Azərbaycan – Gürcüstan dostluğu regionda sülh və inkişafın qarantıdır

post-img

Region ölkələrinin bir-biri ilə əlaqələri sabitliyin təmin olunması və Cənubi Qafqazın gələcəyi baxımından çox önəmlidir. Bu mənada, Azərbaycan – Gürcüstan əlaqələrinin xarakteri bölgənin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Son illərdə hər iki ölkənin kommunikasiya və enerji təşəbbüslərində, eləcə də kommersiya fəaliyyətlərində çoxşaxəli strateji əməkdaşlıq yaratması regionun sabit inkişafına müsbət təsir göstərir. Bu müsbət dinamikanın saxlanması, Bakı və Tbilisi arasındakı strateji əlaqələrin səviyyəsilə birbaşa bağlıdır.

Azərbaycan və Gürcüstanın oxşar geosiyasi proseslərdən keçməsi hamıya məlumdur. Hər iki xalq 1918-ci ildə müstəqil dövlətlərini elan etmiş, lakin bolşeviklərin bölgədə dominant mövqe tutması ilə tezliklə müstəqilliklərini itirmişdilər. SSRİ-nin dağılmasından sonra bu respublikalar yenidən müstəqilliklərini bərpa etmək imkanı qazandılar və yeni dövrün başlanması ilə hər iki dövlət münasibətlərdə yeni mərhələyə qədəm qoydu. Məhz bu mərhələdə hər iki xalqın ictimai-siyasi həyatında, eləcə də sosial-iqtisadi inkişafında böyük rol oynamış enerji-kommunikasiya layihələri uğurla həyta keçirilmişdi. Sovet İttifaqının süqutundan sonra Qafqaz regionundan Avropaya ilk dəfə neft və qaz boru kəmərlərinin çəkilməsi Azərbaycan və Gürcüstan dövlətlərinin böyük strateji qələbəsi olmaqla yanaşı, həm də iki ölkə arasında uğurlu ikitərəfli münasibətlərin yaranmasının təsdiqi olmuşdu.

Bu gün münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Hazırda ölkələrimizin əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Əsrlər boyu Qərblə Şərqi birləşdirən Azərbaycan və Gürcüstan ərazisindən keçən qədim İpək Yolu Bakı–Tbilisi–Qars (BTQ) layihəsinin reallaşması nəticəsində “Dəmir İpək Yolu”na çevrilir. Ümumiyyətlə, BTQ-nin istismara verilməsi Azərbaycan və Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir. Bu beynəlxalq layihənin həyata keçirilməsi Trans-avropa və Trans-asiya dəmir yolu şəbəkəsinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, həmin ölkələrin tranzit imkanlarınının artmasını, Avrasiya materikində vacib nəqliyyat sistemlərinin inteqrasiya proseslərinin və ölkələrarası ticarətin sürətlənməsini təmin edir. Eləcə də xalqlar arasında ünsiyyətin intensivləşməsinə səbəb olan BTQ-nin istifadəyə verilməsinə Azərbaycanın və Gürcüstanın dünya bazarlarına daha çox və münasib qiymətlərlə məhsul çıxarmasına şərait yaradır.

Təbii ki, xalqlarımızın firavanlığı, eləcə də regionda sabitlik bu strateji enerji-kommunikasiya layihələrinin uğurla fəaliyyət göstərməsindən asılıdır. Bu layihələr həm Azərbaycanın və Gürcüstanın iqtisadi inkişafında, həm də hər iki ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsində həlledici amil hesab olunur. Ona görə də, müşahidə edilən qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan və Gürcüstan arasında mövcud münasibətləri daha da aktivləşdirməyə, iqtisadi əlaqələri daha da sürətlə inkişaf etdirməyə imkan yaradır. Qarşılıqlı hörmət və etimad əsasında qurulan Azərbaycan–Gürcüstan əlaqələri dinamik inkişaf edir, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə faydalı əməkdaşlıq əlaqələri qurulur.

Gürcüstan Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eləcə də Şərqdən Qərbə yüklərin daşınmasında mühüm tranzit rolunu oynayır. Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq özünməxsus xarakter daşıyır və getdikcə yeni müsbət aspektlər əldə edir ki, bu da ölkələrimizin və bütövlükdə regionun rifahı üçün əhəmiyyətlidir.

Bakı Tbilisi ilə ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində, xüsusilə də bütün region üçün strateji əhəmiyyət kəsb edən layihələrlə – Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub–Qərb layihələri çərçivəsində fəal əməkdaşlıq edirlər. Yuxarıda qeyd etdiyimiz kimi, region xalqlarının inkişafı və rifahı məhz bu layihələrin fəaliyyətindən, iki qonşu ölkənin münasibətlərinin yüksək səviyyədə qalmasından birbaşa asılıdır. Buna görə də Qərb ilə Şərq arasında enerji körpüsü rolunu oynayan Gürcüstanda qeyri-regional güclərin öz ambisiyalarını reallaşdırmağa çalışmaları yolverilməzdir.

S.ELAY
XQ

Siyasət