2020-ci ilin oktyabrı Gəncənin və gəncəlilərin yaddaşında ağ-qara filmlər kimi qalacaq. Bu qədim şəhərin Ermənistan tərəfindən 5 dəfə ayrı-ayrı günlərdə bombalanması, yaşayış binalarının və çoxlu sosial obyektlərin yerlə-yeksan edilməsi, 26 nəfər dinc sakinin – körpə uşaqların, qocaların və qadınların dağıntılar altında qalaraq həlak olması, yüzlərlə sakinin yaralanması, şikəst olması heç vaxt unudulmayacaq, heç vaxt!
..İlk hücum oktyabrın 4-də baş verdi və 1 mülki şəxsin – Əliyev Tunar Qoşqar oğlunun şəhid olması (qəzetimizin ötən nömrələrinin birində bu hücum haqqında ətraflı məlumat vermişik - HQ), 30-dan çox sakinin yaralanması ilə nəticələndi. Qeyd edək ki, bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən onlarla kilometr uzaqda idi.
İkinci raket hücumu isə oktyabrın 5-də baş verdi. Hücum nəticəsində 3 mülki şəxs yaralandı. Üç gün sonra, oktyabrın 8-də üçüncü raket hücumu oldu. Xoşbəxtlikdən həlak olan və yaralanan olmadı. Dördüncü raket hücumu isə oktyabrın 11-də baş verdi və nəticədə 10 mülki şəxs şəhid oldu, 40-dan çox insan yaralandı. Bu hücum aşağıda söhbət açacağımız atəşkəs razılaşmasından cəmi bir gün sonra baş verdi və atəşkəs erməni tərəfindən pozuldu. Ən nəhayət, mülki şəxsləri hədəf alan beşinci raket hücumu oktyabrın 17-də baş verdi. Həmin gecə hamısı mülki şəxs olmaqla 15 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Hücumlar zamanı şəhərin yaşayış binalarına, digər sosial obyektlərə, avtomobillərə ciddi ziyan dəydi.
Mülki şəxslərə raket hücumlarında həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da oldu. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu haqlı olaraq “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı” adlandırdı.
Ortada olan sübutlara baxmayaraq, şəhəri əsasən gecələr atəşə tutan və bu zaman daha çox insanın həlak olmasına çalışan Ermənistan yarasaları hücumların onlar tərəfindən həyata keçirilməsini inkar edirdilər.
Oktyabrın 9-da Rusiya da daxil olmaqla xarici işlər nazirləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli müzakirələr başlandı və danışıqların nəticələrinə əsasən birgə bəyanat elan olundu. Razılığa gəlindi ki, oktyabrın 10-dan atəşkəs elan olunur.
Amma... atəşkəsə heç bir gün də dözmədilər...
Bu hadisədən sonra bədnam qonşuların işğalçı silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutdu. O zaman səhər saat 7-də Baş Prokurorluğun yaydığı açıqlamada qeyd olunurdu ki, düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində günahsız insanlar həlak olub, xeyli adam yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib. Açıqlamada Ermənistan silahlı qüvvələrinin “Toçka-U” raket sistemindən istifadə edərək Gəncədə insanların sıx yaşadığı məntəqəni atəşə tutduğu bildirilirdi.
Gəncəni iki-üç gündən bir bombalayan erməni tərəfinin iddialarına görə raket atəşləri yalnız hərbi obyektlərə qarşı yönəlmişdi. Ermənistanın hərbi rəhbərliyi Gəncədə 10 hərbi obyektin olduğunu bildirirdi. Halbuki uydurulan hərbi obyektlərin hansısa birinin raket hücumlarında ziyan görməsinə dair bir dənə də sübut yoxdur. Olsaydı indi bütün dünyaya car çəkmişdilər.
Biz dəfələrlə bildirirdik ki, Gəncədə, ümumiyyətlə, hərbi təyinatlı binalar yoxdur. O günlər hadisə yerində olan rus jurnalisti və hava limanının direktoru “Covid-19” pandemiyasına görə martdan bəri işləməyən hava limanının vurulması xəbərinin yalan olduğunu bildirdilər və bu barədə mətbuatda ifşaedici yazılar dərc olundu.
