COP29-un yekunu dünya mediasının diqqət mərkəzindədir

post-img

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunu dünya mediasının diqqət mərkəzindədir. Bununla bağlı xarici mediada çoxlu sayda xəbərlər, məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, euronews.com saytı COP29-da yalnız maliyyə məsələlərinə deyil, eləcə də digər mühüm məsələlərə toxunulmasından və bununla bağlı qərarlar verilməsindən yazıb.

“Reuters”, “The Guardian”, “BBC”, “CNN” kimi xarici mediaların əsas diqqəti COP29 razılaşmasına yönəlib. Bu media qurumlarında inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunması ilə bağlı müəyyən fikirlər öz əksini tapıb.

“CBS news” telekanalı isə imzalanmış razılaşmaya toxunaraq bəzi nümayəndə heyətlərinin bu sövdələşmənin düzgün istiqamətdə getdiyini və gələcəkdə daha çox pul axınının olacağına ümid etdiyini vurğulayıb. Həmçinin qeyd edilib ki, ölkələr bu sövdələşmənin çoxtərəfli inkişaf bankları və özəl sektorlar kimi digər mənbələrdən maliyyələşdirməyə kömək edən siqnallar göndərəcəyini gözləyirlər.

“Bloomberg” agentliyi inkişaf etməkdə olan ölkələrə kömək etmək üçün vəsaitin üç dəfə artırılması ilə bağlı təxminən 200 ölkənin qəbul etdiyi razılaşmadan yazıb. Məqalədə COP29 ərəfəsində çoxsaylı görüşlərin keçirilməsi də vurğulanılıb.

“Traveldaily news” isə COP29-da dövlət və özəl sektor liderlərinin iqlim dəyişikliyinin turizm sektoruna əhəmiyyətli təsiri və onun istixana qazları emissiyalarına verdiyi töhfəni qəbul etməsi xüsusilə qeyd edilib. Eyni zamanda, turizmin iqlimə uyğunlaşma və regenerasiya strategiyalarının fəal şəkildə təşviqi vurğulanılıb. Bildirilib ki, COP29 çərçivəsində keçirilən “Turizm Günü” tədbirlərində 700-dən çox maraqlı tərəf iştirak edib.

Sosial həyat