Azərbaycan – Gürcüstan: Etibarlı dost dar gündə tanınar

post-img

II MƏQALƏ

Cənubi Qafqaza sülh lazımdır. Biz hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Necə ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

2003-cü il: Mübarizə məkanı genişlənir

Azərbaycan – Gürcüstan münasibətləri dünya miqyasında öz yerini möhkəmləndirdikcə, buna neqativ yanaşanlar da fəallaşdılar. Çünki onlar görürdülər ki, bu iki Cənubi Qafqaz dövləti əsrlərdir ki, regionu parçalayan siyasəti pozur və əvəzində əməkdaşlıq fəlsəfəsinə üstünlük verirlər. Kənardan olan təsirlərin əsas hədəfi

bu məqsədə aparan əsas əməkdaşlıq faktoruna – Azərbaycanın enerji strategiyasına əngəl törətməkdən ibarət idi. 2003 – 2008-ci illərdə bunun bir sıra əlaməti oldu. Özü də maraqlıdır ki, iki qlobal güc – Qərb və Rusiya həmin məsələdə həmrəy olmuşdular.

Avropa İttifaqı daha hiyləgər davranırdı. Bu təşkilat Azərbaycanı enerji siyasətində özünə tabe etdirməklə, bütövlükdə, situasiyanı, o cümlədən, Azərbaycan – Gürcüstan münasibətlərini idarə etməyi qarşısına məqsəd qoymuşdu. Buna görə də Aİ Şərq Tərəfdaşlığı proqramı çərçivəsində rəsmi Bakıya təzyiqlər edərək assosiativ üzvlüyə təhrik edirdi. Lakin Prezident İlham Əliyev hər şeyi öncədən görüb qiymətləndirməyə qadir siyasi lider kimi, buna imkan vermədi. Aİ Azərbaycana təzyiq edib, özündən asılı vəziyyətə salmaqda heç nəyə nail ola bilmədi.

Bunun fonunda Gürcüstanı həmin tələyə saldı. Tbilisi Aİ-yə assosiativ üzv olanda çox sevindilər. Demokaiya nağılları onları aldatmışdı. Lakin sonrakı proseslər göstərdi ki, İlham Əliyev müdrik seçim etmişdir və məhz Azərbaycanın müstəqil enerji siyasəti Gürcüstana da iri və perspektivli layihələrə qoşmağa yeni imkanlar yarada bilir. Bununla Azərbaycan XXI əsrdə də davranışı ilə Gürcüstana əsl dost olduğunu göstərir və onun müstəqilliyi üçün əlindən gələni etməkdə qərarlıdır.

Aİ-yə gəldikdə isə son 2 ilin prosesləri göstərdi ki, bu təşkilat ancaq öz şəxsi maraqlarına görə demokratları və qeyri-demokratları müəyyən edir. 2023-cü ilə qədər “demokratik” olan Gürcüstan, indi Avropa üçün “yolunu azmış ölkə”dir. Və buna görə də Tbilisi ilə bütün əlaqələri minimum səviyyəyə endirir və hətta onu hədələyir. Brüsselin və ABŞ-nin mövqeyini bu cür dəyişməsi onu göstərir ki, Gürcüstan assosiativ üzv kimi müstəqillik və sivillik baxımından heç nə qazanmamışdır, əksinə Qərbin yalançı “demokratiya boyunduruğundan” xilas olmaq üçün çapalayır. Və yanında etibarlı dost kimi yenə də Azərbaycan vardır.

Azərbaycan Rusiyanın Gürcüstana təzyiqləri zamanı da kifayət qədər obyektiv, xeyirxah və əməkdaşlığa hazır mövqeyində qaldı. 2008-ci ildə Rusiya – Gürcüstan müharibəsi də Azərbaycanın mövqeyini dəyişə bilmədi – bütün risklərə baxmayaraq, rəsmi Bakı Tbilisinin yanında oldu. Sözün həqiqi mənasında, bu mövqe Gürcüstanın müstəqilliyinə ciddi müsbət təsir etdi.

Vətən müharibəsindən sonra

II Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi Gürcüstan üçün də faydalı oldu. İlk dəfə idi ki, bu regionda öz gücünə ərazi bütövlüyünü tam bərpa etməyin mümkünlüyü reallığa çevirmişdi. Gürcüstan hökuməti bunu qiymətləndirməyi bacardı. “Gürcü arzusu”nun qurduğu hökumət də Baki ilə aktiv əməkdaşlıqda davam etdi. İndi Baş nazir İrakli Kobaxidze Azərbaycanla əlaqələrin inkişafına ciddi maraq göstərir. Azərbaycan Prezidenti də, həmişə olduğu kimi, Gürcüstanın sabitliyi, inkişafı və təhlülkəsizliyinin təmin olunmasında Bakının maraqlı olduğunu nümayiş etdirir.

