Cənubi Koreyada siyasi böhran

post-img

Ötən gün dünyanın qaynar nöqtələrinə Cənubi Koreya paytaxtı da əlavə olunub. Seulda elan edilmiş fövqəladə hərbi vəziyyətlə əlaqədar parlament binasına giriş-çıxış dayandırılıb.

Bu barədə Yonhap agentliyinin məlumatında bildirilib ki, ölkə Prezidenti Yun Sok Yolun televiziya ilə xalqa müraciətində Şimali Koreyanı dəstəkləyən qüvvələri aradan qaldırmaq və konstitusiya qaydasını dəstəkləmək üçün ölkədə fövqəladə hərbi vəziyyət elan etməsindən sonra müdafiə naziri ordunun komandanlığı ilə vacib görüş çağırıb, sayıqlığın artırılmasını tələb edib. Ordunun fövqəladə hazırlıq vəziyyətində olması əmr edilib.

Ordunun qərargah rəisi, general Park An-sunun imzaladığı əmrlə yerli vaxtla saat 23:00-dan ölkədə bütün siyasi fəaliyyət, o cümlədən Milli Assambleya ilə əlaqəli siyasi fəaliyyət, yürüş və etiraz aksiyaları, siyasi partiyaların fəaliyyəti qadağan olunub. O, əmrin demokratiyanı və xalqın təhlükəsizliyini ölkəni təhdid edən antidövlət qüvvələrdən qorumaq üçün verildiyini bildirib. Əmr bütün media və nəşr fəaliyyətlərini də nəzarət altına alır.

Bu qərar əsas müxalif qüvvə olan Demokratiya Partiyasının parlamentdə dövlət büdcəsinin azaldılmasını tələb edən qanun layihəsini irəli sürməsindən, habelə dövlət auditoruna və baş prokurora impiçment üçün vəsatət qaldırmasından sonra qəbul edilib. Hakim Xalqın Gücü Partiyasının lideri Han Donq-hun dövlət başçısının hərbi vəziyyət qərarını səhv addım hesab etdiyini, bu qərarı xalqla birlikdə bloklayacağını deyib.

XQ

Dünya