Heyvanlara mərhəmət insanı nəcibləşdirir

post-img

Canlılarla rəhmsiz rəftar cəzalandırılmalıdırmı?

Azərbaycanda heyvan haqları ilə bağlı qəbul edilən qanunlar və dəyişikliklər onların qorunmasına, bu canlılara qarşı qəddarlığa görə cəzaların sərtləşdirilməsinə yönəlib. Ötən həftəsonu Milli Məclis heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələrin artırılmasını son oxunuşda təsdiqləyib. Təklif olunan dəyişikliyə görə, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.

Bu gün heyvansevərlər necə düşünürlər? Ölkəmizdə heyvan haqları kifayət qədər qorunurmu?

“Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birliyinin sədr əvəzi Arzu Gülmalıyeva qəzetimizə açıqlamasında bildirdi ki, qəbul edilən qanun və qərarlar cəmiyyətin hazırlıq səviyyəsinə uyğun olmalıdır:

– Təqdirəlayiq haldır ki, heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələrin artırılması qərara alınıb. Amma qərarlarla cəmiyyətin hazırlıq səviyyəsi uyğun olmayanda onu yerinə yetirmək də müşkül olur. Cəmiyyətin maarifləndirilməsində media mühüm rol oynayır. Amma televiziya verilişlərində, eləcə də digər media subyektlərində bu mövzu birtərəfli işıqlandırılır. Məsələn, küçə itlərinin çoxalması ilə bağlı veriliş gedir. Küçə itlərinə qarşı mübarizə ilə bağlı müzakirələr açılır. Amma küçə heyvanlarının son illər çoxalmasının səbəbləri göstərilmir. Cəmiyyəti bu mövzuda maarifləndirəcək mövzular yox dərəcəsindədir. Dördayaqlı dostlarımız bizdən mərhəmət umurlar. Cavabında qəddarlıq, işgəncə görürlər. Düzdür, bunun qanunlarla tənzimlənməsi çox yaxşıdır. Amma, hamı bunu eyni cür dərk edirmi? Sorğu aparsanız insanların əksəriyyəti “Siz yaxşısı budur, insan haqlarının qeydinə qalın”, – deyəcək.

Arzu xanım heyvanlara qarşı işgəncələrlə bağlı çoxlu videoların yayıldığını bildirdi:

– Əvvəllər cərimə 500 manat idi. Onu belə ödətdirməkdə çətinlik çəkirdilər. Məsələn, rayonların birində tülkünü vəhşicəsinə öldürüb, video çəkmişdilər. Özüm də sosial şəbəkədə paylaşmışdım. Onu çağırıb, cərimələdilərmi? Bu barədə heç bir məlumat verilmədi. Bildiyimə görə, imkanı olmadığına görə cərimə ödəməyib. Bu cür neqativ hallara yanaşma sistemli şəkildə olmalıdır. Əgər cərimə ödəməyə imkanı yoxsa, o zaman ictimai işlərə cəlb olunmalıdır. Heyvan sığınacaqlarında təmizlik işləri aparmaq, onlara qulluğa cəlb edilməlidir. Belə insanlarda həm heyvanlara qarşı fobiyaları yox olur, digər tərəfdən onlara sevgiləri yaranır.

Heyvansevər Nərgiz Əmirova da cərimələrin artırılmasının yaxşı hal olduğunu dedi:

– Bu, bizi sevindirir. Cərimələr nə qədər artırılsa, insanlar da bir o qədər məsuliyyətli olarlar. Yeni qanunlara görə cərimələrin miqdarı 2 min manatadək artacaq. Amma bir sual düşündürür. Bu cərimələrin ödənməsi nə qədər realdır. Məsələn, sürücülər qayda pozuntusuna görə, tez-tez cərimələnirlər. Sosial şəbəkələrdə bununla bağlı çoxlu məlumatlar var. Onlar bəzən qayda pozuntusunu bilərəkdən törətmədiklərini bildirilər. Heyvanlara qarşı qəddar münasibətə görə çoxlu fakt ictimailəşdirilib, videolar yayılıb. İt döyüşdürənlər açıq-aşkar videolar nümayiş etdirirlər. Onların cərimələnməsi, yaxud məsuliyyətə cəlb olunması ilə bağlı heç bir fakt yoxdur. Heyvanlarla rəhmsiz rəftar edənlər doğrudanmı cəzalandırılır? Bununla bağlı statistika varmı? Düşünürük ki, heyvanlarla qəddar davranan insanlara cərimələr tətbiq edə bilmirlər.

Bəli, heyvanlara qayğı o zaman tam olacaq ki, cəmiyyət özü bunu istəsin. Mediada bu mövzu ilə bağlı hər gün maarifləndirici məlumatlar olmalıdır. Gələcək nəsli “təmiz dünya” üçün yetişdirmək borcumuzdur. Onlar “kiçik dostlarımıza” sevgi ilə böyüməlidirlər ki, gələcəkdə onların qayğısına qala bilsinlər. İnsanlara heyvanların qarşılıqsız sevgisini göstərə bilsək, o zaman cəmiyyət də dəyişəcək.

Leyla QURBANOVA
XQ

Sosial həyat