Əcnəbilər Vyetnamın çəltik terraslarını belə qiymətləndirirlər
Mütəxəssislər yazırlar ki, hər il dünyada təxminən 600 milyon tondan çox düyü istehsal olunur. Amma bu ərzaq məhsuluna tələbat daha böyükdür. Ona görə də istehsalı artırmaq üçün yeni yollar axtarılır. Məlum olduğu kimi, çəltik ən çox su tələb edən bitkidir. Bu bitki əkiləndən məhsulu tam yetişənə qədər kökləri suda olmalıdır. Ancaq planetimizin su ehtiyatları sürətlə azalır. İnsan övladı isə çətin vəziyyətlərdən çıxmağın asan yollarını tapa bilir. Həmin yollardan birini uca dağların yamacında çəltik əkməyi bacaran vyetnamlılar tapıblar.
Beynəlxalq kütləvi informasiya vasitələri yazırlar ki, ən çox düyü istehsal edən ölkələrin siyahısında Çin birinci, Hindistan ikinci, Banqladeş üçüncü, İndoneziya isə dördüncü yerdədir. Ancaq turist və əcnəbi qonaqlar həmin siyahıda beşinci yeri tutan Vyetnamın zəmiləri haqqında daha çox danışırlar. Çünki bu ölkənin düyü istehsalçıları çəltiyi dağ yamaclarında, möcüzəyəbənzər gözəlliklə yaradılmış terraslarda əkirlər.
İnternet materiallarından oxuyuruq ki, bu ölkənin Mu Kan Çay əyalətindəki füsunkar süni düyü terrasları paytaxt Hanoydan 300 kilometr məsafədə yerləşir. Bildirilir ki, həmin terrasların bəziləri yeni olsa da, xeylisinin iki min ildən çox yaşı var və bütün bu müddət ərzində onlarda düyü və çay yetişdirilib. Terraslar dağlıq ərazilərdə zümrüd lentlərinin havada uçması, havada kilometrlərlə əyilməsi təsəvvürü yaradır. Sahələr addım-addım kəsilir ki, yağış suları bütün əraziyə axsın və ərazini suvarsın.
Həmin əraziləri görənlər yazırlar ki, Mu Kan Çayın düyü sahələri ilin müxtəlif fəsillərində fərqli görünür. Mayın sonunda tarlalar yağışlı mövsümdən sonra parlaq yaşıl rəng alır. Bir müddət sonra (sentyabr-oktyabr aylarında) sahələr qızılı sarıya çevrilir. Düyü demək olar ki, yetişəndən sonra isə terrasların rəngi qəhvəyi olur.
Xatırladaq ki, Vyetnam çəltikçilərinin yaratdığı bu terraslar təkcə iqtisadçıların deyil, turizm strukturlarının da diqqətini çəkir. Elə ona görə də Mu Kan Çay düyü terrasları tez-tez planetin ən gözəl yerlərinin siyahılarında görünür. Amma, burada bir əmma var. Aqrar sahə mütəxəssisləri turistlərin buraya axınını istəmirlər. Onların istəyinə görə isə həmin terraslara yaxın ərazilərin heç birində nəqliyyat yolu yoxdur.
P.S.Şəxsən mən bu sətirləri hazırlamaq üçün rusiyalı həmkarlarımızın tərtib etdiyi materiallara, xüsusən, terrasların fotosuna baxanda həmin yerləri görməyi arzuladım. Hələlik isə Vyetnamdan gələn çay və düyülərə əlimiz çatır.
İttifaq MİRZƏBƏYLİ