İki-üç gün əvvəl işğalçı ölkənin “Arm.info” xəbər saytında Amerika Erməni Assambleyasının prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisi şantaj edən bir bəyanatını oxudum. Orada yazılırdı ki, hər iki namizədin ABŞ-da yaşayan erməni seçicilərinin səsinə çox böyük ehtiyacı var: “Ancaq onların heç birinin bizim səsimizi qazanmağa haqqı çatmır. Çünki Azərbaycan Ordusu ermənilərə zülm edəndə, Artsaxdakı tarixi abidələrimiz dağıdılanda bu namizədlərin heç biri səsini çıxarmayıb. Onların heç biri ermənilərin olanının ermənilərə qaytarılmasını tələb etməyib”.
Yəqin ki, Trampın və Harrisin tərəfdarları dünyanın hər yerində yalan, böhtan və şantajla baş saxlayan ermənilərə cavab verəcəklər. Ancaq mən “ermənilərin olanının ermənilərə qaytarılması” tələbinə cavab vermək üçün bəzi mənbələrə baxmaq istədim. Bu zaman daha bir yalanla üzləşdim. Erməni deputat yazır ki, biz dünyanın harasında möcüzə xarakterli uğura əl atırıqsa, onu mütləq kimsə əlimizdən alır və öz adlarına çıxırlar. Misal kimi Ankaradakı Çankaya köşkünü göstərir və şərəfsizcəsinə tarixi faktı saxtalaşdıraraq deyir ki, türklər həmin tikintini mənimsəyərək həqiqi sahibinin əlindən zorla alıblar.
Türkiyənin ondan çox, Rusiyanın isə üç mənbəsində oxudum ki, Osmanlı İmperiyası dövründə Anadoluda türklər və digər xalqlarla yanaşı, ermənilər də əmin-amanlıqda yaşayırdılar (yəni söhbət ermənilərin Türkiyə dövlətinə xəyanət etməsindən əvvəlki dövrlərdən gedir). Həmin dövrdə – XIX əsrin son onilliklərində Ankara yaxınlığındakı Çankaya rayonunda yaşayan erməni tacir – zərgər Hovanes Ksapyan özünə möhtəşəm bir bağ evi tikdiribmiş. Tarixin bütün dövrlərində hamıya xəyanət etməyi bacaran ermənilər yeni əsrin əvvəllərində Türkiyə dövlətinə xəyanət edəndə isə Hovanes həmin mülkü Tevfiq Bulqurzadə adlı bir türkə sataraq, özü Konstantinopola (İstanbula) qaçır. Fakt odur ki, onlar hər şeyi satmağı və aradan çıxmağı yaxşı bacarırlar.
Bu tarixçəni xatırlatmaqda məqsədim odur ki, erməni deputat ağ yalan danışır. Hovanesin mülkünü heç kəs əlindən almayıb və ya mənimsəməyib. Bütün türklər – istənilən səviyyədə etiraf edirlər ki, bu sarayı erməni millətindən olan Kasapyan tikdirmiş və sonra satmışdır. Vəssalam!
O ki qaldı Türk dünyasının ən ünlü məkanlarından biri olan Çankaya rayonuna, xatırladaq ki, bu ərazi Türkiyənin paytaxtı Ankaranın ən gözəgəlimli ərazilərindəndir. Türkiyəli həmkarlarımız yazırlar ki, bu rayon Anadolu düzənliyinin ortasında qayalıq bir ərazidə qurulmuşdur. Çankaya dövlətin əksər strukturlarının cəmləşdiyi inzibati mərkəzdir. 2021-ci il statistikasına görə bu rayonun əhalisi 1 milyona çatmışdı. Yəni Türkiyənin ən sıx məskunlaşan bölgələrindən biri məhz Çankayadır.
Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, İtaliya, Rusiya Federasiyası və Ukrayna səfirlikləri, eləcə də bir sıra digər ölkələrin diplomatik missiyaları bu rayonda yerləşir. Bundan başqa, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi, Türkiyə Parlamenti, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı və Meşə Nazirliyi, Ekologiya və Şəhərsalma Nazirliyi və digər dövlət qurumları da buradadır. Buradakı Çankaya köşkü 1923-2014-cü illər arasında Türkiyə prezidentlərinin yaşadığı kompleksdir.
Ekspertlər Çankaya bölgəsinin Türkiyənin ən böyük tələbə şəhərlərindən biri olduğunu qeyd edirlər. Burada Türkiyənin ən yaxşı dövlət və özəl universitetləri fəaliyyət göstərirlər. Rayondakı 10 universitetdə yüz mindən çox tələbə təhsil alır. Bölgənin adını daşıyan Çankaya Universiteti də dünyanın ən yaxşı min universiteti sıralamasında yer alan iki türk universitetindən biridir.
O ki qaldı, adıçəkilən köşkə (ruslar onu dvorets – saray kimi qeyd edirlər) xatırladaq ki, Qurtuluş savaşının rəhbəri Mustafa Kamal Atatürk 1919-cu ildə Ankaraya gəldikdən sonra Ankara Kənd Təsərrüfatı Məktəbində məskunlaşmış, 23 aprel 1920-ci ildə Böyük Millət Məclisinin sədri seçildikdən sonra dəmir yolu vağzalı yaxınlığındakı daş evə köçmüşdü. 1921-ci il iyunun əvvəlində Atatürk Çankaya köşkünə köçür və bu ev rəsmi dövlət binası kimi tanınır. Xatırladaq ki, bu köşk Tevfiq Bulqurzadədən xeyirxah insanların topladığı ianələr hesabına satın alınmış və Qurtuluş müəllifinə bağışlanmışdı.
Əlavə edilir ki, 1924-cü ildə memar Mehmet Vedat həmin binanı təmir etmiş, 1926-cı ildə burada istilik sistemi quraşdırılmışdı. Bu ev Atatürk 1932-ci ilin iyununda yeni Çəhrayı malikanəyə köçənə qədər onun əsas iqamətgahı oldu. Yəni bu malikanənin Cümhuriyyət tarixində mühüm rolu olmuşdur. 1950-ci ildə yenidənqurmadan sonra muzey kimi istifadəyə verilmişdir.
Bəs Çəhrayı köşk nədir? Qeyd edilir ki, 1930-cu ildə Atatürk məşhur avstriyalı memar, professor Klements Holzmeysterdən Türkiyədə yeni hökumət iqamətgahının layihələndirilməsini və tikintisini xahiş edibmiş. Holzmeyster 1932-ci ildə yeni malikanənin tikintisini tamamlayıb və yeni binaya Çəhrayı köşk adı verilib. Atatürk 1938-ci ildə vəfat edənə qədər Çəhrayı köşkdə yaşayıb. Sonradan bütün digər türk prezidentləri də orada yaşamışdır.
Xatırladaq ki, qardaş ölkənin indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə prezident seçildikdən sonra Beştəpədə Prezident sarayı tikilib və 91 il Türkiyənin inzibati mərkəzi olan Çankaya köşkündən Baş Nazirlik binası kimi istifadə olunmağa başlayıb. Bundan başqa, vitse-prezidentlər də həmin malikanədə keçirilən mərasimlərdə həmkar və qonaqlarını qəbul edirlər.
Yəni Çankaya rayonu kiçik mənada qardaş Türkiyə Cümhuriyyətinin mərkəzi olsa da, geniş mənada böyük Turanın ən ünlü ünvanlarından biridir.
İttifaq MİRZƏBƏYLİ