Daşkənddə “İslam sülh və xeyirxahlıq dinidir” adlı konfransda Azərbaycan nümayəndələri də iştirak edir

post-img

Daşkənddə “İslam sülh və xeyirxahlıq dinidir” adlı Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. 

Konfransda Amerika Birləşmiş Ştatları, Misir, Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, Mərkəzi Asiya və Avropa dövlətlərinin 200-dən artıq  tanınmış din xadimi, üləmalar, teoloq alimlər, siyasətçilər, dövlət təşkilatlarının nümayəndələri iştirak  edir. 

Azərbaycandan bu nüfuzlu tədbirə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxulislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti qatılıb. Nümayəndələr arasında Azərbaycan Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, deputatlar Cavanşir Paşazadə, Qüdrət Həsənquliyev, həmçinin QMİ sədrinin müavini Salman Musayev və digər şəxslər var. 

Əvvəl Müqəddəs Qurandan ayələr, sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin konfrans iştirakçılarına müraciəti oxunub. 

Özbəkistan Prezidentinin müşaviri Muzaffar Kamilov belə bir tədbirin Daşkənddə keçirilməsindən məmnun olduğunu bildirib, qeyd edib ki, bu mühüm tədbirin keçirilməsi ideyasını Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasındakı  çıxışı zamanı bəyan etmişdi.

Səudiyyə Ərəbistanındakı İslam Dünyası Assosiasiyası Baş katibinin müavini Abdurraxmon Abdullax al-Ziyad, Özbəkistan Din İşləri Komitəsinin sədri Sadik Toşboyev, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Şeyx Nuriddin Xaliknazar, Misir Ərəb Respublikasından müfti, professor Nazir Muxammad Ayyad, Dünya Müsəlman alimləri Assosiasiyasının sədri, professor Əli Muxyiddin Karadaqi və başqaları konfransın əhəmiyyəti haqqında söhbət açıblar.

Allahşükür Paşazadə öz çıxışında bildirib ki, Azərbaycan üçün Özbəkistanla bütün sahələrdə əlaqələrin qorunub saxlanılması və inkişafı həmişə böyük 

əhəmiyyət kəsb edib. Bu gün möhtərəm Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı qardaşlıq əlaqələri xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına, o cümlədən mənəvi sahədə əlaqələrin genişlənməsinə böyük təkan verir.

A.Paşazadə deyib:”Özbəkistanın İbn Sina, Fərabi, Əl-Biruni, Mirzə Uluqbəy kimi alimləri, İmam Buxari, Termizi, Maturidi kimi böyük din xadimləri, Əmir Teymur, Babur kimi böyük sərkərdələri, Əlişir Nəvai və digər görkəmli şəxsiyyətləri bəşəriyyət tarixinə, onların mədəni və mənəvi irsinin dirçəldilməsinə, eləcə də Avropa intibahının zənginləşməsinə misilsiz töhfə verib”. 

Şeyxulislam bildirib ki, Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Daşkənddə İslam Sivilizasiyası Mərkəzinin tikintisi din, elm və müasirliyin vəhdətinin təzahürüdür.

Biz eyni etnik kökə, oxşar tarixə və mentalitetə ​​malik qardaş xalqlarımızın əməkdaşlığının yeni keyfiyyət mərhələsinə yüksəlməsini qürur və şərəf mənbəyi hesab edirik. Özbəkistanın Qarabağ bölgəsində inşa etdirdiyi Mirzo Uluqbəy adına orta məktəbin nəfis və möhtəşəm binası özbək xalqının qardaşlıq hədiyyəsi kimi Azərbaycan xalqı üçün son dərəcə əzizdir.

Allahşükür Paşazadə məruzəsini bu sözlərlə bitirib:-Allah-Təala İslam dünyasını, müsəlman ümmətini həmişə böyük etsin, sabitlik şəraitində yaşasın, yer üzündə sülh hökm sürsün!

Tədbirdə Özbəkistan Prezidentinə müraciət və Daşkənd Bəyannaməsi qəbul olunub. 

Konfrans oktyabrın 16-da qədim Xivə şəhərində öz işini davam etdirəcək. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd
 







Sosial həyat