20 Noyabr Ağdam Şəhəri Günüdür
Noyabrın 20-də füsunkar təbiəti göz oxşayan, vaxtilə gözəl Qarabağımızın ən müasir şəhərlərindən olmuş, sosial-iqtisadi inkişafı ilə seçilmiş Ağdam şəhərinin erməni işğalından azad edilməsinin 4 ili tamam olur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamına əsasən, artıq 2-ci ildir ki, Ağdam Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir. 20 noyabr təkcə 27 il sonra doğma Ağdam həsrəti sona çatmış 200 minə qədər ağdamlı üçün deyil, bütün xalqımız, dünya azərbaycanlıları üçün bayram ab-havalı, sevinc dolu bir gündür.
Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşən Ağdam rayonu 1930-cu il avqustun 8-də yaradılıb. Rayonun ərazisində minilliklərə şahidlik etmş yüzlərlə memarlıq və incəsənət abidələri mövcud olmuşdur. Ancaq 1993-cü il iyulun 23-də Ağdamın ərazisinin əksər hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildi, 128 min sakin doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq məhv edildi. Düşmən burada bütün binaları daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoymuş, milli-mədəni, tarixi və dini abidələrimizə qənim kəsilmişdi.
Təsadüfi deyil ki, Ağdam “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” adlandırılırdı. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı cəmi 44 gün sonra ölkəmizin tam qələbəsi ilə nəticələndi. Beləliklə, Vətən müharibəsində qazandığımız tarixi zəfər sayəsində xalqımızın 28 illik Qarabağ həsrəti başa çatdı.
Döyüş meydanlarında rüsvayçı məğlubiyyətlə üzləşən mənfur düşmən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu.
Sözügedən Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri 2020-ci il noyabrın 20- də Ağdam şəhərini həmişəlik tərk etdilər və şəhər ordumuzun tam nəzarətinə keçdi. Bundan cəmi 3 gün sonra müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər edərək Azərbaycan bayrağını burada qaldırdı.
Dövlət başçısının həmin vaxt Ağdam məscidinin qarşısındakı çıxışı bir daha əminlik yaratdı ki, düşmənin törətdiyi vandallıq aktlarının fəsadları tezliklə aradan qaldırılacaq və Qarabağın, Şərqi Zəngəzurun bütün digər yaşayış məntəqələri kimi Ağdam şəhəri də yenidən, özü də əvvəlkindən də gözəl bərpa ediləcək.
Prezident İlham Əliyev çıxışında bildirmişdi: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.
Bu gün tarixi qələbəmizin ardınca başlanılmış azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərinin dirçəldilməsi, genişmiqyaslı infrastrukturun qurulması layihələri uğurla reallığa çevrilməkdədir.
Fəxrlə söyləmək olar ki, artıq Ağdamın da bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb, rayonun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri artıq Böyük Qayıdış çərçivəsində öz doğma sakinlərini qarşılamağa hazırlaşır.
Azərbaycan dövləti Ağdamı şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında qurmağa başlayıb və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır, şəhər dünyada bənzəri olmayan Baş pland əsasında yenidən yaranır.
Bu gün Ağdamda təməlləri atılmış onlarla yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi, rezident sayına görə ölkənin ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkının fəaliyyətə başlaması, burada yüzlərlə rayon sakininin daimi işlə təmin edilmələri və onların öz doğma şəhərlərinin quruculuğunda iştirakları, “İmarət” kompleksinin bərpa edilərək istifadəyə verilməsi, müasir infrastrukturun formalaşması ağdamlıların hədsiz sevincinə səbəb olur, gələcək arzularına qol-qanad verir.
Yeri gəlmişkən, Ağdam Sənaye Parkında ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. İlkin olaraq rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. İşə götürülənlər isə əsasən Ağdamın və ətraf rayonların sakinləridir.
Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə dövlət başçısı şəxsən özü nəzarət edir. Bu mənada Prezident İlham Əliyevin rayona hər növbəti səfəri görülən işlərə yeni töhfələr verməkdədir. Məhz bu sonsuz diqqət və qayğı Ağdamın yaralarına məlhəm olur, əminlik yaradır ki, “külündən doğan” Ağdam tezliklə yeni, möhtəşəm simasına qovuşacaq, “ruhlar şəhəri” “cənnət şəhər”ə şevriləcək.
Mahir RƏSULOĞLU,
“XQ”nin Qarabağ müxbiri