Amma oxuculara çatdırılmadı
Vaxt var idi qəzet-jurnal qapıya gələrdi, ya hara üz tutsan, rastına qəzet-jurnal çıxardı. Özəlliklə paytaxt Bakıda: poçtalyon ləngiməzdi, abunəçi olmayanlar isə şəhərin hər tinində qoyulmuş yığcam köşklərdən qəzet ala bilərdilər. Elə metro stansiyasından da, əl yayımından da gündəlik qəzetləri almaq mümkün idi. Hətta küçələrdə, park və xiyabanlarda, böyük ticarət obyektlərində, marketlərdə qəzet lövhələri, stellajları vardı. Yəni, sübh tezdən gecə yarıyadək işləyən bir şəbəkə...
İndi də şəhərin hər tinində qəzet köşkü qoyulub. Amma bunlara yalnız dərindən köks ötürüb qəzet köşkü demək mümkündür. Əslində, “min cür xırdavat” dükanını xatırladır. Hər şey var, ...qəzetdən başqa. Soruşanda görürsən ki, satıcı nəinki qəzetin qiymətini bilmir, adından xəbərsizdir.
Bu köşkləri çap mətbuatı ilə təmin edən yayım qurumunun iş qrafiki də çox qəribədir. Məsələn, ölkənin üç rəsmi qəzeti həftənin bazar günləri də çıxır. Ancaq oxucu bazar nömrəsini yalnız o biri həftənin ikinci günü ala bilər, çünki bazar və bazar ertəsi köşklərə qəzet verilmir.
Rəsmi qəzetlər bəzən bayram günlərində də işıq üzü görür, amma köşk üzü görmürlər. Lap elə son günləri götürək. Rəsmi qəzetlərin, o cümlədən “Xalq qəzeti”nin kollektivi noyabrın 11-dən iş başındadır. Bakıda BMT-nin ən nüfuzlu tədbiri – COP29 beynəlxalq iqlim konfransı keçirilir. Bu üzdən hamının istirahət etdiyi 12 və 13 noyabrda qəzet buraxmaq lazım gəlib. Ancaq nə o nömrələr satışa çıxarılıb, nə də rəsmi iş günü olan 14 noyabrda çap olunan nömrəmiz. Səbəb: yayım şəbəkəsi istirahətdən qayıtmayıb. Belə məlum olur ki, noyabrın 15-də dörd nömrəni eyni vaxtda yayacaqlar.
Bu, düzgündürmü, cənablar? Zənnimizcə, yox! Bu, oxucuya da hörmətsizlikdir, jurnalist əməyinə də...
XQ