında bağlanmış müqavilənin nəticələrindən hələ də əziyyət çəkir. Bu insanlar qeyri-insani ədalətsizliyə məruz qalıblar ki, bu da insanlıq adına bir utancdır.

Sonra “One Saint Martin” Assosiasiyasının prezidenti xanım Rhoda Arrindell “Sen Martində ikili müstəmləkəçilik irsi” mövzusunda təqdimatla çıxış edib. O, irsin sosial, mədəni və iqtisadi təsirlərinə toxunub. Həmçinin müstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayaraq, Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov təşkilatın fəaliyyəti ilə bağlı geniş təqdimat edib. O, Qrupun əsas missiyası və məqsədləri barədə danışaraq, həyata keçirilmiş layihələri və əldə edilən uğurları konfrans iştirakçılarının diqqətinə çatdırıb: “İndiyədək Bakı Təşəbbüs Qrupu kolonializmə aid 22 tədbir keçirib, 3 memorandum imzalanıb. Həmçinin müxtəlif beynəlxalq platformalarda çıxış edib”.

Sonra Sen Martinə həsr olunmuş “Bir adanın səsi” adlı debat təşkil edilib. Sen Martinin təhsil nazirinin keçmiş müşaviri Fabian Badejonun moderatorluğu ilə keçən debatda Sen Martinin təhsil, səhiyyə və sosial inkişaf sahələrindəki vəziyyətə toxunulub, həmçinin iqtisadi müstəqilliyin və vahid bir cəmiyyətin qurulmasının önəmi vurğulanıb.

Digər çıxış edənlər - “One Saint Martin” Assosiasiyasının prezidenti xanım Rhoda Arrindell, Sen Martin parlamentinin üzvü Franklin Meyers, “Nation Opportunity Wealth” (NOW) siyasi partiyasının lideri Kristofer Emanuel, Sen Martinin keçmiş səhiyyə, sosial inkişaf və əmək naziri xanım Pamela Carty, Sen Martinin müstəqilliyi uğrunda mübarizə aparan fəal xanım Cülyen Denis müstəmləkə şəraitində yaşamağın çətinliklərindən danışıblar. İştirakçılar adanın inkişafı üçün həm siyasi, həm də sosial dəstəyin artırılmasının vacibliyini qeyd ediblər. Müzakirələrdə çətinliklərlə yanaşı, Sen Martinin müstəqil bir gələcəyə doğru irəliləməsi üçün güclü bir birlik və davamlı mübarizənin vacibliyi vurğulanıb, bu istiqamətdə yeni strateji yanaşmaların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb. Çıxışçılar Bakı Təşəbbüs Qrupuna müstəmləkəçiliyə qarşı mübarizədə göstərdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Konfransda, həmçinin “One Saint Martin” Assosiasiyasının gənc üzvü xanım Yadiska Van Putten, Sen Martinin təhsil nazirinin keçmiş müşaviri Fabian Badejo, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının sədri Leyla Həsənova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov təqdimatla, Barbados adasının Karib Ölkələri Birliyindəki səfiri David Komissionq isə videomüraciətlə çıxış ediblər. Çıxışlarda Fransanın və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunub.

Daha sonra beynəlxalq konfrans çərçivəsində “Sen Martində - Dünya standartlarına uyğun təhsili necə əldə etmək olar?” adlı kitabın təqdimatı keçirilib.

Sonra Bakı Təşəbbüs Qrupu ilə Vahid Sen Martin Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və “One Saint Martin” Assosiasiyasının prezidenti Rhoda Arrindell imzalayıblar.

Sonda konfransın yekunlarına dair mətbuat konfransı keçirilib.

XQ

Siyasət