Gecə vaxtı Berd rayonunun ərazisindən “Skad” ballistik raketin buraxılması insanlar yaşayan binaya tuş gəlmişdi və onu tamamilə dağıtmışdı. Heç 5 dəqiqə keçməmiş, az qala, bütün Gəncə ora axışmışdı. Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, həmin gecə və ondan əvvəlki, yaxud sonrakı günlərdə şəhərin icra strukturları saat mexanizmi kimi işləyirdilər. Evləri dağıdılmış sakinlər dərhal yaşayış yerləri ilə təmin olunurdular, pal-paltar verilirdi, yaralananlara hərtərəfli yardın göstərilirdi, həlak olanlar elliklə dəfn olunurdular. Bir sözlə, həm güc strukturları, həm də fövqəladə hallar, mülki müdafiə xidmətinin əməkdaşları, ən başlıcası isə, əhalinin özü gecə-gündüz həmin ərazilərdə idilər...
Yuxarıda xatırlanan hücum nəticəsində şəhərdəki infrastruktura ciddi ziyan dəymişdi. Ümumilikdə, 31 mənzil tamamilə dağıdılmış, hadisə yerində və onun yaxınlığındakı obyektlər və avtomobillər sıradan çıxmışdı. Hücumdan, ümumilikdə, 205 nəfərin yaşadığı 95 mənzil ziyan çəkmişdi. Ermənistan isə hücuma görə məsuliyyəti öz üzərindən atırdı.
17 oktyabrda, təxminən, yerli vaxtla saat 1-də də eyni faşist hərəkəti təkrarlandı. Erməni Silahlı Qüvvələri “Skad” ballistik raketlərini yenə işə saldılar, Gəncəni atəşə tutdular. Şəhərin müxtəlif yerlərində 3 güclü partlayış səsi eşidildi. “RİA Novosti” agentliyinin müxbiri yazırdı ki, ballistik raketlər əhalinin sıx yaşadığı əraziyə düşüb və bu zaman xeyli sayda yaşayış evi dağılmışdır, dağıntılar altında insanlar qalmışdır. Rusiyanın “Dojd” kanalının müxbiri Vasili Polonski isə raketlərin düşdüyü yerlərin yaxınlığında heç bir hərbi, o cümlədən hansısa digər vacib obyektlərin olmadığını bildirmişdi. Həmin hücum nəticəsində 15 nəfər həlak olmuş, 55 nəfər yaralanmışdı.
Həmin günlər döyüşlərin getdiyi Qarabağ bölgəsindən şad xəbərlər alırdıq. Bu, gəncəliləri hədsiz ruhlandırırdı. Onlar qələbənin heç də uzaqda olmadığına inanırdılar. Oktyabrın 17-də Gəncəyə sonuncu raket hücumuna cavab olaraq Kəlbəcər bölgəsində yerləşən 3 R-17 Elbrus taktiki raketinin məhv edilməsi xəbəri isə Gəncədə böyük coşqu ilə qarşılanmışdı. İddiaya görə, bu raketlər Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini hədəfə almışdı. Ermənistan tərəfi ölkə daxilindəki bölgələrin vurulmasını qəbul etsə də, Azərbaycana edilən hücumları inkar edirdi. Yeri gəlmişkən, ondan 3 gün qabaq Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev bildirmişdi ki, Azərbaycan qüvvələri 4-cü hücuma cavab olaraq Qarabağımızın Füzuli şəhərini və onun bir çox kəndini işğaldan azad etmişdir.
...O vaxtdan 4 il keçir. Gəncə bu gün yenə əvvəlki sakit, firavan həyatını yaşayır. Sakinlər 2020-ci ilin oktyabrını dəyanətlə qarşılayıb yola saldılar. Qorxmazlıqları, vətənpərvərlikləri, doğma şəhərə bağlılıqları, Prezidentlərinə sədaqətliliyi ilə yadda qaldılar. Akademik Fuad Əliyev yaxşı deyir ki, gəncəlilər belə sınaqlardan çox çıxıblar, heç vaxt da sınmayıblar. Çünki onlar daim haqq-ədalətə sığınıblar, xalqının gücünə inanıblar, cənab Prezidentimizin ətrafında sıx birləşiblər.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə