Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçiriləcək

post-img

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 3-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan keçirəcək.

DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün 774 nəfər qeydiyyatdan keçib. Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda saat 16:00 keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

“Yaddaş kitabçası” ilə DİM-in saytından tanış ola bilərsiniz. İmtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmaları xahiş edilir.

Sosial həyat