Şəhər altında “evlər”, yollar, liftlər, palıd çəlləklər...
“Dəmir pilləkənlərlə aşağı düşdükcə, hərarətin azaldığını hiss edirik. Sonra qarşımıza uzun bir tunel çıxır, daha sonra sağa-sola yollar ayrılır. Hansı yolun hara getdiyini ayırd etmək çətindir. Paralel istiqamətdə daha bir tunel, sonra daha bir neçə müxtəlif otaqlar... Sanki, bir labirintə düşmüşəm”.
Bu sətirlər “Xalq qəzeti”nin 13 may 2023-cü il tarixli nömrəsində çap olunmuş “Göygöldə möcüzəli yeraltı “şəhər” sərlövhəli yazıdan götürülüb. Qəzeti demirik, təkcə saytdan oxunma sayı 2 minə yaxınlaşan yazı o vaxt böyük sensasiya yaratmışdı. Çünki həmin yazıyadək heç bir saytın, televiziyanın, qəzetin bu barədə məlumatı yox idi.
Bunu nəyə görə xatırladırıq? Biz tariximizi nə qədər çox araşdırsaq, onun qədimiliyini konkret faktlarla ortaya qoya bilsək, bir o qədər gələcək nəsil qarşısında üzümüz ağ olar. Göygöl Rayon İcra Hakimiyyətinin təşəbbüsü və daxili imkanları ilə “yeraltı şəhər”in tullantılardan təmizlənərək bir muzeyə çevirməsini təqdir etmişdik. Təsəvvür edirsinizmi, unudulmuş, baxımsız qalmış unukal bir tarixi memarlıq abidəsindən 100 maşın zibil çıxarılmışdı. Amma indi, “iki ilə yaxın bir vaxt ərzində oranı 20 min nəfərdən çox adam seyr edib ki, onun da 42 faizi xarici qonaqlardır”.
Yerli və xarici turistlərə çox böyük həvəslə bələdçilik edən Raul Abbaszadə bu faktları deyib əlavə etdi ki, “şəhərə gələn qonaqlar öz heyrətlərini gizlədə bilmirlər. Bayırda 40 dərəcə isti olduğu halda “yeraltı şəhər”ə düşüb 15-16 dərəcə hərarətlə qarşılaşırlar, 150-160 il qabaq quraşdırılmış lifti görürlər, şərab çəlləklərinə baxırlar...”
Bəs Gəncəbasarda bu cür yeraltı yollar, “şəhərlər” ayrı hansı rayonlarda var və həmin tarixi yerlər də Göygöldə olduğu kimi turistlərə açıqdırmı?
Suala cavab verməzdən əvvəl qeyd edək ki, Gəncəni əhatə edən Şəmkir, Göygöl və Samux rayonlarında oxşar yeraltı yollar mövcuddur. Doğrudur, Gəncədə XVI-XVII əsrlərdə salınmış “yeraltı şəhər” tapılıb, hətta orada fayton yolu olduğu da deyilir. Amma gəlin bu yolları, yeraltı şəhəri indi söhbət açdığımız yollarla qarışdırmayaq. Çünki bu, ayrı bir yazının mövzusudur və yaxın nömrələrimizin birində Gəncənin mübahisələrə səbəb olan qədim “yeraltı şəhər”i barədə ayrıca geniş yazı verəcəyik.
Bu yazıda isə yalnız 1860-cı ildən sonra Forer qardaşlarının Gəncəbasarda inşa etdikləri yeraltı tikililərdən, qırmızı kərpicdən hörülmüş, dərinliyi 10-15, bəzən 20 metrə çatan nəhəng şərab anbarlarından – kiçik yeraltı “şəhərlər”dən söhbət açacağıq.
...Gəncədəki şərab anbarı XIX əsrin 90-cı illərində alman sahibkarları Forer qardaşları tərəfindən dəmiryol vağzalının yaxınlığında inşa olunmuşdur. Məlumdur ki, Forer qardaşları zavodların, üzüm sahələrinin məhsulunu Rusiya və dünya bazarlarına rahat çatdırılması üçün Zaqafqaziya dəmiryol stansiyalarının yaxınlığında inşa etdirirdilər. Bu zirzəmi genişliyi və iki mərtəbəli olması ilə digərlərindən fərqlənir. Zirzəmilər divarların içi ilə hərəkət edən xüsusi havalandırma sistemi ilə təchiz olunmuşdu. Yerli kolonistlər tərəfindən dəqiqlik və peşəkarlıqla hazırlanmış zirzəmilər, təxminən, yerin 20 metr dərinliyində bişmiş qırmızı kərpicdən istifadə edilərək hazırlanıb. Gəncə ətrafında əsasən “Vağzalyanı”, “Sadıllı” və “Xaraba yeri” adlanan yerlərdə Forer və Hummel qardaşlarının böyük üzüm bağları olmuşdur. Məhz bu bağlardan toplanan üzümdən alınan şərablar həmin zirzəmidə saxlanılırdı.
Elə ərazisi Göygöl rayonundakı “yeraltı şəhər” boyda olan başqa bir yeraltı tarixi abidə Samux rayonunun Qarayeri qəsəbəsindədir. Burada Forer qardaşları tərəfindən inşa edilən şərab zavodu var və o bu gün də fəaliyyət göstərir. Məlumat üçün bildirim ki, Forer qardaşları Qarayeri kəndində üzüm bağları da saldırıblar. Maraqlıdır ki, o dövrdə zavodda istehsal olunan şərab Avropada satılırmış. Qarayeri şərabı dəfələrlə Avropada keçirilən şərab festivallarının qızıl mükafatına layiq görülüb. Oktyabr inqilabından sonra zavodun alman sahibləri Azərbaycanı tərk edib.
