Şamaxıda biznes-forum

post-img

Şamaxıda Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, eləcə də və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi çərçivəsində biznes-forum keçirilib.

Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli Maliyyə Nazirliyinin sifarişi ilə 2024-cü ildə "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsinin yerinə yetirildiyini diqqətə çatdırıb. Bildirib ki, tədqiqatın məqsədi Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, cəlbediciliyin artırılması istiqamətində təşviq və dəstək mexanizminin hazırlanmasıdır. Bunun üçün Şamaxı rayonunun iqtisadi potensialı, demoqrafik xüsusiyyətləri, coğrafi mövqeyi, iqlim şəraiti, istehsal imkanları, insan kapitalı, maliyyə resursları ilə bağlı mövcud durum təhlil edilib. Həmçinin bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib, yerli sahibkarlar arasında sorğular keçirilib. Mövcud resurslardan istifadə səviyyəsi və rayonun investisiya potensialı qiymətləndirilib. Özəl investisiyaların cəlb edilməsi üçün müvafiq təşviq və dəstək mexanizmləri təklif olunub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov isə tədqiqatın rəsmi statistika, yerli qurumların məlumatları və keçirilən sorğuların nəticələri əsasında aparıldığını diqqətə çatdırıb. Layihənin effektivliyini təmin etmək üçün icra hakimiyyətinin nümayəndələri ilə, yerli sahibkarlarla işgüzar görüşlər keçirildiyini, geniş müzakirələr aparıldığını diqqətə çatdırıb. Layihə çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyəti, dövlət orqanları, ölkənin aparıcı akademik qurumları, ekspertləri, sahibkarlar, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi kimi qurumlarla əməkdaşlıq edildiyini vurğulayıb.

Tədqiqatın nəticə və tövsiyələri, ilk növbədə, Şamaxı rayonu üçün nəzərdə tutulsa da, ölkənin digər regionlarının sosial-iqtisadi inkişafı üçün də istifadə edilə, praktik idarəetmə qərarlarının hazırlanmasında, özəl investisiyaların cəlb olunmasında, yeni iş yerlərinin açılmasında, istehsalın və gəlirlərin artmasında yerli icra hakimiyyəti orqanları üçün faydalı ola bilər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov agentlik tərəfindən ölkəmizin biznes və investisiya qoyuluşu imkanları, sahibkarlara göstərilən dəstək tədbirləri və iş adamları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

İlqar MUSAOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
Şamaxı

Son xəbərlər