“Uşaqların VI Forumunda iştirak etmək qürurvericidir"

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib. Bir sıra dövlət  qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyəni təmsil edən azyaşlı nümayəndələr  iştirak ediblər. Onlardan biri də Bakı şəhəri, Nizami rayonu 61 saylı orta məktəbin 9-cu sinif şagirdi Nərgiz Adıgözəlovadır. 

Nərgizin 14 yaşı var. Dərs əlaçısı olmaqla yanaşı, uğurları ilə zəngin olan ictimai fəaldır. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2017 və 2018-ci illərdə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim-mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda keçirilən tədbirlərin  də iştirakçısı olub və  fəal iştirakına görə Diploma layiq görülüb. 

Eyni zamanda, Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi Heydər Əliyevin 100 illiyi ilə əlaqədar məktəblilər arasında keçirilən Şahmat turnirinin Nizami rayonu üzrə qalibi olub. Elə buna görə də, Respublika Uşaqlarının VI Forumunun nümayəndəsi seçilib. 

Forum iştirakçısı Nərgiz Adıgözəlovadan Forumun işi ilə bağlı fikirlərini öyrəndik: 

-  Uşaqların VI Forumunda iştirak etmək mənim üçün olduqca qürurvericidir. Çünki tarixi hadisənin bir parçası olmaq, savadlı, intellektual olan həmyaşıdlarımla fikir mübadiləsi aparmaq fikrimcə mənim kimi burada olan hər bir uşağın həyatında silinməz izlər buraxacaq. Uşaqlarla birgə təhsil və ekologiya ilə bağlı müzakirələr apardıq və  müvafiq təkliflərlə çıxış etdik. Forum bizə həm də yeni dostlar qazandırdı. Belə tədbirlərin təşkili bizim üçün çox əhəmiyyətlidir.

S.FİDAN

XQ

Sosial həyat