“Çörək ağacı”nın acı balladası

post-img

Qonşuluğumuzda bir Əzim kişi var idi. Hər səhər səsinə oyanardıq. Uşaq idim, nə deyirdi, çox sözünü başa düşmürdüm. Bircə onu hiss edirdim ki, uşaqları onu çox incidir. Əzim kişi elə hey deyinərdi, uşaqlardan gah birinin, gah da digərinin üstünə qışqırar, “gədə, sənə demədim bəsdi...” hədəsini işə gedənə kimi 10-15 dəfə səsləndirərdi. 

İş deyəndə ki, Əzim kişi “İmamzadə”də mollalıq edərdi, səhər gedər, axşam yorğun-arğın qayıdardı və bu uşaqlar da “baba” deyərək tökülüşərdilər üstünə. Ona görə “baba” deyərdilər ki, Əzim kişi doğrudan da baba idi. Böyük oğlu Nərimanı lap gənc ikən evləndirmişdi və baba olmuşdu. 

Amma baba boş dayanmırdı, məhəllənin aşağı tərəfində yaşayan oğlu “ata” olan kimi, məhəllənin yuxarı başında yaşayan Əzim kişi də “ata” olurdu. Yəni bu uşaqların elə bir yaş fərqi də olmurdu. Beləcə övladlı-nəvəli uşaqların sayı bir həyətdə 15-i keçmişdi və hamısı da “baba” deyib yapışardılar işdən gələn Əzim əminin uzun ətəkli çuxasından və əllərini salardılar kişinin yekə ciblərinə. Nəyi olurdu, silib-süpürərdilər. 

Bu zaman Humay arvad gələrdi, “kişi, sən nə elədin, sabaha evdə çörək yoxdur” – deyib kor-peşiman ərinin üzünə baxar, dalınca da qayıdardı ki, “belə getsə, sən heç dişlərini düzəltdirə bilməyəcəksən”. Dəfələrlə görmüşdüm ki, Əzim kişinin ciblərini sökərkən əl-qolunu tərpətmədən, yavaşca “bəs mən dişimi nəynən düzəltdirəcəyəm?” deyərdi. Həmin anda Əzim əmiyə çox yazığım gələrdi...

Əzim kişi ilə aramızdakı hasar o qədər aşağı idi ki, bir-birimizi rahatca görür,  məhəllələrdə nə baş verir, biz də, onlar da müşahidə edə bilirdik. Divar boyu bir neçə qollu-budaqlı tut ağacları var idi. Elə ki, yazın sonları gəlirdi, tut ağaclarının budaqları biz tərəfə də əyilərdi. Anam deyərdi ki, “dəyməyin, ayıbdır, özümüzün ağaclarımız böyüyər, yeyərsiniz”. Amma Əzim kişi başımı görən kimi əl eliyər, məni çağırar, “tut ye” deyərdi və heç olmasa bir ovuc yeməsəydim, məni buraxmazdı...

Elə ki, axşam işdən gələrdi, uşaqlar növbə ilə tut ağaclarının birinin altında “brezent” deyilən çadır açardılar və biri də qalxıb budaqları çırpardı. Brezent dolar-dolmaz onu tutub qaldırar, tökülmüş tutu çadırın ortasına yığar, kənarlarında da özləri oturardılar və beləcə “şam yeməyi” başlayardı. “Humay, ordan pendir, çörək də gətir” deyə arvadını da süfrəyə dəvət edərdi. Elə iştahla, həvəslə yeyərdilər ki, adam məəttəl qalardı.

Böyük oğlu Bəhram mənimlə dostluq edirdi və mən hər dəfə onun tez yeyib süfrədən qalxmasını səbirsizliklə gözləyirdim və o da tələsik hasarın üstündən aşıb biz tərəfə keçərdi. Hərəmizin 7–8 yaşımız ancaq olardı. Bəhramın yaxşı əl qabiliyyəti var idi. Bir dəfə mənə məhəllələrindəki tut ağacları təsvir olunan bir şəkil göstərdi. Qəribə, həm də çox təsirli rəsm idi. Şəkildə ağacların ortasında dizi üstə çöküb hər iki əllərini göyə qaldıran atası Əzim kişi təsvir olunmuşdu. 

Dedim ki, “daha əllərini niyə göyə qaldırıb?” Bəlkə də, bu sualı gözləmirdi. Gözləri doldu və asta səslə dedi ki, “hiss edirəm ki, bu tut ağacları qurusa, babam çox pis olar. Özün görürsən ki, bütün yayı yeməyimiz tut, bir də pendir-çörəkdir. Babamı ona görə belə təsvir etmişəm ki, o, Allaha “balalarımın ruzisini kəsmə” – deyərək  yalvarır.

