Avrasiyanın ən uzun çayı da qlobal istiləşməyə dözmür

post-img

Başlanğıcını Tibet dağlarının dəniz səviyyəsindən 6 min 500 metr hündürlükdə olan qarlı zirvələrindən götürən bu çay bir neçə cəhətdən maraq doğurur. Əvvəla, o, materikin ən uzun çayıdır. İkinci mənbəyi də, mənsəbi də eyni ölkənin ərazisindədir. Üçüncü, ötən əsrin əvvəllərinədək Yantsızının adı “Mavi çay” kimi (ehtimallara görə, bu ad Çində Sarı çayın da olduğuna görədir) göstərilib. Dördüncü, o, dünyanın ən uzun (Amazon və Konqo çaylarından sonra) üçüncü çayıdır. Beşinci, Asiyanın daha bir böyük çayı – Mekonqla yanaşı, çinlilərin dediyi kimi, çiyin-çiyinə axır. Uzun illər və əsrlər boyu bolsululuğuna görə də fərqlənib. Amma indi qlobal istiləşmə və iqlim dəyişmələri onu da xeyli “sıxır”.

Hələ 2019-cu uldə alimlər deyirdilər ki, Yantsızının suyu azalır. İndi isə demirlər, sadəcə, həyəcan siqnalı çalırlar. Alimlərin fikrincə, orada suyun azalmasına çay axarının uzunluğu da təsir edir. Belə ki, Çin kimi inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsinin ərazisi ilə 6300 kilometr axıb gedən çayın suyunun azalması o qədər də qeyri-adi deyil. Ancaq bu arqumentə opponentlik edən mütəxəssislər deyirlər ki, Çin son dörd-beş ilin inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsi deyil ki. Yüz illərdir Çin sənayesi də, kənd təsərrüfatı da Yantsızının suyundan bəhrələnir. Amma indi vəziyyət tamam başqadır.

yangtze.by/reka-yanczy/ yazır ki, bu çay ölkə boyu çoxsaylı dağlardan, dərələrdən, hətta böyük göllərdən (Yantsızı Çinin beş şirinsulu gölündən dördü ilə “görüşüb” sonra yoluna davam edir) keçərək , ucsuz-bucaqsız çöllərlə axaraq, Şanxayda Sakit okeanın Şərqi Çin dənizinə tökülür. Yəni Yantsızı Çinin təbiəti, iqtisadiyyatı, sənaye və kənd təsərrüfatı üçün olduqca əhəmiyyətli mənbədir. Odur ki, alimlərin həyəcan siqnalı çalması tamamilə təbiidir.

İttifaq MİRZƏBƏYLİ

Ekologiya