Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib

post-img

Oktyabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi görkəmli şair Şah İsmayıl Xətainin (1487-1524) 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib.

Fərman bu il İngiltərənin “Christie’s” hərracında Azərbaycan vətəndaşı tərəfindən satın alınaraq Tarix Muzeyinə hədiyyə edilib.

Sənəd Şah İsmayıl Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər ayının 25-i) imzalanıb. Fərman fars dilində, “qara şikəstə” üslubu ilə yazılıb və Xətainin möhürü ilə təsdiqlənib. Səfəvi hökmdarının mülkiyyət məsələlərinə dair fərmanlarından biri olan bu sənəd bütöv və möhürlü vəziyyətdə olması ilə xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov xalqımıza məxsus tarixi və mədəni irs nümunələrinin Azərbaycana qaytarılması və qorunub saxlanılmasının dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirib. Nazir müavini deyib: “Bu, həm də mədəniyyət siyasətimizin əsas istiqamətlərindən biridir. Dövlət qurumlarının bu sahədə apardığı işlərə vətəndaşlarımızın da dəstək verməsi təqdirəlayiq haldır və bu cür təşəbbüslər cəmiyyətimizin həmrəyliyini və milli dəyərlərə bağlılığını nümayiş etdirir. Səfəvilər dövlətinin ilk illərinə məxsus bu nadir sənəd Azərbaycanın dövlətçilik ənənələrinə dair dəyərli eksponat olmaqla yanaşı, gələcək nəsillər üçün tarixi mənbədir”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şah İsmayıl Xətainin imzası olan bir sənədin ölkəmizə gətirilməsini böyük tarixi və siyasi əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı qeyd edib ki, Azərbaycanın tarixi və mədəni irs nümunələrinin ölkəyə qaytarılması artıq ənənəyə çevrilib: “Vətəndaşımızın şəxsi təşəbbüsü ilə Azərbaycan xalqının böyük oğlu, sərkərdə və şair Şah İsmayıl Xətainin fərmanının satın alınaraq muzeyimizə hədiyyə edilməsi əsl vətənpərvərlik nümunəsidir. Bu, həm də xalqımızın öz tarixini yaşatmaq və ona sahib çıxmaq əzmini göstərir”.

Fərmanın muzeyin daimi ekspozisiyasında sərgilənəcəyini bildirən N.Vəlixanlı Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünün tamam olduğu vaxtda Azərbaycana gətirilməsinin rəmzi məna daşıdığını deyib.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Xətainin dövlətçilik fəaliyyəti, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi onun bədii yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında bədii-musiqili kompozisiya təqdim olunub.

Maraqlı