Düzü, söhbət mənə çox pis təsir etmişdi. Daha hər səhər yuxudan qalxan kimi ağacların yanına qaçırdım. Hətta biz tərəfə tökülən tutları da bir qaba yığıb Bəhramı səsləyir, qabı ona uzadar, o da hər dəfə qabı geri itələyərək, “sən nə danışırsan, babam bunu görsə, sənə də, mənə də çox acıqlanar”, – deyərdi. Bax, beləcə, nəhəng ağaclar bir növ müqəddəsləşmişdi, kasıb bir ailənin dayağına çevrildiyi üçün gözlərimdə ucalmışdı. Amma bir gün...

Əzim babanın həyətindən gələn çığırtı, ağlaşma səslərindən yuxudan oyandım. Əvvəlcə heç nə başa düşmədim. Elə bildim Əzim babaya nəsə olub. Amma o, lap obaşdan durub “İmamzadə”yə gedərdi. Bildim ki, evdə yoxdur və qışqırıq salanlar öz uşaqları və nəvələridir. Hasarın dibinə çatanda əli baltalı kişilərin tut ağaclarına durmaşdığını və budaqlarını amansızcasına dibindən kəsdiklərini gördüm. Hətta ağaclardan birinin yalnız iki metrlik kötüyü qalmışdı.

Uşaqların göz yaşları, “əmi, nə olar, kəsməyin” yalvarışlarına əhəmiyyət verən yox idi. Budaqlar kəsilir, qalaq-qalaq yığılaraq həyətin girişində gözləyən maşınlara yığılırdı. Humay arvad bir kənarda oturub “vay” deyərək eləcə dizlərinə vururdu, arabir də “can Əzim” sözlərini eşidirdim. Dəhşətli bir mənzərə idi. Əslində, çoxlarına tanış olan bu mənzərə 60-cı illərdə sovetin “baramaya kömək” adlı iyrənc bir üsula əl atmasından yaranan böyüklərə tanış səhnəcik idi. Ağına-bozuna baxmadan insanların həyətinə soxulur, çoxillik ağacları dibindən kəsib aparırdılar.

...Qaş qaralmamış Əzim kişi gəldi. Ətrafına baxdı ki, nə uşaqları var, nə də üstünü, çuxasını dartışdıran. Qorxularından hamısı qaçıb gizlənmişdi...Birdən gözü mənə sataşdı, “oğul, bəri keçsənə” deyəndə, ağlaya-ağlaya tut ağaclarını göstərdim...

Əzim baba donub qaldı. Yenicə kəsilmiş ağaclardan birinin kötüyündən su damcılayırdı. Uşaq ağlımla mənə elə gəldi ki, ağac ağlayır. Əzim əmi yoğun kötüyü qıcaqlayıb birdən hönkür-hönkür ağlamağa başladı. Bu an gördüyüm mənzərə, ondan eşitdiyim iki kəlmə söz həyatım boyu yadımdan çıxmır. Əzim babanın göz yaşları ağacdan axan suya qarışırdı. Ara vermədən “mənim çörək ağacımı niyə kəsdiniz?” deyərək uşaq kimi hıçqırırdı. 

Bir azdan günahkar adam kimi Humay arvad gəldi, qollarını Əzim əminin boynuna salaraq “Əzim, ağlama, başqasını əkərik, bunlardan da yaxşı olar” – deyib ərinə təsəlli verməyə başladı. Əzim baba birdən hıçqırtısını kəsərək kəsilmiş tut kötüklərinin arasına keçdi, dizlərini yerə qoyaraq hər iki əllərini göyə qaldırıb nəsə deməyə başladı. Yadıma oğlu Bəhramın bir neçə gün qabaq atasının bu vəziyyətdə çəkib mənə göstərdiyi şəkli düşdü. Yenidən ağlamaq tutdu məni və düşündüm ki, dostum, həyətdəki digər uşaqlar ac qalıb öləcəklər.

Aradan heç bir il də keçmədi, Əzim baba bu dünyadan səssiz-səmirsiz köçdü. Bəlkə də, yaşadığı dəhşətli mənzərə onu həyatdan nakam apardı...Uşaqlar böyüdü, amma tut ağacları böyümədi. Böyük oğlu Nəriman kişidən sonra onları kökündən çıxartdırıb odun elədi və atasının Novruz çərşənbələrindən birinə düşən ilində həyətdə yekə bir tonqal qaladı. Həm öz uşaqlarına, həm də Əzim babanın uşaqlarına öyrətdi ki, “ağırlığım-uğurluğum sovetdə qalsın deyib, üstündən tullanın”. 

Uşaqlar elə də etdilər, hətta mən də qoşuldum onlara. Amma heç birimiz o sözləri deməyə cəsarət etmədik. Bilirdik ki, bunlar qorxulu sözlərdir və əli baltalı kişilər yenidən gələ bilər, bu dəfə tut ağaclarını yox, bizi apararlar.

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri 

Gəncə

 

Sosial həyat