İrakli Kobaxidzenin bu ilin martında Azərbaycana səfəri zamanı dövlət başçısı İlham Əliyev bu barədə demişdir: “Mən bir məsələni də qeyd etmək istəyirəm ki, aparılan düşünülmüş islahatlar nəticəsində Gürcüstanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bu, xüsusilə indiki geosiyasi vəziyyəti nəzərə alsaq, böyük nailiyyətdir və biz bütün bu uğurlar münasibətilə gürcü qardaşlarımızı təbrik edirik”.

Bütövlükdə Azərbaycan Respublikası öncəki mərhələlərdə olduğu kimi, indi də Gürcüstan istiqamətində Heydər Əliyevin müəyyən etdiyi siyasi strategiyanı kəsintisiz davam etdirir. Prezident İlham Əliyev bununla bağlı bəyan etmişdir: “Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz təkbətək görüş əsnasında bir çox məsələləri geniş müzakirə etdik. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur”.

Nəhayət, Gürcüstan Baş nazirinin mart səfəri zamanı İlham Əliyevin bir fikri ayrıca vurğulaması iki dövlətin qarşılıqlı münasibətləri baxımından çox əhəmiyyətli oldu. Azərbaycan Prezidenti müstəqil dövlətlərin ərazi bütövlüyü və suverenliyinin müasir dövrdə olduqca böyük geosiyasi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu aspektdə Azərbaycanla Gürcüstanın daim bir-birinin yanında olduğunu xüsusi qeyd etmişdir. İki ölkə ərazi bütövlüyünün təmini və sərhədlərin toxunulmazlığı ilə bağlı bəyanatlar vermiş, beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birini dəstəkləmişlər. Azərbaycan dövlət başçısı fikrinə davam edərək “bundan sonra da bu dəstək davam edəcəkdir” demişdir.

Gürcüstanın hazırkı geosiyasi durumu prizmasında İlham Əliyevin bu dəstəyi çox vacibdir. Bunu rəsmi Tbilisi də yüksək qiymətləndirir və İ.Kobaxidze də Bakıda həmin məqamı xüsusi vurğulamışdır. Bakıdakı görüşdə Azərbaycan lideri dövlətin mövqeyini diplomatik anlamda dəqiq ifadə etmişdir: “Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir”.

Cənubi Qafqazdakı real geosiyasi vəziyyəti anlayan hər bir kəs üçün rəsmi Bakının bu dərəcədə Gürcüstana dəstək verməsi kifayət qədər cəsarətli addımdır. Burada marağı olan böyük dövlətlərin yaratdığı risklər fonunda bu, Azərbaycan – Gürcüstan münasibətlərinin regional miqyasda faktiki olaraq yeni geosiyasi statusa yüksəldiyini göstərir. Bu məsələ üzərində Gürcüstanda qarşıdakı seçkilər fonunda geniş dayanmaq lazımdır.

Azərbaycan və Gürcüstan: həlledici regional aktorlar

İndi siyasətçi və politoloqlar bu barədə iki aspektdə açıq danışırlar. Birinci aspekt, bütövlükdə regionun təhlükəsizliyi ilə bağlıdır. İkinci aspekt isə Gürcüstandakı parlament seçkilərindən sonrakı vəziyyətlə əlaqəlidir. Hər iki aspektdə Azərbaycanın ciddi təsiri nəzərə alınır və buna görə proqnozlar verilir. Detallara baxaq.

Vətən savaşından sonra Qərbin Cənubi Qafqazda formalaşan geosiyasi prosesləri pozmağa yönələn fəaliyyəti etiraf olunur. ABŞ və Avropa faktiki olaraq Ermənistanı müdafiə edərək, onu yeni təhriklərə düçar edirlər. Bu baxımdan gündən-günə regional miqyasda risklər artır. Bundan başqa, rəsmi İrəvanın Azərbaycan münasibətləri normallaşdırmaq istiqamətində atdığı səbatsız və qeyri-real addımlar göstərir ki, hələlik Ermənistan Cənubi Qafqaz miqyasında aparıcı rol oynamağa hazır deyildir. Onun Qərbə boyun əyməsi və onun sifarişlərini tam yerinə yetirməyə çalışması belə bir fikir oyadır ki, reallıqda vəziyyət Azərbaycan – Gürcüstan tandeminin nə dərəcədə fəal olacağından asılıdır.

