İndoneziya Baş prokurorunun müavini Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə tanış olub

post-img

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçirilən 29-cu İllik Konfransında və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlərin keçirilməsi davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, qeyd olunan tədbir çərçivəsində ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Baş prokurorunun müavini Asep Nana Mulyananın təşəbbüsü ilə xarici qonağın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 2-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə yerində tanış olub.

Nümayəndə heyətinə Baş İdarənin funksiya və fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib, o cümlədən qonaqlar ixtisaslaşdırılmış prokurorluq orqanının kriminalistik imkanları, “161 - Qaynar xətt” əlaqə mərkəzi, informasiya-kommunikasiya şəbəkəsi, əməliyyatların idarə edilməsi mərkəzi və digər xidməti sahələri ilə tanış ediliblər.

Baş İdarədə yaradılmış müasir və əlverişli iş şəraitindən məmnunluğunu ifadə edən Asep Nana Mulyana ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində formalaşmış təcrübəni və əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib.





Sosial həyat