Onu zəka və özünəinam oyadır
Biz vaxtımızın çoxunu xəyallar aləmində keçiririk. Müstəsna, coşqun yaradıcılıq anlarında isə inadla nəticə əldə etməyə çalışırıq. İç dünyamızdan çıxıb ətraf aləmə, insanlara, gerçəkliyə bağlanırıq. Bir yerdə qərar tutmayan fikirlərimizə meydan vermək əvəzinə ağlımız bir səmtə tuşlanır. Bizə elə gəlir ki, düşüncəmizdə ətraf aləmdən işıq seli axır, yeni fikirlər doğulur, bu, bizi ruhlandırır, içimizdə yaradıcılıq gücü qabarır. İş həll olunandan sonra isə yaradıcılıq gücü zəifləyir, biz əvvəlki sakit halımıza qayıdırıq. Daha o gücün hökmünü hiss edə bilmirik. Kaş bu hissin ömrünü uzatmaq mümkün olardı...
Təsəvvür edək ki, yaradıcılıq qüvvəsi anadangəlmə qabiliyyətdir. Bu mistik anlayışı açmaq o qədər də asan deyil. Amma onun köklərini tapmaq heç də pis olmazdı. Hər halda insan bilmək istəyir ki, bu halı necə yenidən yaratmaq və onun müddətini necə uzatmaq olar. Biz bu hisləri çox nadir hallarda yaşayırıq. Amma elə insanlar var ki, bu hal onlar üçün həyat tərzinə çevrilib. Onlar istədikləri zamanda özlərini həmin əhvala kökləyə bilirlər, bu, onlar üçün dünyanı dərk etmək vasitəsidir. Sadə insanlar da bu qabiliyyətə yiyələnə bilərlər, sadəcə, müvafiq alqoritmləri qavramaq lazım gəlir.
Özünəinam, müşahidə bacarığı, hissləri cilovlamaq, iradə... Bu xüsusiyyətlər vasitəsilə insan qanunauyğunluqların necə işlədiyini dərk edir, təcrübə qazanır. Beləliklə, mövzunu daha dərindən başa düşməyə yaxınlaşırıq. Biz həyatın məğzinə yetirik, insan təbiətinin və təbii fenomenlərin mahiyyətinə enirik. Bunun sayəsində görkəmli alimlər fizikanın yeni qanunlarını kəşf edir, ixtiraçı və ya sahibkar hər hansı bir məsələnin əvvəllər heç kimin ağlına gəlməyən həllini tapır.
Bu, intuisiyadır. İntuisiya hiss və düşüncələrin naviqatorudur, o, insanı düzgün ünvana aparıb çıxarır. İntuisiya o deməkdir ki, iradi ya qeyri-iradi, insani ya heyvani – instinkt və ağıl qovuşur. Bu proses baş verənlərin mexanizmini dərk etməyə imkan verir.
Məşhur ingilis dramaturqu Robert Qrin “Ustalıq” əsərində yazır ki, uşaqlıqda hamımız intuitiv və spontan əhvalı yaşamışıq. Amma zaman keçdikcə beynimizə axın edən informasiya o gücləri zəiflədir. Ustalar bu əhvalı yenidən yaşaya bilirlər, təsadüfi deyil ki, onların yaradıcılıq nümunələri uşaq səmimiyyəti ilə seçilir – ürəkdən gəlmədir, qeyri-iradi, amma daha yüksək səviyyədə üzə çıxır.
Rus yazıçısı Aleksandr Qrinin “Al yelkənlər” romanını oxuyarkən müəllifin uşaq heyrətinə məəttəl qalırsan. Yazıçı balaca Assolun nağıl dünyasına o qədər ustalıqla daxil olur ki, biz qızcığazın xəyallar aləmində necə xoşbəxt olduğuna və bu xəyalların necə gerçəkliyə çevrildiyinə sidq-ürəkdən inanırıq.
Ekzüperinin “Balaca şahzadə”si də bu qəbil əsərlərdəndir. Uşaq yazıçılarının səmimiyyəti məhz bu ustalıq sayəsində əldə edilib. Hərçənd bizim mövzumuz heç də ədəbiyyat deyil. Lakin yaradıcı qüvvədən danışırıqsa, ədəbiyyatdan yan ötmək mümkünsüzdür. Ədəbiyyat məhz onun sayəsində yaranır.
İstənilən bədii mətnə professional alətlərlə yanaşsaq, oradan mütləq bugün üçün də aktuallığını itirməyən maraqlı şeylər tapmaq olar. Bəs peşəkar alətləri haradan tapmalı? Bunun üçün sadəcə, professionallığa yiyələnmək lazımdır. Bu yolda zəhmət çəkməsən, yaradıcı qüvvə sənə tabe olmayacaq.
A.Qrinə görə, insanlar yüz illər boyu ustalığın ətrafında hündür hasarlar hörüblər. Ona dahilik təzahürü deyib adi adamlar üçün əlçatmaz olduğunu düşünüblər. Seçilmiş insanlara anadangəlmə istedad kimi baxıblar. Nəticədə ustalıq da magiya kimi əlçatmaz görünüb. Amma bu hasar yalnız təsəvvürdədir axı. Əsl sirr isə bundadır – bizim beynimiz altı milyon illik inkişaf yolu keçib və təkamül prosesində elə bir səviyyəyə çatıb ki, hər birimiz bu ustalığa, içimizdə gizlənən o yüksək gücə yiyələnə bilərik.
Təsəvvür edin, altı milyon il əvvəl Şərqi Afrika düzənliklərində gəzən qədim əcdadlarımız təəccüblü dərəcədə zəif məxluqlar olublar. Boyları metr yarımdan artıq olmayıb. Zəif və sayca az olmaları üzündən onları məhv olmaq təhlükəsi gözləyirdi. Buna baxmayaraq, bir neçə milyon il ərzində insanlığın təkamül prosesi nəticəsində əcdadlarımız planetdə ən güclü varlığa çevrildilər. Bu fantastik çevrilmə necə baş verdi? Bu mental çevrilmənin əsasında iki sadə bioloji xüsusiyyət dayanır. Vizual və sosial xüsusiyyət – ibtidai insanlar onları gücə çevirməyi bacardılar.
İnsanın xoşbəxtliyi ondadır ki, təbiətin irsi olaraq bizə verdiyi beyin möcüzəli şəkildə çevik və mütəhərrikdir. Bu fakt insanın təkrarolunmaz olduğunu göstərir. Bu da Tanrının lütfüdür, Yaradan insanı belə xəlq edib. Ustalıq hər birimizin içində gizlənib. Onu aşkara çıxarmaq üçün beynimizi səfərbər etməliyik.
Kənan HACI,
yazıçı-publisist