Ermənistan soydaşlarımızın sivil qayıdışını təmin etməlidir
Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransının açılışı olub.
Əvvəlcə Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş etdirilib.
Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.
Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirin Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platforma olduğunu bildirib.
O, Qərbi Azərbaycan İcması olaraq öz doğma yurdlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə apardığını deyib: "Təşkilatımız 1989-cu ildən fəaliyyət göstərir. Bu istiqamətdə gördüyümüz işlər Azərbaycan dövlətinin prinsipial və davamlı dəstəyi ilə həyata keçirilir. Xüsusilə, 2022-ci ilin dekabr ayında icmamızı ziyarət edən Prezident İlham Əliyevin İcmanın fəaliyyətinə göstərdiyi diqqət səylərimizi daha da gücləndirmək üçün bizi ruhlandırıb. Prezident İlham Əliyevin konfrans iştirakçılarına bugünkü müraciətində ifadə etdiyi dəstək və qiymətli tövsiyələr böyük əhəmiyyət kəsb edir. Müraciətdə haqq işimizə verilən yüksək dəyər icmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir", – deyə Ə.Ələkbərli diqqətə çatdırıb.
Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu çıxışında Ermənistanın bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab verməli olduğunu bildirərək deyib: "Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik. Silah alıb təkrar hazırlıq işləri görməyin, qonşu dövlətin torpaqlarına təkrar göz dikməyin bir faydası olmadığını hər kəs bilməlidir. 30 illik ədalətsizliyin ardından davamlı sülhün qurulmasının çətin olacağını bilirik. Ancaq Türkiyə olaraq bölgədə sülh üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Türkiyə olaraq Azərbaycanın həmişə yanında olduq. Azərbaycan təkcə qardaşımız olduğu üçün yox, həm də haqlı olduğu üçün yanındayıq", – deyə M.Çavuşoğlu qeyd edib.
O diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur, bu, torpaq deyil, insan haqları məsələsidir: "Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Həmçinin Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi təəssüf doğurur. Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə, Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə bu gün ciddi təmizləmə işləri və bərpa-quruculuq fəaliyyətləri həyata keçirilir”.
Çıxışlardan sonra Qərbi Azərbaycan İcmasının Fəxri üzvlük sertifikatları təqdim edilib. Sertifikatlar 10 ölkəni təmsil edən 16 nəfərə verilib.
Konfrans öz işini panel müzakirələrlə davam etdirib.
***
Konfrans çərçivəsində “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış” mövzusunda panel sessiyası keçirilib.
Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən paneldə çıxış edən Pakistanın Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt Qərbi azərbaycanlıların öz torpaqlarından didərgin salınmasının açıq-aşkar insan hüquqlarının pozulması olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu məsələlərlə bağlı beynəlxalq komissiya yaradılmalıdır: "Komissiyanın yaradılması insanların kollektiv yaddaşının saxlanılması üçün mühüm rol oynaya bilər. Eyni zamanda, biz deportasiya proqramları da yaratmalıyıq. Bununla da insanlara kömək edilməlidir ki, öz ata-baba yurdlarına qayıda bilsinlər”.
Almaniyanın Frankfurt Universitetinin müəllimi Mixael Raynhard Hess çıxışında müəyyən dövrlərdə minlərlə azərbaycanlının qanunsuz şəkildə öz yurdlarından qovulduğunu deyib. Vurğulayıb ki, Ermənistanın qeyri-rəsmi təşkilatları və rəsmi dövlət strukturları bu prosesdə iştirak ediblər. Azərbaycanlılara qarşı XX əsrdə ciddi şəkildə zorakı deportasiya siyasəti tətbiq olunub.
Paneldə digər çıxış edənlər Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxuliya və ABŞ-ın Qrinsboro Universitetinin Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin professoru Əli Əsgərov azərbaycanlıların tarixi Azərbaycan ərazisindən qovulduğunu və yerlərinə ermənilərin yerləşdirildiyini deyiblər.
***
Sonra Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Qaya Məmmədovun moderatorluğu ilə “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri” mövzusunda panel sessiya keçirilib.
