Şəhid kapitan ekranda ölməzlik qazandı

post-img

Nizami Kino Mərkəzində Vətən müharibəsi şəhidi kapitan Həmid Cəfərlinin döyüş yolundan bəhs edən sənədli filmin təqdimatı keçirildi. Yeni ekran əsərinin ilk tamaşaçıları dövlət qurumlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, tanınmış elm və sənət adamları, media təmsilçiləri idilər.

Filmdə şəhidin ailə həyatı, məktəb illəri və hərbi xidmət dövrü ilə bağlı kadrlar aparıcı yer tutur. Həmid Cəfərlinin valideynlərinin, döyüş yoldaşlarının, komandiri - Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanovun açıqlamaları onun bitkin ekran obrazına mənalı epizodlar əlavə edir. Filmdə igid kapitanın keçdiyi döyüş yolunu və qəhrəmanlığını əks etdirən videoxronikadan, fotolardan və səs yazılarından da istifadə olunub.

Bütün bunlardan məlum olur ki, Həmid Cəfərli hərbçi olmaq arzusu ilə 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2007-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2011-ci ildə həmin məktəbi “Qoşun kəşfiyyatı” ixtisası üzrə bitirən leytenant Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kəşfiyyatçı tağım komandiri kursunda ixtisaslaşma keçərək 2012-ci ildən N saylı hərbi hissənin kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsinə təyin olunub.

Orduda xidmət illərində gənc zabit döyüş və ictimai hazırlıqda, nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə Fəxri fərman, “Azərbaycan Ordusunun 95 illiyi” yubiley medalı ilə təltif olunub və baş leytenant hərbi rütbəsi alıb. O, yüksək hərbi bilik, bacarıq nümayiş etdirdiyinə görə kapitan rütbəsinə qədər yüksəlib.

Təqdimat mərasimində Həmid Cəfərlinin valideynlərindən və komandirindən müsahibələr aldıq.

Kərim Cəfərli, şəhidin atası:

– Bütün şəhid ataları kimi, övlad acısı yaşasam da, təsəllim odur ki, oğlum Qarabağın erməni quldurlarından təmizlənməsində iştirak edib və torpaq uğrunda şəhid olub. Hər gün övladımla ürəyimdə danışıram. Ona deyirəm ki, sənin övladların bizimlə birgə böyüyür, səninlə qürur duyurlar. Oğlun Cabbar məktəbdə əla qiymətlərlə oxuyur.

Mən tez-tez şəhid ata-anaları ilə birgə onlara həsr edilən görüşlərdə oluram. Bu tədbirlər bizim təsəllimizdirsə, gənclər üçün Vətənə xidmət örnəyidir. Biz qəhrəman oğullarımızla fəxr edirik.

Zenfurə Cəfərli, şəhidin anası:

– Oğlumdan əvvəl əmisi oğlu Orxan şəhid oldu. Az sonra Həmid zəng vurdu. Telefonda kövrək səslə dedi ki, ana, əmim oğlunun qisasını aldım: “Düşmən böyük itkilər verə-verə geri çəkilir. Bu gün Cəbrayılın Nüzgar kəndinə bayrağımızı sancdım. Bayraqlarımız bütün Qarabağda dalğalanacaq. Ana, mənə bir şey olsa, ağlama. Bu döyüşdür. Biz qalib gəlməliyik. Bütün Azərbaycan bizdən qələbə xəbəri gözləyir. Hər an hər şeyə hazır olun”.

Oktyabrın beşi idi. Səhərdən ürəyim çox narahat idi. Axşam oğlumun şəhid olmasının xəbərini aldım. Biz analar oğulları dünyaya gətirmişdik ki, Vətənə arxa olsunlar, yeri gələndə torpaqlarımızı yağı düşməndən xilas etsinlər. Onlar şəhid olsalar da, qəhrəmanlıqları ilə ölməzlik qazandılar.

Cabbar Cəfərli, şəhidin oğlu:

– Mənim 8 yaşım var. Oxuduğum məktəbdə müəllimlərim şəhidləri hörmətlə anır və onların döyüş yolu haqqında bizə danışırlar. O döyüşçülərdən biri də mənim atamdır. Mən qəhrəman atamla fəxr edirəm.

Nizami Mövlanov, polkovnik, Vətən Müharibəsi Qəhrəmanı:

– Həmid mənim zabitim olub. O, heç nədən qorxmayan, cəsur bir döyüşçü idi. Həmid həm də son dərəcə savadlı, hərbi bilik və təcrübəsi olan zabit idi. Mən ona baxanda gələcəyin böyük hərbçisini görürdüm. Həmidin yaşı az olsa da, müdrik idi. Əsgərlərini doğma qardaş kimi sevirdi. Döyüşlər zamanı onun göstərdiyi şücaət gerçək dastandır. Onun haqqında nə qədər yazılsa, neçə film çəkilsə azdır. Çünki belə oğullar bu Vətənə hər zaman gərəkdir. Vətən oğulları ilə qürrələnir. Həmidin yoxluğunun acısını yaşasam da, bilirəm ki, o, Azərbaycanına Vətən müharibəsində zəfər qazandıran igidlərdən biridir.


Kəmalə ABDİNOVA,
Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto)
XQ





Sosial həyat