“Gürcü Arzusu” radikalların arzusunu puç edir

post-img

Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina etməsi ilə bağlı etiraz aksiyaları özünün məntiqi sonluğuna yaxınlaşır.

Doğrudur, Qərbdən maliyyəşən radikal müxalifət düşərgəsi və QHT nümayəndələri “qələbənin yaxınlıqda” olması barədə nağıl uydururlar. Konstitusiyanın keşiyində dayanan iqtidar da etiraz dalğasının tezliklə sönəcəyini bildirir.

Bir neçə gündür ki, radikal müxalifət və QHT nümayəndələri Gürcüstanda “Maydan” təşkil etməyə çalışırlar. Hökumət binasının qarşısına toplaşan anti-hökumət qüvvələri güclü qarşıdurma görüntüsü yaratmağa çalışsalar da, hüquq-mühafizə orqanlarının peşəkarlığı sayəsində bu məsələdə uğursuzluğa düçar oldular. Qərbin istədiyi kimi radikal müxalifət düşərgəsi Gürcüstanda bütün bəlaların mənbəyi olan “Maydan” təşkil edə bilmədilər, onların bütün cəhdləri iflasa uğradı. Son 4 ildə Gürcüstanda “Maydan” təşkil etmək üçün 4 cəhd göstərilsə də, dövlət hər 4 cəhdin qarşısını uğurla alır.

Küçələri işğal etməyə çalışan radikal müxalifət tərəfdarlarının da səsləri son iki gündə gur çıxmır. Etirazların ilk günlərindən fərqli olaraq, parlamentin qarşısına toplaşanlar bu dəfə müxtəlif sloqan atmaqla işlərini yekunlaşdırmağa çalışırlar. Bunun da səbəbləri var. Partiya ofislərində aparılan axtarış zamanı parlament binası yaxınlığında baş verən qarşıdurmalarda fəal şəkildə istifadə edilən külli miqdarda fişəng, atəşfəşanlıq və digər pirotexniki vasitələr aşkarlandı. Təhlükəsizlik qüvvələri ofislərdən qaz maskaları, dəbilqələr, boyalar, “Molotov” kokteylləri müsadirə etdilər.

Kinorejissor Qoqa Xaindravanın sözlərinə görə, partiya ofislərindən pirotexniki vasitələr götürüləndən dərhal sonra mitinqdə hər şey sakitləşdi: “Bu, gənclərin kortəbii ictimai hərəkatı olmadığını, əksinə, xaricdən idarə olunan qondarma müxalifət qüvvələrinin təxribatı olduğunu təsdiqləyir”. Onun fikrincə, məhz Daxili İşlər Nazirliyinin apardığı reydlər sayəsində “parlament binasının yanında az qala yandırılan polisə qarşı vandalizm artıq müşahidə olunmur”. Cənab Xaindrava təhlükəsizlik qüvvələrinin partiya ofislərinə qarşı xüsusi əməliyyatını “arı yuvalarının və süfrələrinin məhv edilməsi” adlandırır. O, müxalifət liderlərinin “mitinqlərdə özlərini meydana çıxarmadıqlarına, öz partiyalarının fəalı olan gənclərin arxasında gizləndiklərinə” diqqət çəkir.

Təbii ki, müxalifətin destruktiv addımları gürcü cəmiyyətində qütbləşmə meyillərinin yaranmasına təkan verir. Hökumətə qarşı çıxan qüvvələrin rəhbərləri hakimiyyətlə ictimai müzakirənin mümkünlüyünü “utancverici kompromis” kimi qəbul edirlər. Ancaq müxalifətdən fərqli olaraq iqtidar əks cəbhəni müxalifəti Gürcüstan İctimai Televiziyasında canlı debat keçirməyə dəvət etmişdi. Lakin müxalifət uzadılan əli sıxmağa tələsmir. Gürcüstanda da əmindirlər ki, dinc etirazla ekstremizm arasındakı sərhədi keçən etirazçılar heç bir halda çoxluğun maraqlarını təmsil etmirlər və Qərbin istəklərinə qulluq göstərirlər.

Rəsmi Tbilisi də milli maraqların qorunması istiqamətində qətiyyətli davranacağını bildirir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze gələcəkdə inqilabi prosesləri istisna etmək üçün ölkədə liberal faşizm ideologiyası üzərində tam qələbənin zəruriliyini bəyan etdi. Cümə günü keçirdiyi mətbuat konfransında o, “son illərdə dördüncü dəfə radikal müxalifət Gürcüstanda inqilab təşkil etməyə cəhd etdiyini və güclü Gürcüstan dövlətinin buna uğurla cavab verdiyini” dedi. “Müxalifətin əsas zorakılıq mənbələri olan radikallar konstitusiya quruluşunu devirmək istəyirdilər, buna müvafiq cavab aldılar və alacaqlar”, – deyə Gürcüstan hökumətinin başçısı qeyd edib.

İrakli Kobaxidze deyib: “biz bu mübarizədə liberal faşizm üzərində qələbə qazandıq, indi yekun qələbəyə nail olmalıyıq”. O, bir daha bildirib ki, hökumət bu işdə çox prinsipial olacaq, xaricdən maliyyələşən liberal faşizmi ardıcıl olaraq kökündən siləcək. Baş nazirin fikrincə, bu, radikal, ekstremist ideologiyadır: “Bizə vaxt lazımdır və bu ideologiyanı ləğv etmək üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik”.

S.ELAY
XQ

 

Dünya