Leyla və Arzu Əliyeva gənclər düşərgəsində

post-img

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələ rayonunda keçirilən “Gənclərin Yaşıl Təşəbbüsləri” ekoloji düşərgəsinin qonağı olublar.

“Gənclərin Yaşıl Təşəbbüsləri” ekoloji düşərgəsi IDEA İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən COP29 çərçivəsində təşkil edilib və oktyabrın 10-da və 11-də Qəbələ rayonunda keçirilib. Düşərgədə Qəbələ və ətraf rayonlardan olan, ümumilikdə 40 gənc iştirak edib. Məqsəd COP29 tədbiri öncəsində gənclərin ekoloji məsələlərlə bağlı fikirlərini, gözləntilərini və təkliflərini dinləmək, onların bu sahədə fəallığını artırmaqdır.

İki gün ərzində gənclər iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və ekoloji təmiz həyat tərzi kimi mühüm mövzularda müxtəlif təlim və vörkşoplarda iştirak edərək ekoloji problemlərə dair yeni yanaşmalar əldə ediblər.

Səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva düşərgənin proqramı ilə yaxından tanış olub, iştirakçıların yaşadıqları çadır şəhərciyini ziyarət edərək onların gündəlik fəaliyyəti və düşərgə həyatına dair təəssüratlarını öyrəniblər. Sonda Leyla Əliyeva və Arzu Əliyeva gənclərlə birgə xatirə şəkli çəkdirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Gənclər isə öz növbələrində düşərgənin təşkilində göstərdikləri dəstək və diqqət üçün Leyla Əliyevaya və Arzu Əliyevaya təşəkkür ediblər.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva oktyabrın 10-da Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı Rəfiqə Maxsudovanı evində ziyarət ediblər.

Leyla Əliyeva görüşdə gənc arıçı ailə ilə səmimi söhbət edib, fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib.

Öz növbəsində, layihə iştirakçısı Rəfiqə Maxsudova Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını bildirib, süzdüyü ilk balı xüsusi qablaşdırmada hədiyyə edib.

Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq öz ilk məhsullarını əldə etməyə başlayıblar.

Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən 20 gəncə peşəkar mütəxəssislərin iştirakı ilə bir aylıq təlim keçirilib. Sonra gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar.

Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər.







Sosial həyat