Düz 5 il əvvəl Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Azərbaycan Dəmiryol (ADY) Muzeyi köhnə “Sabunçu vağzalı”nın binasında (“28 May” metro stansiyasının yaxınlığında) yerləşir. Ölkəmizdə ilk elektrikləşdirilmiş dəmir yolunun açılışı günündə istifadəyə verilən, 100 yaşına az qalan binadakı bu muzey dəmir yolunun tarixini yaşadır.
Sumqayıt–Xırdalan–Bakı sürət qatarından düşüb, “28 May” metro stansiyasını keçib muzeyə doğru gəlirəm. Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü ərəfəsində buranı təkrarən ziyarət etmək istəyirəm. Amma muzeyin müvəqqəti olaraq təmirə bağlandığını deyirlər. “Nə yaxşı ki, bir müddət əvvəl burada olmuşam”, – deyə düşünərək, ilk təəssüratlarımla bağlı yaddaşımı təzələyirəm.
“Tarixçi” binanı ilk ziyarətimdə məni elə hey uşaqlıq illərimlə bağlı həzin xatirələr müşayiət etmişdi. Yadıma düşmüşdü ki, dəmiryolçu olmuş atam məni dəfələrlə iş yerinə aparıb, buxarla işləyən parovoza da mindirib, perronda, vağzalda da gəzdirib. Vaqonların pillələrindən sallaşmağım da, qatar şütüyəndə küləyin başıma tumar çəkməyi də, relslərin və şpalların üstü ilə büdrəmədən yeriməyə çalışmağım da sanki bir kino lenti kimi gözlərim önündən keçmişdi. Uşaqkən lokomotivin kömürlə körüklənməsinə, qığılcımların ətrafa səpələnməsinə də uzun-uzadı baxmaqdan doymazdım...
Azərbaycan Dəmiryol Muzeyi görünüşcə, bir növ, qədim Şirvanşahlar sarayını xatırladır. Dekorlar, şəbəkəli pəncərələr, saat qülləsinin daşdan yonulmuş aslan təsvirləri qədimlik nişanələridir. Yeri gəlmişkən deyim ki, bu gün Bakıda işləyən və vaxtı az-çox düz göstərən tək-tük saatlar sırasında bu binanlın baş qülləsindəkiləri də qeyd etmək olar. Burası da var ki, axı, sərnişinlərin qatara minməyə və ya adam qarşılamağa tələsdiyi dəmiryol vağzalındakı saatlar da işləməsə, lap ağ olar.
Qayıdaq muzeyə. Burada 3 sərgi zalı, kino salonu, iclas və görüşlər keçirmək üçün zallar fəaliyyət göstərir. Bütün guşələri ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar bəzəyir. 125 yaşlı Azərbaycan dəmir yolunun tarixini əks etdirən rəsmlər, foto və video materiallar, qatar modellər maraq kəsb edir. I və II Dünya müharibəsində cəbhəyə yanacaq daşıyan Azərbaycan dəmir yolunun qələbədə payı ilə bağlı faktlar səliqə ilə bir yerə cəmlənib. Sənədlər xatırladır ki, Azərbaycan dəmiryolçuları cəbhəyə əllərindən gələn köməyi göstərib, çox böyük töhfə veriblər. 1941–1945-ci illərdə Azərbaycandan döyüş ərazilərinə dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu sistern, 700 min vaqon yük göndərilib.
Muzeydə ulu öndər Heydər Əliyevin ölkəmizdə bu sahənin inkişafına göstərdiyi misilsiz xidmətlərin əks olunduğu fotoguşə zənginliyi ilə seçilir. Elə bir qədər əvvəl sərnişini olduğum sürət qatarının monitorunda da Ümummilli liderin bu sahəyə qayğısını göstərən videokadrlara baxmışdım. Bütün bunlar qədirbilənlik örnəyidir.
Şüşə arxasında tarixi polad yolların bərpa olunmuş modeli xəyalları keçmişə qanadlandırır. Prezident İlham Əliyevin muzeyə hədiyyə etdiyi möhtəşəm dəmir teplovoz maketi, digər dəyərli saxlanclar, tarixi-sənədli filmoteka, bu xidmət sahəsinin tanınmışlarının bioqrafiyalarının əks olunduğu foto və yazı materialları muzeyin zənginliyini göstərir. Burada maraqlı peşəyə aid suvenirlərin satışını həyata keçirən mağaza da mövcuddur.
Muzey materialları xatırladır ki, 44 günlük “Zəfər Yürüşü” zamanı dəmiryolçularımız cəbhəboyu zonada yerləşən stansiyalara və geriyə müxtəlif yüklər, o cümlədən hərbi texnika, qida məhsulları və yanacaq daşıyıblar. Düşməndən qənimət götürülmüş texnikalar da Bakıya dəmir yolları ilə gətirilib. Vətən müharibəsində gecə-gündüz fədakarlıqla çalışan polad magistral əməkçilərinin bir şüarı vardı: “Vaxtında cəbhəyə çatdırılan hər bir qatar düşmənə vurulmuş ağır zərbədir!”
Ziyarətçilər muzeydə onu da öyrənirlər ki, Birinci Qarabağ müharibəsi zamanı 70-dən çox dəmiryolçu şəhadət zirvəsinə ucalıb. Xocalı soyqırımından qurtula bilən əhalini sığınacaq və ilk tibbi yardımla təmin etmək üçün Bakıdan Ağdama xüsusi qatar və həkim briqadası göndərilib. Biləcəri Dəmir Yolu İdarəsində mühəndis vəzifəsində işləmiş Yunis Nəcəfov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
İkinci Qarabağ müharibəsində ADY QSC-nin 300-ə yaxın əməkdaşı döyüşüb, onlardan 125 nəfəri müxtəlif medallarla təltif edilib. Dörd dəmiryolçu isə şəhidlik zirvəsinə ucalıb. Bu əziz gündə onları – İnfrastruktur departamentinin 10 nömrəli İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin 1 saylı Bakı istismar sahəsində rəis işləmiş İlqar Cahit oğlu Vəliyevi, İnfrastruktur departamentinin “Əsaslı təmir” MMC-nin Bakıda yerləşən İstehsalat sahəsinin gözətçisi olmuş Vüqar Elxan oğlu Məmmədovu, həmin departamentin 7 nömrəli Ağstafa yol sahəsinin 1 saylı Böyük-Kəsik məntəqəsində yol montyoru Aqil Fazil oğlu Bağırovu, eləcə də Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin Gəncə yüklərin və obyektlərin mühafizə komandasında atıcı vəzifəsində çalışmış Asif Yolçu oğlu Qocayevi həmkarları böyük ehtiramla xatırlayır, muzeyin ziyarətçiləri onlara aid guşədə ölməz ruhları qarşısında baş əyirlər.
Muzey işləyəndə ziyarətçi sarıdan korluq çəkmir. Çünki bura özəl ab-havası sonsuz maraq kəsb edən yerdir. Üstəlik də, “qocaman” sahənin haqqında hərtərəfli məlumat əldə etmək olur. Veteranlar, məktəblilər, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müdavimləri buraya daha böyük həvəslə gəlirlər. Muzeyin iclas zalında isə vaxtaşırı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müxtəlif yığıncaqları keçirilir.
Ə.DOSTƏLİ
XQ