Milli Məclis Niderland parlamentinin qətnamələrini rədd edib və pisləyib

post-img

Azərbaycan Respublikasının Milli Məclisi 2024-cü il oktyabrın 10-da Niderland Krallığı Parlamenti Nümayəndələr Palatasının qəbul etdiyi iki qətnaməni Azərbaycanı əsassız olaraq hədəf alan və Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi aktlar kimi qətiyyətlə rədd edir və pisləyir.

Bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin həmin qətnamələrə münasibətində yer alıb.

Qeyd olunub ki, Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən, terrorizm, separatizm, qəsdən adamöldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin “erməni hərbi əsirləri” kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edilməsi qanunun aliliyi prinsipinə açıq hörmətsizlikdən başqa bir şey deyildir və terrorizmin kökünün kəsilməsi, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi səylərini sarsıdır.

Erməni mədəni irsinin, guya, talan edilməsi barədə saxta ittihamların irəli sürülməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasına və mənimsənilməsinə göz yumulması və bunların ört-basdır edilməsi kampaniyasının tərkib hissəsi və davamıdır. Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə səssiz qalan Niderland Parlamenti Nümayəndələr Palatasının Azərbaycana qarşı həyata keçirdiyi növbəti ədalətsiz siyasi aksiya dərin təəssüf doğurur.

“Azərbaycan Respublikasının Milli Məclisi Niderland Parlamentinin Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Cənubi Qafqaz bölgəsində sülh və sabitlik yaradılması səylərinə mane olan hərəkətlərə son qoymağa çağırır. Biz Niderland Krallığı da daxil olmaqla, bütün dövlətlərlə konstruktiv dialoqu və əməkdaşlığı dəstəkləyirik, lakin bu cür dialoq və əməkdaşlıq qarşılıqlı hörmətə və faktların vicdanlı etirafına əsaslanmalıdır”, – deyə Milli Məclisdən bildirilib.

XQ

Son xəbərlər