Yeseninin Azərbaycan dostları

post-img

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 129-cu ildönümünə həsr olunan Sergey Yeseninin Azərbaycan dostları mövzusunda ədəbi-musiqili anım mərasimi keçirilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov “Həmişə Bakıda və Azərbaycanda” mövzusunda məruzəsində Sergey Yeseninin yalnız rus ədəbiyyatının təmsilçisi olmadığını, onun öz əsərləri ilə dünya ədəbiyyatında da silinməz izlər qoyduğunu bildirib. Şairin yaradıcılığının Bakı dövrü haqqında söz açan alim onun Mərdəkan qəsəbəsində yaşadığını və Bakıya olan sevgisinin silsilə şeirlərində əksini tapdığını vurğulayıb. O, Sergey Yeseninin tanınmış Azərbaycan şairləri, eləcə də görkəmli xanəndə Cabbar Qaryağdıoğlu ilə görüşlərindən də bəhs edib, şairin “Əlvida, Bakı” şeirini öz tərcüməsində səsləndirib.

Mərasimin davamında bildirilib ki, böyük rus şairinin xatirəsini əbədiləşdirmək məqsədilə 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Mərdəkanda, bir zamanlar şairin yaşadığı mənzildə Sergey Yeseninin ev-muzeyi yaradılıb. 2008-ci ildə həmin ev-muzey Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinə çevrilib. Xəzər Universitetinin prorektoru, professor İsaxan İsaxanlının, yazıçı-publisist Reyhan Mirzəzadənin, Pedaqoji Universitetin professoru Leyla Vəzirovanın, Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Natəvan Mustafayevanın Yesenin və Azərbaycan mövzusunda məruzələri dinlənilib.

Rusiyanın Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin şöbə müdiri Natalya Nenaşev xalqlarımızın zəngin ədəbi əlaqələr tarixinə nəzər salıblar, rus şairinin irsinə ölkəmizdə olan marağa və xatirəsinə göstərilən ehtirama görə minnətdarlıq ediblər.

Qabil YUSİFOĞLU
XQ

Sosial həyat