Vətən müharibəsinin xronikası: 17 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən, 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan azad edilib. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Dövlət başçısı müraciətində bildirib: “Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı soydaşlarımıza Allah şəfa versin!

Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz”.

Dövlət başçısı müraciətində daha sonra Füzuliyə qayıdacağımızı, bütün kəndləri yenidən quracağımızı, abadlaşdıracağımızı əminliklə ifadə edib: “O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən, Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin, təqribən, yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər”.

Ali Baş Komandan müraciətində Vətən müharibəsinin başladığı sentyabrın 27-dən bu günə qədər Azərbaycanın Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurduğunu, düşmənin daha böyük həcmdə texnikasının məhv edildiyini vurğulayıb. Prezident İlham Əliyev daha sonra deyib: “Füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

• Ermənistan silahlı qü vvələri gecə saat 01.00 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini raket atəşinə tutub.

Baş Prokurorluğun məlumatına görə, bu xain hücum nəticəsində 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib. Paylaşımda vurğulanıb: “Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən?

Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür.

Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir!

Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram.

Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS qurğusu, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru xeyli itki verərək mövqelərini atıb və geri çəkilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi qulluqçu döyüş mövqelərini özbaşına tərk edib.

• Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası bölmələrimiz tərəfindən məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, çirkin, məkrli və qorxaq xislətinə uyğun olaraq döyüş meydanında acizliyini başa düşəndə dinc əhalini atəşə tutan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusundan daha bir sarsıdıcı zərbə alıb. Qəhrəman Azərbaycan Ordusu düşmənin xaincəsinə yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan şəhidlərimizin qisasını məhz döyüş meydanında alır.

• Müdafiə Nazirliyi düşmənin S-300 zenit-raket kompleksinin məhv edilməsinin videogörüntülərini paylaşıb.

• Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları Azərbaycan Ordusunun aviasiya zərbələri ilə darmadağın edilib.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

XQ



Siyasət