Demensiya unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi addır. Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən yaddaş pozuntusu, ağıl itkisi ilə müşahidə edilən demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər.
London kollecinin bu sahə ilə məşğul olan alimləri demensiya riskini dəfələrlə azaldan qidanı açıqlayıblar. Onlar elmi tədqiqatlarla sübut ediblər ki, müntəzəm olaraq, yumurta yemək insanı demensiyadan qoruyur.
Alimlər 50 yaşdan yuxarı 466 könüllünü təhlil edib, onların yarısında 5 il ərzində demensiyanın inkişaf etdiyini müşahidə ediblər. Tədqiqatçılar həmin insanların sağlamlıq, həyat tərzi, vərdişlərini və qidalanmalarını detallı təhlil ediblər.
Nəticələr göstərib ki, hər gün yumurta yeyən iştirakçılarda demensiyaya daha az rast gəlinib. Belə ki, sağlam qrupda olan 41 faiz insan hər gün yumurta yediyini bildirib.
Ayda cəmi 1–2 dəfə yumurta yeyənlərdə isə demensiya riski 4–5 dəfə çox olub.
Alimlər profilaktika üçün çox yumurta yeməyin tərəfdarı deyil. Amma onlar həm də bildirirlər ki, suda, yağda bişirilməsindən asılı olmayaraq gündə 1 ədəd olmaqla, həftədə 3 dəfə yumurta yetərlidir.
Z.HÜSEYNLİ
XQ