Kanaki və Martinikanın gəlirləri Fransa xəzinəsini şişirdir

post-img

Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsi Kanakidən sonra Martinikada başlayan üsyanla bağlı bəyanat yayıb.

Açıqlamada deyilir: “Kanakidən sonra Martinikadakı bugünkü üsyan təsadüfi deyil. Bu iki ölkənin haqlı tələblərinə məhəl qoymayan Fransa buna yalnız repressiya və zorakılıqla cavab verir. Bu iki ərazi iqtisadi cəhətdən çöküb və ticarət fəaliyyətlərindən əldə olunan mənfəətlər yalnız müstəmləkəçilər tərəfindən mənimsənilir. Sakit okean hövzəsində kaldoşlar və Karib dənizi sahillərində bekelərin əldə etdikləri mənfəətlər ƏDV vasitəsilə Fransa dövlətinin xəzinəsini şişirdir.

Martinikanı bürüyən bugünkü sosial qəzəbin iki əsas səbəbi var – yaşayışın baha olması və yerli əhaliyə qarşı hörmətsizlik.

Bahalı həyat, ərzaq asılılığının ifrat səviyyəsi, zəif inkişaf, aşağı gəlirlər və davamlı müstəmləkə yoxsulluğun səbəbləridir. Bundan əlavə, bu vəziyyət - Martinika torpaqlarının müsadirəsi, ikili məhkəmə sistemi, gənclərin kütləvi köçü müstəmləkə siyasəti nəticəsində yaranmış problemlərlə bağlıdır. Bu, Martinikadakı müstəmləkə sisteminin dözülməz təzahürüdür”.

Bəyanatda daha sonra qeyd edilir ki, ilk dinc etirazlara Fransa dövləti bir daha misli görünməmiş zorakılıqla cavab verdi və hazırda repressiya tətbiq etməkdə davam edir: “Beynəlxalq Azadlıq Cəbhəsi keçmişə aid üsul-idarəyə qarşı çıxır. Çünki bunlar müstəmləkəçi dövlətin demokratik cəhətdən tənəzzülünü nümayiş etdirir. Cəbhə hesab edir ki, həqiqi dekolonizasiya strategiyasının həyata keçirilməsi zəruridir. Bu strategiya Martinika xalqına xidmət edən və onun ləyaqətli gələcəyini təmin edəcək iqtisadi sistem qurmağa yönəlməlidir”.

Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsi bəyanatının sonunda deyilir: “Biz heç bir respublika dəyərini təmsil etməyən və yalnız hakimiyyət sahiblərinin, onların yerli tərəfdarlarının təhlükəsizliyini təmin edən CRS8-in (kənardan gətirilən silahlı təhlükəsizlik qüvvələri) dərhal çıxarılmasını tələb edirik. Cəbhə Kanakinin institusional problemlərinin və bu iki ərazinin iqtisadi, sosial və siyasi problemlərinin demokratik həllini tələb edir. Bu həll öz müqəddəratını təyinetməyə və müstəqilliyə doğru real addım olmalıdır”.

XQ



Siyasət