Madrid Muxtar Universitetinin İqtisadi İdarəetmə Məktəbinin Elmi Məsləhət Komitəsinin üzvü Uriarte Sançes Karlos, ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun nümayəndəsi Damyan Krnjeviç-Mişkoviç, Böyük Britaniyada “Sülhpərvər planet” qeyri-hökumət təşkilatının təsisçisi Lord Arnold Dunkan MakNeir və Amerika Dini Azadlıq Mərkəzinin baş direktoru Cannah Skott mövzu ətrafında fikir mübadiləsi aparıb, barışıq və sülh quruculuğu proseslərinin əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, azərbaycanlılar və ermənilər sülh şəraitində yaşamalıdırlar. Belə ki, regionda sülhü bərqərar etmək çox mühüm məsələdir. Beynəlxalq ictimaiyyət zorla öz yurdlarından çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmin olunması məsələsinə daha həssas yanaşmalı, regionda davamlı sülhün qurulması üçün bu hüququn həyata keçirilməsinə dəstək verməlidir.
Müzakirələr zamanı sülh quruculuğunun yalnız ədalətin bərpası şəraitində mümkün olduğu, zorla didərgin salınmış insanların hüquqlarının tanınmasının isə bu prosesin əsas komponentlərindən biri olduğu bildirilib.
Çıxışçılar Bakıda keçirilən COP29 konfransına toxunaraq iqlim dəyişikliyi, ətraf mühitin qorunması istiqamətində keçirilən tədbirlər sırasında dünyada insan hüquqları barədə konfransların da təşkilinin əhəmiyyətindən bəhs ediblər.
Paneldə çıxışlar zamanı Ermənistanın nüvə elektrik stansiyasından istifadə etdiyini və bununla da nüvə materiallarının sızması təhlükəsi yarandığı qeyd olunub. Bildirilib ki, bu, nəinki Ermənistana, həm də Azərbaycana və qonşu ölkələrə təsir edir. Odur ki, heç kimin havanı çirkləndirmək hüquqi yoxdur.
***
“Beynəlxalq vəkillik və diplomatiyanın rolu” mövzusundakı panel sessiyası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin moderatorluğu ilə keçib.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyasının sədr müavini Zəfər Sırakaya çıxış edərək bildirib ki, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsi Cənubi Qafqazda sülh və sabitliyə töhfə verəcək. Onun sözlərinə görə, 30 il sonra Azərbaycan özü ədaləti bərqərar etmək məcburiyyətində qaldı və torpaqlarını işğaldan azad etdi. O, Cənubi Qafqazın rifaha qovuşacağına inamını ifadə edib, Türkiyənin sülh danışıqları prosesinə dəstəyini göstərməyə davam edəcəyini diqqətə çatdırıb.
Digər çıxış edənlər – Böyük Britaniyada “Economyfirst Limited London” şirkətinin direktoru, jurnalist Klaus-Peter Ralf Jurgens, Brüssel Enerji Klubunun nümayəndəsi Marat Terterov, İspaniyanın Deusto Universitetinin professoru Susana Manqana və Xorvatiyada İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı eksperti Krsevan Antun Duymoviç beynəlxalq hüquq normalarının qorunması və onların effektiv tətbiqinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, beynəlxalq vəkillik və diplomatiya münaqişə sonrası cəmiyyətlərin yenidən qurulması, yurdlarından zorla didərgin düşmüş insanların hüquqlarının bərpası və regionda davamlı sülhün təmin olunmasında mühüm rol oynayır.
Çıxış edənlər beynəlxalq hüquq çərçivəsində ədalətin bərpasının regionda uzunmüddətli sabitlik və barışıq üçün əsas şərt olduğunu vurğulayıblar.
İştirakçılar, həmçinin Bakının COP29-a uğurla ev sahibliyi etməsindən danışıb və bu mühüm tədbirin nəticələrinə toxunublar.
Milli Məclisin deputatı Rizvan Nəbiyevin moderatorluğu ilə keçirilən "Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması" mövzusundakı panel sessiyada Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Bakıda ədaləti bərqərar etmək, insan haqlarını qorumaq və tarixi məsuliyyəti yerinə yetirmək məqsədilə bir araya gəldiklərini bildirib. O, təəssüf hissi ilə qeyd edib ki, 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlı öz torpaqlarından və qohumlarının məzarlarının yerləşdiyi ərazilərdən ermənilər tərəfindən zorla deportasiya edilib, böyük əzab və çətinliklər yaşayıblar.
"Azərbaycan bu gün ərazi bütövlüyünə nail olub. Biz Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq. Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir. Azərbaycan torpaqlarını tam azad edib. Reallığa baxdıqda bugünkü Ermənistan ərazisinin böyük bir hissəsi də tarixən Azərbaycan torpağı olub. Ancaq Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan sadəcə sülh və sabitlik istəyir", – deyə Ş.Ayrım diqqətə çatdırıb.
Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri, professor Hüseyn İşıksal, İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri Ərşad Əl-Salihi, Bolqarıstan Elmlər Akademiyasının Balkan Araşdırmaları İnstitutunun hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə professoru, hüquq üzrə elmlər doktoru xanım Nadia Boyacıyeva və Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin direktoru və Soyuq Müharibə Araşdırmaları Proqramının rəhbəri Mark Natan Kramer insan hüquqlarının qorunması, ədalətin təmin edilməsi və münaqişələrdən zərər çəkmiş insanların, xüsusilə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların hüquqlarının bərpası məsələlərini müzakirə ediblər.
Çıxış edənlər beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları bu məsələyə daha həssas yanaşmağa çağırıb. Vurğulayıblar ki, məcburi köçkünlərin hüquqlarının təmin edilməsi və əmlak məsələlərinin həlli üzrə konkret addımların atılması yalnız hüquqi deyil, həm də humanitar məsələdir.
***
Konfrans çərçivəsində “Mədəni irsin bərpası və qorunması” mövzusunda təşkil olunan panel sessiya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçib.
Paneldə çıxış edən Maltanın UNESCO üzrə Milli Komissiyasının prezidenti Raymond Bondin bildirib: “Beynəlxalq arenada Azərbaycanla bağlı qərəz, yanlış fikir çoxdur. Reallıqları təqdim edərək bunların qarşısı alınmalıdır. Qeyd edim ki, mən Qarabağda olmuşam, orada həddən çox mina basdırılıb. Hesablamalara əsasən, həmin ərazilərə işğal dövründə Ermənistan tərəfindən bir milyondan çox mina basdırılıb. Azərbaycan isə həmin əraziləri hazırda həyata qaytarmağa çalışır. Həmçinin tarixi və mədəni irsin qorunması işlərinə beynəlxalq gücü də cəlb etmək lazımdır”, – deyə o, diqqətə çatdırıb.
Paneldə çıxış edənlər – Belçikada yerləşən Avropa İnkişaf və Tədqiqat Akademiyasının üzvü xanım Aişa Başa, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İnsan və sosial elmlər sektorunun direktoru xanım Ramata Almamy Mbaye, Buxarest Bələdiyyəsinin Böyükşəhər Kitabxanasında Nadir kolleksiyalar şöbəsinin kuratoru və UNESCO-nun eksperti xanım Nikoleta Zaqura, İordaniyada Haşimi Universitetinin Kraliça Rania adına İrs fakültəsinin professoru Mohammed Vahib Hüseyn mədəni irsin qorunmasının əhəmiyyəti, tarixi abidələrin bərpası və gələcək nəsillərə ötürülməsi ilə bağlı mühüm məsələləri müzakirə ediblər. Ermənistan ərazisində Azərbaycan xalqına məxsus yüzlərlə tarixi abidənin məhv edilməsi, mənimsənilməsi və ya təhrif edilməsi ilə bağlı faktlar geniş müzakirə olunub.
***
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın ilk gününün bağlanış mərasimində çıxış edən Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba bildirib ki, insanların yaşadıqları ərazidən zorla qovulması heç bir halda qəbul edilməməlidir. Qayıdış hüququ beynəlxalq hüquqda təsbit edilib. Məhz ona görə də biz hüququ bərqərar etmək üçün müvafiq hüquqi alətlər yaratmışıq.
“Ermənistan Qərbi azərbaycanlıların torpaqlarına qayıtmaq hüququnun icrasına imkan vermir. Ermənistan hökuməti müsadirə etdiyi və ələ keçirdiyi əmlakı qaytarmalı, yaxud təminatını ödəməlidir. Qayda belədir. İnsanlar dədə-baba torpaqlarına qayıtmalıdırlar. Vaxtilə sahib olduqları əmlaka yiyələnməlidirlər. Biz Azərbaycan irsinin Ermənistan tərəfindən məhv edildiyini müşahidə etmişik. Bu, Azərbaycanın və Qərbi azərbaycanlıların irsinin pozulması deməkdir", – deyə o, vurğulayıb.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov çıxışında bugünkü tədbirdə Ermənistandan azərbaycanlıların zorla çıxarılmasının tarixindən danışıb, qayıdışın hüquqi əsasları və humanitar məsələlərin geniş müzakirə edildiyini bildirib.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək. Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.