Lerik şəhidləri anılıb

post-img

İşğal olunmuş əzəli torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda 2020-ci ildə başlanan Zəfər yürüşündə Lerikin vətənpərvər övladları da yaxından iştirak ediblər.

Lerikin 5 igid oğlu Birinci Qarabağ müharibəsində Azərbaycanın Milli Qəhramanı adına layiq görülüb: Valeh Müslümov, Fəxrəddin Şahbazov, Rövşən Abdullayev, Fərhad Ağayev və Əsgər Əliyev. Ötən ilin payız zəfər yürüşündə isə tank komandiri, mayor Amid Heydərova ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Döyüşlərdə qəhrəmancasına şəhid olmuş onlarla lerikli isə orden və medallarla təltif ediliblər.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri – Lerik şəhərində Elnur Əsədullayev, Soru kəndində Murtuz Abbasov və Ləkər kəndində Təbriz Talıbovun şəhadətə qovuşmasının 4-cü ildönümü ilə əlaqədar məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzüblər. Şəhidlərin igidlik nümunələri xatırlanıb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, hər 3 şəhid Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər döyüş medalları ilə təltif olunub.

İcra hakimiyyətinin başçısı mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə söhbət edib, hər birinin qayğıları ilə maraqlanıb.

XQ

Sosial həyat