Məhz bu prizmadan baxanda siyasi analitikləri region üçün Azərbaycan və Gürcüstanın geosiyasi statusunun yüksəlməsindən bəhs etmələri əsaslıdır. Bu tezisin baza prinsiplərindən biri hər iki dövlətin eyni geosiyasi mövqedə olmasına can atmalarından ibarətdir. Daha doğrusu, rəsmi Tbilisi birtərəfli Qərb mövqeyi tutmaq siyasətindən çəkilərək, öz milli maraqlarına uyğun mövqeyə gəlir. Deməli, Azərbaycanla Gürcüstanı regionun əsas geosiyasi aktorlarına çevirən başlıca faktor onların milli maraqlarını üstün tutmalarıdır.

Buradan məntiqi olaraq, Azərbaycanın Gürcüstanda gözlənilən seçkilərə münasibətinin başlıca məqamı aydın olur.

Təhlükəsizlik və çiçəklənən region uğrunda

Müstəqillik mərhələsində Azərbaycana Heydər Əliyev rəhbərlik edən andan rəsmi Bakının xarici siyasətinin prioritet tezislərindən biri belə olmuşdur: çiçəklənən və təhlükəsiz Qafqaz uğrunda! Rəsmi Bakı Gürcüstan istiqamətində də həmişə bu kursu gözləmişdir. Gürcüstanla münasibətlərdə ölkə sərhədlərini aşaraq regional məna kəsb edən məqamlar da mütləq surətdə yer almışdır. Qarşıdakı seçkilərə Azərbaycanın münasibətinin təməlində dayanan şərtlərdən biri də bundan ibarətdir.

Konkret ifadə etsək, Azərbaycan süni surətdə regionda kimsənin tərəfini saxlamır. Bakı region lideri kimi Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və əməkdaşlığa açıqlığı mövqeyinə dəstək verən hər bir ölkə ilə əlaqələri inkişaf etdirir. Əlbəttə, ilk növbədə, Gürcüstanla.

Bu o deməkdir ki, Azərbaycanın Gürcüstandakı seçkinin sabit, şəffaf, demokratik keçməsində maraqlı olması hər hansı subyektiv məqamla əlaqəli deyildir. Həmin kontesktdə Bakını Gürcüstanda yaşayan azərbaycanlıların taleyinin də maraqlandırması da təbii və zəruridir. Çünki bir tərəfdən, söhbət Azərbaycanla həmsərhəd bir dost ölkədə ayrıca siyasi çəkisi olan toplumdan gedir, digər tərəfdən isə Azərbaycan Respublikası dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlıların hüquqlarının və təhlükəsizliklərinin təmininə mükəlləfdir. Çox yaxşı ki, qonşu Gürcüstanda bu məsələlərlə bağlı hər hansı ciddi problem yoxdur və bunu da Azərbaycan hakimiyyəti yüksək qiymətləndirir. Eyni ilə Azərbaycanda yaşayan gürcülərin burada hansısa siyasi və hüquqi problemi yoxdur. Deməli, bu qarşılıqlı sərvəti həm də inkişaf etdirmək, mümkün risklərdən qorumaq gərəkdir.

Bunlardan başqa, hazırda Gürcüstanda hökumətin nüfuzu böyükdür. Vətəndaşlar indiki hökumətə inanırlar. Qərbin son zamanlar anti-Gürcüstan mövqeyi nümayiş etdirməsi də ictimai rəyə ciddi təsir etməkdədir. “Gürcü arzusu”nun ölkədə sabitliyi və təhükəsizliyi təmin etməkdə israrlı olduğu aydın görünür. Deməli, siyasi və geosiyasi olaraq indiki gürcü hökumətinə etibar etmək olar. Əlbəttə, bu, Azərbaycanın Gürcüstan müxalifətini hesaba almaması anlamına qətiyyən gəlmir. Bakı üçün seçki bütün mənalarda Gürcüstan dövlətinin və cəmiyyətinin daxili işidir. Bu səbəbdən, Azərbaycan bu ölkədəki hər bir siyasi qüvvəyə hörmətlə yanaşır. Eyni zamanda, Gürcüstanın sabit inkişaf edən, təhlükəsizliyi təmin edilmiş və Azərbaycana dost dövlət kimi mövcud olmasında maraqlıdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət