Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar–avqust aylarında Azərbaycan dünyanın 172 ölkəsindəki tərəfdaşı ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 161 ölkədənsə idxal edilib.
Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin 8 ayında xarici ticarət dövriyyəsi 30 milyard 212,3 milyon dollar, o cümlədən, ixracın dəyəri 17 milyard 448,4 milyon dollar, idxalın dəyəri isə 12 milyard 763,9 milyon dollar təşkil edib, nəticədə 4684,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, xarici ticarət dövriyyəsinin 88,5 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, İsrail, Almaniya, Avstraliya, Hindistan, Çexiya, ABŞ, Xorvatiya, Birləşmiş Krallıq, Yunanıstan, Portuqaliya, Bolqarıstan, Gürcüstan, İran, Rumıniya, Ukrayna, Belarus, İsveçrə, Türkmənistan, Tailand və Koreya ilə aparılıb. Ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 17,8 faizi Çin, 17,1 faizi Rusiya, 11,8 faizi Türkiyə, 7,1 faizi Avstraliya, 5,1 faizi ABŞ, qalan hissəsi isə digər ölkələrin payına düşüb. İdxalda maşın-mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının dəyəri üstünlük təşkil edib.
Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (752 milyon ABŞ dolları) birinci yerdə qərarlaşıb. Bu siyahıda Türkiyə (395 milyon ABŞ dolları) ikinci və Gürcüstan (158 milyon ABŞ dolları) üçüncü, ABŞ (109 milyon ABŞ dolları) isə dördüncü olub. İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının payı üstünlük təşkil edib.
Cari ilin yanvar–sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 2,5 milyard dollar təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda cari ilin yanvar-sentyabr ayları üzrə göstəricilər də açıqlanıb. İcmala əsasən, bu dövrdə Azərbaycanın qeyri- neft sektoru üzrə ixrac həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 2,5 milyard dollar təşkil edib, yeyinti məhsullarının ixracı isə 13,3 faiz artaraq 698,3 milyon dollara çatıb.
Hesabat dövründə aqrar-sənaye məhsullarının ixracı 60 faiz artaraq 233,4 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8 faiz artaraq 755,4 milyon dollara yüksəlib.
İxrac əməliyyatlatında diqqətçəkən bu uğurlu göstəriciləri bir sıra amillər şərtləndirir. Məsələn, son illər respublikada ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.
Azərbaycanda həyata keçirilən daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi də ixrasda müsbət göstəricilərin əldə edilməsini şərtləndirir. Bu, müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixracı məqsədilə ölkə ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarətdir. Respublikamızda malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi əsasən, təmir və emal məqsədilə gerçəkləşdirilir. Prosedur emal və xidmət sektorunun inkişafına, ixrac fəaliyyətinin stimullaşdırılması məqsədilə tətbiq olunur.
Malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi qaydalarına indiyədək bir sıra dəyişikliklər olunub. Həmin dəyişikliklər nəticəsində prosedur sahibi sifariş müqaviləsi ilə yanaşı, alqı-satqı razılaşması əsasında da istənilən ölkədən xammal və ya materialı respublikaya gətirib qanunvericilikdə nəzərdə tutulan müddətdə emal edərək istənilən ölkədəki alıcıya göndərmək imkanı əldə edib. Bununla yanaşı, gömrük borcunun ödənilməsinə məcburi təminatın verilməsi aradan qaldırılıb, həmçinin prosedurdan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi sadələşdirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiqlənən “2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, ixracyönümlü yerli istehsalı artıra biləcək güzəştli gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Bu kontekstdə daxildə emal xüsusi gömrük prosedurunun istifadə şərtlərinin sadələşdirilməsi diqqət mərkəzində saxlanılır.
Ölkə daxilində emal xüsusi gömrük prosedurundan istifadənin sadələşdirilməsi, səmərəliliyinin və ixracyönümlü yerli istehsalın artırılması məqsədilə Nazirlər Kabineti tərəfindən 2023-cü il aprelin 10-da müvafiq qərar qəbul edilməsi müəyyən mallarla bağlı emal əməliyyatları aparıldıqdan sonra onların ixracı məqsədilə Azərbaycanın gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurunun gerçəkləşdirilməsi nəzərdə tutulub. Yeri gəlmişkən, yuxarıda vurğulanan “emal əməliyyatları” dedikdə isə malların hazırlanması, emalı, təkrar emalı və təmiri nəzərdə tutulub.
Daxildə emal proseduru əsasında yerləşdirilən xarici xammallar gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında (idxal gömrük rüsumları, malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər) istifadə edilir. Ümumiyyətlə, xarici ölkələrin təcrübəsində daxildə emal xüsusi gömrük proseduru ixracyönümlü istehsalın artırılması üçün geniş istifadə olunur. Belə ki, xarici xammaldan asılı olan ixrac məqsədli məhsulların istehsalı üçün xammal və materiallar bu prosedur əsasında yerləşdirilir, gömrük rüsumu və vergilər ödənilmədən ölkəyə gətirilir və istehsal olunan yeni məhsul qanunvericilikdə nəzərdə tutulan müddət ərzində emal edilərək ixrac olunur.
Beləliklə, istehsal olunan məhsulun ixrac bazarlarında rəqabətqabiliyyətliliyi artır. Daxildə emal xüsusi prosedurunun üstünlüyü odur ki, məhsulun maya dəyəri aşağı düşür, inzibatçılıq azalır, sahibkarların vaxtına və vəsaitinə qənaət edilir, ölkəmizə investisiya yatırılması imkanları artır, istehsal olunan məhsulların rəqabət qabiliyyəti yüksəlir, ixrac bazarlarına yönəlmiş istehsalın artırılmasına şərait yaranır.
Bütün bunlarla bərabər, respublikamızda prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasəti aparılır, makroiqtisadi və büdcə dayanıqlığının reallaşdırılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsinə xüsusi əhəmiyyət verilir. Məhz bütün bunların nəticəsidir ki, hazırda qeyri-neft-qaz sənayesində artım neft-qaz sektorundakı artımı üstələyir. Mövcud sahədə əlavə dəyərin 7 faizə yaxın artması, ümumi halda isə qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunması, həmçinin 2003-cü ildən başlayaraq, ötən zaman ərzində reallaşdırılan strategiya sayəsində milli iqtisadiyyatın real xərcinin, təqribən, 4 dəfə, ixracın 15,6 dəfə yüksəlməsi, iqtisadiyyatın orta artım tempinin dünya üzrə orta səviyyədən 4 faiz çox olması bunun parlaq ifadəsidir.
Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə güclənməsi də xarici ticarət dövriyyəsinin əhatə dairəsinin böyüməsinə təkan verib. Məhz bunun nəticəsidir ki, ölkəmizin xarici ticarət əlaqələrinin coğrafiyası ildən-ilə genişlənib.
Bütün bunlar hazırda ölkə iqtisadiyyatı üçün yeni istiqamətlərin formalaşdığını deməyə əsas verir. Bu istiqamətlər isə idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun gerçəkləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı” səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr isə müsbətdir.