Siyasi avantürizmin Xandanyan nümunəsi

post-img

Ermənistan hakim komandasının anti-sülh ritorikası davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin Belçikanın ölkəmizdəki yeni fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən onunla söhbət zamanı bildirdiyi fikirlər Ermənistanda geniş müzakirələr doğurub. Müzakirələrə diqqət yetirəndə, gözlər önündə canlanan bir səhnə var – Atalar demişkən, “İtdən soruşurlar ki, niyə hürürsən? Deyir ki, qorxuduram. Soruşurlar ki, bəs niyə quyruq bulayırsan? Qayıdır ki, özüm də qorxuram”. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

Bəli, erməni rəsmiləri, ümumiyyətlə, siyasətçiləri söz oyunu ilə məşğuldurlar. Onlar ölkələrinin Azərbaycanla sülhdən yayınması üçün ən müxtəlif yollara əl atırlar, ən ağlasızmaz şəkildə interpretasiyalara yol verirlər, öz aləmlərində, diplomatik davrandıqlarını sanıb hər cür cəfəngiyyatı dilə gətirirlər. Əlbəttə ki, bütün bunlar Azərbaycanı mənfi yöndə təqdim etmək və yekunda məqsəd ölkəmizlə sülhün mümkünsüzlüyünə dair görüntü formalaşdırmaqdır. Nəzərə alaq ki, indiki Ermənistan hakimiyyəti məhz bu mümkünsüzlük amili üzərində qərarlaşmış “qruplaşmadır”.

Aydındır ki, sülh yaransa, Ermənistan stabil məcraya qədəm qoyacaq. Baş nazir Nikol Paşinyan administrasiyası isə belə gedişata hazır deyil. Axı sabitlik mühitində erməni hakim komandasının səriştəsizliyi və bacarıqsızlığı üzə çıxacaq. Böhran amili üzərində qərarlaşmış erməni hakim komandasının strukturu pozulacaq. Azərbaycanla qarşıdurmanı bir kənara qoyaq, onun Rusiya ilə də ziddiyyətləri var. Bu durumda Rusiya–Ukrayna müharibəsinin İrəvana qazandırdığı dividendi vurğulamalıyıq. Məlum olduğu kimi, Ermənistan sanksiya altında olan rus mallarının təkrar ixracı ilə məşğuldur. Eləcə də beynəlxalq aləmin rus bazarı üçün yasaq etdiyi malları öz üzərindən Şimala ötürür. Belə qənaət yaranır ki, Rusiya–Ukrayna müharibəsi bitsə, Ermənistanın hazırda Paşinyan iqtidarının öyündüyü iqtisadi inkişaf tempindən əsər-əlamət qalmayacaq. Yəni, qeyri-sabitlik rəsmi İrəvana həm xaric, həm də daxil baxımından vacibdir. Üstəlik, onun Qərbin aləti kimi çıxış etməsi reallığını nəzərə almalıyıq. Mövcud reallığın diktə etdiyi şərtlər də Ermənistanı sülh səmimiyyətindən uzaq tutur.

Əlqərəz, böhran amilindən söz açmışdıq. Daha doğrusu, sülhdən yayınmaq üçün böhran ssenarisinin uydurulmasından. Azərbaycan bu “ssenaridə”, kifayət qədər, ciddi hədəfdir. Həm də ona görə ki, ölkəmizə qarşı çıxmaq erməni qövmünün varlıq, özünütəsdiq göstəricisidir. Elə bir göstərici ki, onun fəlakət perspektivini yetişdirdiyi şübhəsizdir. Ermənistanın hakim komandasının təmsilçiləri isə bildirdikləri ilə fəlakət və iflas katalizatoruna çevrilirlər. Ölkə parlamentinin Xarici əlaqələr daimi komissiyasının sədri Sarkis Xandanyan da bu baxımdan istisna deyil.

