“Qanun sülhün bərqərar olduğu cəmiyyətin banisidir”

post-img

Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimindən qeydlər

Son illər Azərbaycanı dünyanın diqqət mərkəzinə çəkən hadisələrdən biri də ölkənin nüfuzlu beynəlxalq təşkilatların keçirdiyi tədbirlərə çox böyük uğurla ev sahibliyi etməsidir. Sentyabrın 29-da da dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakı Konqres Mərkəzində 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirildi. 4 gün davam edəcək  tədbirin miqyasını nümayiş etdirən əsas göstəricilərdən biri tolantıda dünyanın 95 dövlətinin çox sayda Baş prokurorlarının, 10 beynəlxalq təşkilat da daxil olmaqla, 465-dən çox yüksək vəzifəli şəxsin iştirak etməsi idi.  

Konfrans işinə başlamazdan əvvəl respublikanın Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağın iştirakçılarına ünvanladığı təbrikini oxudu. Cənab İlham Əliyev təbrik məktubunda Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsinin vacib olduğunu qeyd etmişdir. Təbrik məktubunda həmçinin bildirilir ki, son onilliklərdə “Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş, ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur. Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, “transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur. Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir”. Sonda Azərbaycan Prezidenti əmin olduğunu bildirir  ki, Bakı konfransı “ortaq məqsədlərə töhfə verəcək və daha böyük əməkdaşlığa yol açacaqdır”.

Prezidentin təbrik məktubunun oxunuşundan sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna həsr olunmuş beynəlxalq konfransın rəsmi açılışını elan etdi və tədbirə ev sahibliyi edən Azərbaycan tərəfinin qonaqpərvərliyinə, Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə baş prokuror Kamran Əliyevə təşəkkür etdi, Assosasiyanın Prezidenti  həmçinin tədbirdə fəal iştirak etdiklərinə görə nümayəndələrə təşəkkürünü bildirib, uğurlar arzuladı.

Juan Bautista Mahiques sonra Assosiasiyanın gələcək strategiyası, hədəfləri barədə məlumat verərək, quruma üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırdı.

Konfransda məruzə ilə çıxış edən Azərbaycanın Baş prokuroru Kamran Əliyev vurğuladı ki, tədbirin Azərbaycanda keçirilməsi böyük hörmət və etimadın, eləcə də respublikanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Baş prokuror əmin olduğunu bildirdi ki, dostluq təməlləri əsasında keçirilən Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncaq regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcək, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacaq. 

Çıxışında Azərbaycan prokurorluğunun fəaliyyətinə toxunan  Kamran Əliyev bildirdi ki, ölkə prokurorluğunun müstəqil dövlətçiliyin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni - siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olub. “Azərbaycan prokurorluğunun hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə prinsipləri ilə fəaliyyət göstərməklə beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub”.

K.Əliyev həmçinin qeyd etdi ki, Assosasiyanın bu tədbiri  bizə prokurorların rolunu müzakirə etmək üçün şərait yaradır. “Bütün prokurorların missiyası öz işini ədalətli şəkildə icra etməkdir: “Qanun sülhün bərqərar olduğu cəmiyyətin banisi, demokratiyanın və insan ləyaqətinin qoruyucusudur. Ancaq bu, deyəsən Ermənistana əsla aid deyil”. Baş prokuror Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyi illərdən bunun tam əksinin baş verdiyini qeyd edərək bildirdi ki,  “qonşu ölkənin işğalçı hakimiyyəti 30 ilə yaxın xalqımıza  qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş, çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törətmişdir. Nəhayət, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüş, ağır işgəncələrə məruz qalmış və əksəriyyəti qətlə yetirilərək, cinayətlərinin izilərini itirmək üçün kütləvi məzarlıqlarda basdırılmışdır. İşğal dövründə Azərbaycana məxsus maddi-mədəniyyət nümunələri, dini ocaqlar, dağıdılmış, bütövlükdə 9 şəhər və yüzlərlə kənd və qəsəbə məhv edilmişdir. Bütün bu cinayətləri törətmiş təcavüzkar və işğalçı Ermənistan dövləti Azərbaycan xalqından üzr istəmək əvəzinə, xalqımıza qarşı əsassız ittihamlar irəli sürür. Buna baxmayaraq, Azərbaycan bu gün bölgədə sülh və sabitliyin yaradılması üçün səylərini davam etdirir”. 

Baş prokuror çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyəti barədə də məlumat verərək qeyd etdi ki,  tədbirin Azərbaycanda təşkil olunması böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

K.Əliyev COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclasın təşkil olunacağını da konfrans iştirakçılarının diqqətinə çatdırdı.  

Konfransın təşkilat komitəsində bildirildi ki, sonrakı günlərdə müxtəlif plenar və xüsusi maraq sessiyaları, işçi qrup və şəbəkə iclasları, habelə ikitərəfli və çoxtərəfli görüşlər təşkil olunacaq. Həmçinin müxtəlif ölkələri təmsil edən prokurorlar və hüquqşünaslar arasında peşəkar əlaqələrin qurulması üçün bir sıra sosial tədbirlər də nəzərdə tutulur.

Tədbirin ikinci günü, sentyabrın 30-da Bakı Konqres Mərkəzində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çox tərəfli görüşlər keçirilib. Konfrans çərçivəsində həmçinin "Müstəqil cinayət ədliyyə sisteminin üç əsas sütununu tarazlaşdırmaq üçün milli yanaşmalar - problemlər və cavablar" plenar sessiyası, “Prokurorun ittiham tərəfi ilə müdafiə tərəfi arasında bərabərliyin təmin edilməsində rolu”, “Cəza prosesində prokurorun rolu”seminarlarında səmərəli fikir mübadilələri və müzakirələr aparılıb.

Konfransa çərçivəsində növbəti gündə davam edəcək plenar və xüsusi maraq sessiyalarında cinayət təqibində rəqəmsal sübutlar və süni intellektin cinayət prosesində istifadəsi, cinayət mühakimə sistemində şəffaflığın artırılması və ictimai etimadın gücləndirilməsi, gender əsaslı zorakılıq cinayətlərinin istintaqı, iqtisadi cinayətkarlıq və əmlakın bərpası, müasir texnologiyaların beynəlxalq kontekstdə hüquq-mühafizə orqanlarına təsiri,  getdikcə qloballaşan dünyada ədalətin təmin edilməsi üçün atılacaq addımlar,  transmilli cinayətlərə qarşı mübarizədə ölkələr arasında əməkdaşlıq münasibətləri, beynəlxalq ədalət mühakiməsinin effektivliyini artırmaq üçün yeni təşəbbüslər və s. məsələlər ətrafında da müzakirələr aparılacaq.

Konfransın yekununda Beynəlxalq Prokurorlar Assosiasiyasının strategiyası və gələcək fəaliyyəti ilə bağlı mühüm əhəmiyyətli qərarlar qəbul ediləcək.

BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı oktyabrın 2-dək davam edəcək.

İlqar RÜSTƏMOV
XQ

 



Sosial həyat