Zavodun çox unikal zirzəmisi var. Dərinliyi 10 metrə çatan zirzəmi qırmızı kərpiclə hörülüb. Bir zamanlar zirzəmidə palıd çəlləklər olub. Üzərindəki bina isə 1896-cı ildə tikilib. Zavodun direktor müavini Ramiz Məmmədov söhbət zamanı dedi ki, “bu cür zirzəmiləri olan tikili Azərbaycanda çox deyil, 2-3 yerdədir. Forer qardaşları əvvəlcə yüz hektarlarla üzüm bağları salıb, daha sonra gördüyünüz bu zavodun binasını və zirzəmisini inşa ediblər.”
İkinci Dünya müharibəsi illərində, yəni almanlar bu yerlərdən sürgün edildikdən sonra Forerlərin Qarayeri təsərrüfatı əsasında üzümçülük sovxozu yaradılıb. Təsərrüfata bu dəfə J. Skoçiomaro rəhbərlik edib və həyatının son günlərinədək, yəni 1944-cü ilə kimi Qarayeridə yaşamış və elə orada, X.Forerin saldığı parkda dəfn olunub. Yeri gəlmişkən, turizm təşkilatları, yerli icra orqanları bu tarixi şəxsiyyəti qonaqlara yaxından tanıtmaq üçün onun haqqında daha geniş məlumatlar toplayıb ayrıca bir lövhə vursalar daha yaxşı olardı. Parkda italyan mütəxəssisin ad və familiyası, doğulduğu və vəfatı tarixindən başqa ayrı heç nə yoxdur.
Şəmkirdə də Forer qardaşlarının tikdirdiyi zavod öz tarixiliyi baxımından diqqət çəkir. İndiki 2 saylı şərab zavodu Qarayeridəki zavodun salındığı dövrə təsadüf edir, 1860 – 1890-cı illərə aiddir. Burada alman Xristo Forer qardaşları tərəfindən təsis edilən və quraşdırılan avadanlıqların indiyədək işləməsi yüksək alman keyfiyyətindən xəbər verir. Müxtəlif növ üzümlərdən çəkilən şərabların müəyyən hissəsi hələ də yaşı 100 ildən çox olan nəhəng palıd çəlləklərdə saxlanılır. Zavodun zirzəmisi də yuxarıda qeyd etdiyimiz zirzəmilər kimi çox böyük ustalıqla inşa edilib və heyran olmamaq mümkün deyil. Bura turistlər üçün çox böyük maraq kəsb edən tarixi bir yerdir.
Qeyd edək ki, şərabçılığın inkişafı və “Forer qardaşları” şirkətinin müvəffəqiyyəti çəllək istehsalının genişlənməsinə təkan vermişdir və alman kolonistlərinin uğur qazandığı sahələrdən birinə çevrilmişdir. Johann Kun, Ernest Karer, Karl Tsekhin, Fridrix və Gottlieb Wacker qardaşları kimi sənətkarların adları Gəncəbasarda məşhur olmuşdur. Onların Laçın meşələrinin yüzillik palıdlarından hazırladığı çəlləklər bir çox şərabçılar tərəfindən tövsiyə olunurdu və keyfiyyət rəmzinə çevrilmişdi.
Fotoşəkillərin birində “Forer qardaşları ticarət evi” (indiki Göygöl Şərab Zavodu) şərab zavodunun əməkdaşları, palıd çəlləklərdə saxlanılan şərabın keyfiyyətini qiymətləndirdikləri yerdə təsvir olunurlar. Bu və ya digər şəkillər, tarixi faktlar adi sənədlər deyil, keçmişə bir səyahətdir. Gərək bu səyahətdə təkcə həmin şəhər və rayonların sakinləri deyil, xarici qonaqlar da yaxından iştirak etsin. Adları çəkilən tarixi yerlərin heç də hamısı hələ də istənilən şəkildə təbliğ olunmur, bəzən də nədənsə gizli saxlanılır.Turist marşrutlarının bir çoxu formal xarakter daşıyır və bu unikal yerlərin nümayişi məhduddur.
Elə tarixi faktlar var ki, bunları xarici ölkə vətəndaşlarına o ünvanlarda olarkən sənəd-sübutla göstərmək, danışmaq lazımdır. Məsələn, tarix elmləri doktoru, professor Həsən Sadıqovla bu mövzuda söhbət edərkən maraqlı bir faktı qeyd etdi və dedi ki, “1907-ci ildə Gəncədə “Daşnaksütyun” partiyasının üzvlərinə qarşı cinayət işi açılmışdır. Şəhər pristavının köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək “Daşnaksütyun”un yerli təşkilatının rəhbəri Koryun, silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf (indiki Göygöl rayonu) almanları partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər. Helenendorf almanları məcburiyyət qarşısında partiyanın xəzinəsinə xərac veriblər. Daşnaklar yalnız bununla kifayətlənməyib, “iştah diş altındadır”, deyiblər. Partiyanın xəzinəsinə pul keçirilməsinə nail olandan sonra şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 30 min rubl pul da tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə qətlə yetirilib”.
Bir yazıda bütün faktları sadalamaq olmur. Gəncəbasardakı yeraltı yollar, zirzəmilər ölkəmizi tanıtmaq, xalqımızın tolerantlığını faktlarla sübut etməkdən əlavə, həm də bir qürur obyektləridir. Gərək qoruyub saxlamaqla bərabər, yaxşı təbliğ etməyi də bacaraq, Göygöl rayonunda olduğu kimi.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Göygöl