İqlim dəyişikliyinin dünya iqtisadiyyatı üzərində təsirlərini azaltmaq, qlobal istiləşmənin qarşısını almaq üçün yaşıl iqtisadiyyat konsepsiyasına keçid qaçılmazdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.
Yaşıl iqtisadiyyata keçid dövrünün tələbləri ilə bağlı fikirlərini bölüşən nazir müavini keçid dövründə də əməkçilərin əmək və sosial hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüslərinin xüsusi rol oynadığını diqqətə çatdırıb.
O bildirib ki, 2018-ci ildən sonrakı dövrdə Azərbaycanda 4 milyon şəxsi əhatə edən, illik əlavə maliyyə vəsaiti 7 milyard manat (təqribən 4,1 milyard ABŞ dolları) olan 4 sosial islahat paketi həyata keçirilib.
A.Əliyev diqqətə çatdırıb ki, həmin dövrdə sosial ödənişlər 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, minimum pensiya 2,5 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, orta aylıq əməkhaqqı 84 faiz, median əməkhaqqı 2,2 dəfə, minimum əməkhaqqı 2,7 dəfə və əməkhaqqı fondu 2,8 dəfə artıb.