S.Xandanyan bir neçə məqama toxunub. O, ilk növbədə, Prezident İlham Əliyevin Belçikanın ölkəmizdəki səfiri ilə görüşdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyası ilə bağlı bildirdiklərinə diqqət yetirib. Dövlətimizin başçısı demişdi ki, İrəvanın destruktiv yanaşması səbəbindən Mişelin, daha dəqiq desək, Aİ-nin sülh missiyası pozulub.

Xandanyan, öz aləmində, xronoloji ardıcıllıq müəyyənləşdirib. O, Avropa Siyasi Birliyinin 2023-cü ilin iyununda Kişineudakı sammit çərçivəsində əvvəlki Brüssel müzakirələrinə yekun vurmaq platforması kimi Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, Aİ Şurasının prezidenti Şarl Mişel, həmçinin, Prezident İlham Əliyev arasında beştərəfli görüşün keçirildiyini xatırladıb və bildirib ki, həmin görüşdə bu format çərçivəsində növbəti görüşün həmin ilin oktyabrında Avropa Siyasi Birliyinin Qranadada keçiriləcək sammitində təşkilinə dair razılıq əldə olunmuşdu. Bundan əvvəl isə iyulun 15-də Brüsseldə (Azərbaycan və Ermənistan liderlərinin Şarl Mişelin vasitəçiliyi ilə) üçtərəfli görüş keçirilməli idi. Erməni komissiya sədrinin sözlərinə görə, iyulda Brüsseldəki üçtərəfli görüş reallaşdı, amma Azərbaycan oktyabrda Qranada beştərəfli təmasından imtina etdi.

Xandanyanın dedikləri manipulyasiyadır. O, Kişineuda beştərəfli görüşün keçirildiyini düz deyir. Amma görəsən, nə üçün elə hesab edir ki, həmin görüşdə Brüssel formatı üçtərəflidən beştərəfliyə keçirildi? Bir halda ki, iyulda üçtərəfli görüş baş tutmuşdu, deməli, format aktivliyini qoruyurdu və Kişineudakı görüş üçtərəfli formatın beştərəfliyə transformasiyası şəklində göstərilə bilməzdi.

Qaranada sammitinə gəlincə, Azərbaycan həmin görüşdən üçtərəfli təmasın beştərəfli təmasa keçməsinə müsbət yanaşmadığı üçün imtina etmişdi. Ən əsası isə ölkəmiz beştərəfli yox, Türkiyənin iştirakı ilə altılı masa təklif etmişdi. Yəni, əgər masada aşkar ermənipərəst mövqeyi ilə seçilən Fransa, eləcə də son nəticədə Parisi dəstəkləyəcəyi şübhə doğurmayan dişsiz Almaniya varsa, Fransanın təsirində olan Aİ formal xassəli bitərəfdirsə, deməli, Türkiyənin iştirakı tələbimiz haqlıdır. Görəsən, niyə Fransa, Almaniya, Aİ və Ermənistan Ankaranın vasitəçiliyini yaxın buraxmadılar? Səbəb məlumdur... Yəni, Xandanyan bilməlidir ki, Azərbaycan Qaranada sammitində iştirakdan masadakı “kvartetin” Türkiyəni görmək istəməməsinə görə imtina etdi.

Aydındır ki, Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsindəki beşli masa Fransanın əvvəlki üçtərəfli görüş (Azərbaycan, Ermənistan, Aİ – red.) gündəliyinə müdaxiləsi idi. Paris prosesə Almaniyanı da qatdı ki, İrəvanın tərəfində olduğunu pərdələsin. Əslində, Makron 2022-ci ilin oktyabrında üçtərəfli masaya oturduqdan, onu dördtərəfliyə çevirdikdən sonra yol verdiyi həyasızlığa görə pozulmuş Brüssel formatının bərpasına çalışdı. Yəni, Kişineuda belə bir görüntü yarandı. Ancaq ölkəmizin rəhbərliyi prosesin hansı səmtə yönəldiyini duydu. Ölkəmiz bu səbəbdən Türkiyənin beşli masaya dəvətini və beləliklə altılı masa təklifini irəli sürdü.

