(Dəmiryolçu atamın xatirəsinə)
Atamı yadıma salır qatarlar,
Dəmir yollarında azır gözlərim.
Vağzalı, perronu, yol qovşağını,
Körpünü, keçidi gəzir gözlərim.
Ümidim itəndə gəzirəm onu,
Dar gündə, çətində gəzirəm onu.
Atam qatar kimi şütüyüb keçib,
Parovoz fitində gəzirəm onu.
Atalı günlərim güləyən olub,
Atasız günlərim ağlayır indi.
Xəyal çəkə-çəkə gətirib məni,
Həsrət qatarına bağlayır indi.
Uca boyu vardı, iri əlləri,
Gözünün içindən gülərdi atam.
Məni çox sevərdi, az oxşayardı,
Hər şeyin həddini bilərdi atam.
Uzun qollarının göy damarları,
Dəmir yollarıdır – elə bilirdim.
Bizim ömrümüzün yük qatarları
Onun qollarıdı, elə bilirdim.
Oyuncaq parovoz görməsəm də mən,
Əsl parovoza mindirib atam.
Başının üstünə qaldırıb məni,
Qəlbinin üstünə endirib məni.
Atasız günlərim – acı həqiqət,
Atalı günlərim şirin bir yuxu.
Qarışıb parovoz tüstülərinə,
Göylərə çəkilib atamın ruhu...
Əli NƏCƏFXANLI