Makronun 2022-ci ilin Praqa Sammitindən sonrakı həyasızlığına gəlincə, həmin vaxt Fransa prezidenti dördlü masadan məğlub kimi ayrılmışdı. Belə ki, Ermənistanın baş naziri N.Paşinyan məhz o sammit zamanı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımış, Brüssel formatı çərçivəsindəki növbəti toplantının dekabrda Belçikanın paytaxtında təşkili qərara alınmışdı. Praqa sammitindən heç iki həftə keçməmiş isə məğlub Makron yerli televiziyaya müsahibəsində Azərbaycanı işğalçı, Rusiyanı isə müttəfiqi Ermənistanın maraqlarını satan kimi təqdim etmişdi.

Fransa dövlət başçısının dedikləri ölkəmizdə sərt reaksiya doğurmuşdu. Ancaq hələ bu, son deyildi. Paşinyan bildirmişdi ki, dekabrda Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək üçtərəfli görüşə yalnız Makronun iştirak edəcəyi təqdirdə qatılacaq. Aydın idi ki, Bakı etikasızlığı siyasət amalına çevirmiş Fransa prezidentinin masada əyləşməsinə razılıq verməyəcək və vermədi də. Bu, Brüssel raundunun ilk pozulması idi ki, prosesin ikinci dəfə hansı səbəbdən pozulduğunu isə əvvəldə diqqətə çatdırdıq. Yəni, hər iki halda destruktivliyə görə günahkar Ermənistandır, Azərbaycan yox!

Yaxşı olar ki, Xandanyan məsələyə obyektiv və bütöv yanaşsın, yumşaq desək, ayrı-ayrı məqamları diqqətdən kənarda qoymasın. Ən əsası, bir qədər ciddi olsun. Nəzərə alsın ki, iki dəfə pozulmuş Brüssel prosesinə üçüncü dəfə qayıtmaq mənasızdır. Yəni, erməni komissiya sədrinin 2024-cü ildə Şarl Mişelin təşəbbüslərindən danışmasında normal məntiq yoxdur. Çünki Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündə nə qədər müsbət meyillər nəzərə çarpsa da, yekun nəticədə Aİ Şurasının prezidenti sülh təşəbbüslərini Fransanın müdaxiləsindən, aşkar tərəfkeşliyindən qorumağı bacarmadı. Belə olan təqdirdə, Azərbaycan ikili təmaslar üzərində dayandı və təcrübə göstərdi ki, ölkəmizin mövqeyi özünü doğruldur. Hərçənd, hazırda bu da görünür ki, İrəvan özünü doğrultmuş formatı sıradan çıxarmaq və sülh gündəliyindən tamamilə uzaqlaşmaq istəyir, bəhanələr axtarır.

Yeri gəlmişkən, Ermənistanın Brüssel formatı məsələsindəki pozuculuğunu təsdiqləyən ən böyük məqam baş nazir N.Paşinyanın həmin format çərçivəsində Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımasına rəğmən, erməni silahlı birləşmələrinin bölgədə qalmaları idi. Onlar bölgədə qalmasaydılar, ölkəmiz lokal xarakterli antiterror tədbirləri keçirməyəcəkdi. Hələ N.Paşinyan bunadək bildirmişdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Belə demək hara, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını demək hara? Nikolun həyasızlığı sərhəd tanımamışdı və indi də tanımır.

***

Bəli, Ermənistan yenə sülh gündəliyindən uzaqlaşmaq istəyir. Buna həm gündəliyə əlavə elementlər qatmaqla, həm də sülh sazişinin natamam formada imzalanmasına nail olmaqla çalışır. İkinci məqama diqqət yetirərək, Prezident İlham Əliyevin Belçikanın ölkəmizdəki yeni səfiri ilə söhbət zamanı bildirdiyi fikirlərə... Dövlətimizin başçısı dedi ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” formada qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini, habelə bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı.

İrəvanın sülh gündəliyinə əlavə elementlər qatmaq cəhdinə gəldikdə isə məsələyə S.Xandanyan da toxunub. O deyib ki, guya, Azərbaycan erməni hərbi əsirlərin və digər məhbusların azad edilməsi ilə bağlı Brüsseldə keçirilən görüşlərdə üzərinə götürdüyü bir sıra humanitar öhdəlikləri yerinə yetirməyib. Halbuki, məsələnin qoyuluşu belə ola bilməz. Birincisi, ölkəmiz indiyədək Ermənistana Azərbaycanda həbs olunmuş bir çox ermənini təhvil verib və bunu xoş niyyət göstərici olaraq edib. İkincisi, hərbi cinayətkarlar, heç bir halda, azadlığa buraxıla bilməzlər və bu, Bakının prinsipial mövqeyidir. Üçüncüsü, İrəvanın və onun xaricdəki havadarlarının Azərbaycanda saxlanılan hərbi cinayətkarlarla bağlı məsələni siyasiləşdirmələri və onu ölkəmizə qarşı təzyiq aləti kimi istifadə etmək niyyətləri yolverilməzdir, etimadsızlıq yaradır. Nəticə etibarilə, sülh gündəmi zərər görür. Ermənistanın havadarlarının Azərbaycana qarşı sanksiya tətbiqi təşəbbüsləri də barış mühitinə ziddir. Yaxşı olar ki, Xandanyan və erməni hakim komandasının digər üzvləri ölkəmizə qarşı itiham yolu tutmazdan əvvəl məsələyə təfərrüatı ilə diqqət yetirsinlər.

***

Daha bir məqamı təhlil edək. Məlumdur ki, baş nazir N.Paşinyan Avropa Siyasi Birliyinin Böyük Britaniyada keçrilmiş sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdən boyun qaçırdı. Xandanyan buna da çox sərsəmcəsinə izahat verməyə çalışdı. Dedi ki, Ermənistan, guya, görüşdən imtina etməyib, sadəcə danışıqlarda yeni formatı məqsədəuyğun saymayıb. Nəzərə alaq ki, görüşdə Britaniyanın baş naziri də iştirak etməli idi və bu, heç də yeni format deyildi. Problem ondadır ki, Paşinyan Makrondan, necə deyərlər, qorxduğu üçün Britaniya baş nazirinin iştirakı ilə reallaşması planlaşdırılmış təmasdan boyun qaçırıb. Yəni, Xandanyanın format xüsusunda dilə gətirdiyi uydurmadır. Axı necə olur ki, Makronun və Şoltsun iştirakı ilə keçirilən görüş format sayılır, Britaniya baş nazirinin təşəbbüsü nəzərə alınmır? Azərbaycan nə vaxt beştərəfli görüşü format sayıb ki?..

***

Sonda S.Xandanyanın bir fikri üzərində dayanaq. O bildirib ki, oktyabrın 7–8-də Moskvada MDB Dövlət Başçıları Şurasının toplantısı çərçivəsində reallaşmış qeyri-rəsmi təmaslar zamanı baş nazir Paşinyan Prezident İlham Əliyevə ikitərəfli görüş keçirməyi təklif edib. “Daha doğrusu, Bakıda düzənlənəcək COP29-dan əvvəl xarici işlər nazirlərinin görüş keçirmələrini, sülh müqaviləsinin bir-iki razılaşdırılmamış maddəsinin razılaşdırılmasını, daha sonra isə liderlərin müvafiq sazişi imzalamasını təklif edilib. Düzünü desəm, Azərbaycanın reaksiyasından xəbərim yoxdur, amma ümid edirəm ki, bu məntiq həyata keçirilə bilər”, – erməni komissiya sədrinin bu şəkildə detalları açıqlaması “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa” deyimini xatırladır. Çünki razılaşdırılmamış məsələlərin razılaşdırılması ritorikası gözdən pərdə asmağa oxşayır. Axı Ermənistan hakimiyyətinin, o cümlədən, baş nazir N.Paşinyanın sülh gündəliyi üzrə ən prinsipial tələbi, daha doğrusu, İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmaq əzmi ortadadır. Bununla əlaqədar hansısa dəyişiklik hələ ki, yoxdur.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət